Cəmi bir klubla və ən yeni tarixlə

15 Avqust 2017 17:00 Avropa Liqası 606
Cəmi bir klubla və ən yeni tarixlə

Açığı, "Panatinaikos"la hər iki matçda "Qəbələ" nə bir oyun göstərdi, nə oyunçuların hazırlığı göründü, nə bir təpər müşahidə olundu, nə də bir istək göründü. Sadəcə, özünü oda-közə vuran və sonunda kül olan bir sönmüş ocaq başında nədənsə buna heç də təəssüflənməyən ()ən azı görüntü yaradılmalı idi) bir komanda göründü. Elə bu sorğu-sualsızlığın, bir az da saymazlığın göstəricisidir. Bu yolla komanda dəfələrlə çempion olsa belə, istədiyi zirvələrə yüksələ bilməz və bir gün haradasa yenə özünü yandıracaq. Buna görə də kursu dəyişməyin zamanı, məncə, çoxdan çatıb. Təbii ki, söhbət hansısa kadr dəyişikliyindən getmir. Elə bu heyətlə yolu dəyişmək mümkündür. Lakin məşqçi korpusu qarşısında qətiyyətli vəzifələr müəyyən olunmalıdır. Qiyməti əldə olunan nəticələr deyil, qarşıya qoyulan vəzifələrin icrası təyin etməlidir. Çünki "Qəbələ" nə tarixi keçmişi, nə də ənələləri olan bir klubdur. Hətta ötən illər ərzində onun özünün bir dəst-xətti cızılmayıb. Bütün bunlar sistemsiz yanaşmanın, sadəcə, axarı ilə gedilən yolun nəticəsidir.
Əlbəttə, diqqətli oxucularımız, bu məsələləri buna qədər də dəfələrlə qabartdığımızı, hətta komandanın uğurlar əldə etdiyi və təriflərlə göylərə qaldırıldığı dövrlərdə yazdığımızı sezməmiş deyil. Lakin indiki məqam dönüş anı olduğu üçün xüsusən vacibdir. "Qəbələ" də özündən əvvəlki qürub edən komandaların aqibətini yaşamamalıdır və bunu indidən diqqətə çatdırmaq borcumuzdur.
Əlbəttə, eyni sözləri haradasa "Qarabağ"a da aid etmək olar. Lakin bu komandanın öz tarixi var. Həmçinin artıq klub rəhbərliyi də komandanın bu imicinə xələl gətirməmək üçün konkret yol müəyyən edib. Doğrudur, böyük addım atır, amma yerində də saymır. Bəzən uğursuz transferlər olur, bununla belə illər boyunca sınanmış idaredici struktur qısa zamanda özünü toparlamaq üçün addımlar ata bilir. Üstəlik, daxili çempionatdakı rəqiblərin qeyri-sabitliyi ona yol açır. Əgər ölkədaxili rəqiblər bir az güclənməyə meyilli osa, "Qarabağ" da müvafiq addımlar atmağa məcbur olar.
Son dövrlər bu komanda ilə bağlı ən mənfi fikrimiz öz kadrlarını yetişdirməkdən vaz keçməsi, yaxud bu sahəyə diqqəti tam azaltması ilə bağlı idi. Hərçənd son vaxtlar, bu səmtdə də yeniləşməyə cəhdlər müşahidə olunur. Bu səbəbdən ümid edək ki, tezliklə komandada yeni qan, yeni futbolçu sorağı eşidiləcək. Çünki əldə etdikləri əcnəbilərlə bazar münasibətləri qura bilməyən komanda üçün bir gün durğunluq içində böhrana düşməməyin yeganə yolu budur.
Hələliksə, "Qarabağ"ı qarşıda tarixinin ən ciddi sınaqlarından biri gözləyir. Rəqib nəinki asanlardan deyil, hətta bu fürsəti dəyərləndlirmək üçün dəridən-qabıqdan çıxacaq bir komandadır. Hazırlıq prosesindən də belə görünür. Bununla belə oyun planında Azərbaycan çempionu taktiki baxımdan bir addım öndədir. Rəqib fiziki-funksional hazırlıq baxımından diqqət çəkir. Buna görə bəzi matçlarda Ağdam klubunun futbolçularının tonussuzluğunu bu dəfə müşahidə etsək, rəqib bağışlamayacaq. Ölçülüb-biçilmiş planlar rəqibə görə deyil, məhz öz oyun tərzi ilə rəqibi çaldığı mahnıya oynatmaq üzərində qurulmalıdır. Özü də birinci görüşdə böyük hesab olmasa, hər iki komandanın cavab matçında da fərqlənmək imkanı olacaq.
"Qarabağ" üçün bu qarşılaşmaladrda ən zəif məqam orta idarəetmə planıdır. Bu sahədə konkret oyunçu deyil, planlı təşkil edilmiş kombinasiyalı tərz işlənsə, şübhəyə yer qalmaz. Çünki istənilən halda danımarkalıların "Qarabağ"dan çox çəkindiyi və hər an sapından çıxa biləcəyi məlumdur. Bir sözlə, rəqibi keçmək üçün planlar çoxdur. Bu isə hətta bir oyun daxilində, qədim romalılar demiş, üslubu tez-tez çevirməklə ən asan qələbəyə də çatmaq olar. Amma "Qarabağ" hələ üslub çevirmək məsələsində bir qədər axsayır. Ona görə üslub məsələsi də 2-3 planlı olmaqla mükəmməl işlənməli və oyunçulara təlqin edilməlidir.
BATI YAR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti