“Qəbələ” dünən növbəti avrokubok oyununu keçirib. “Qırmızı-qaralar” III təsnifat mərhələsinin cavab matçında “Panatinaikos” klubu ilə görüşüb. Yunanıstan təmsilçisini evdə qəbul edən komandamız görüşə bir həftə əvvəl keçirilən oyundakı heyətlə başlayıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk start heyətində dəyişikliyə ehtiyac duymayıb.
Hakimin start fiti ilə irəli atılan “Qəbələ” fəallıq hesabına üstünlüyü ələ almağa çalışıb. Lakin “Panatinaikos” futbolçuları topa nəzarətin rəqibə keçməsinə imkan verməyib. Qarşılıqlı hücumlarla keçən görüşdə ilk təhlükəni qonaqlar yaradıb.
9-cu dəqiqədə cinahdan ötürmədən sonra uzaq dirəyin yanında nəzarətsiz qalan iki yunanıstanlı boş olan çərçivəni dəqiq nişan ala bilməyib. Bundan sonra afinalılar cüzi üstünlüyə yiyələnib. 5 dəqiqə sonra yaxın məsafədən zərbəni Dmitri Bezotosnı dəf edib.
Komandamızın ilk yaddaqalan epizodu İlqar Qurbanovun cərimə zərbəsi olub. Lakin yaxın küncə göndərilən topun qarşısını almaq qapıçı üçün çətinlik yaratmayıb. Hissənin ortalarında qapıçı meydanının küncündən baş zərbəsi vuran “Panatinaikos” futbolçusuna hesabı açmaq üçün dəqiqlik çatmayıb.
Əsasən sürətli əks-hücumlar qurmağa çalışan “qırmızı-qaralar” fasilə ərəfəsində fəallığı artırıb. Son saniyələrdə Filip Ozobiçlə divar paslaşmasından sonra qapını nişan alan Dion Malone qüvvətli zərbə endirib. Amma onun vurduğu top dirəyin yanından ötüb.
İkinci hissəyə daha fəal başlayan “Qəbələ” üstünlüyə yiyələnib. Ardıcıl hücumlar tezliklə bəhrəsini verib. 52-ci dəqiqədə çoxgedişli hücum Stiven Jozef-Monrozun sol cinahla cərimə meydanında irəliləyib qapı önünə ötürmə verməsi ilə nəticələnib. Rəqib futbolçu Rodriqo Moledoya çarpan top qapıdan keçib – 1:0. Qoldan sonra hücumlarını davam etdirən komandamız fərqi artırmağa yaxın olub.
5 dəqiqə sonra Stivenin uzaq zərbəsini qapıçı dəf edib. Ümumiyyətlə cinahdakı fəallığı hesabına fransalı rəqibi gərginlikdə saxlayıb. Lakin qonaqların baş məşqçisi əvəzetmələrlə oyunda dönüş yaratmağa müyəssər olub. Öncə cərimə meydanında nəzarətsiz qalan Robin Lod komanda yoldaşının ötürməsindən sonra qapını dəqiq nişan alıb – 1:1.
Qolun ardından üstünlüyə yiyələnən “Panatinaikos” hesabda önə keçməyi də bacarıb. Matça sonradan daxil olan Brayan Kabezas cərimə meydanında rahat hərəkətlər edib və qarşısıalınmaz zərbə endirib – 1:2. Cütün taleyini böyük ölçüdə həll edən afinalılar daha bir neçə dəfə real qol imkanı əldə edib. Bir neçə dəfə Bezotosnı komandamızı qoldan qurtara bilib.
Roman Qriqorçukun əvəzetmələrindən sonra “qırmızı-qaralar” da xeyli fəallaşıb. Lakin bu fəallıq müdafiədə boşluqların da yaranmasına səbəb olub. Filip Ozobiç və Famoussa Kone qapı istiqamətində yaddaqalan zərbələr vursa da, “Panatinaikos” buna daha kəsərli cavab verib.
Lakin qarşılıqlı hücumlarla davam edən matçın sonluğunda hesab dəyişməyib. Beləliklə, Afinada 0:1 hesabı ilə uduzan “Qəbələ” evdə də məğlubiyyətə üzülüb 1:2. Bununla da “qırmızı-qaralar” Avropa Liqasının 2017/18 mövsümündə çıxışını başa vurub.
Roman Qriqorçuk: “Bəzən elə oyunlar olub ki, hesabı açıb, sonradan qol buraxmışıq. Amma əksi – hesabı açıb, qalib gəldiyimiz görüşlər də olub. Bu dəfə də hesabı açdığımız matçda məğlubiyyətə uğradıq. İki qol buraxdıq, amma daha üçünü vura bilmədik. İstədiklərimizi gerçəkləşdirə bilməməyimizin səbəbi rəqibdir.
“Panatinaikos” çox yaxşı oynadı. Həm sürətli oyun, həm də fərdi keyfiyyətlərdə rəqibimiz güclü idi. Bunun da öhdəsindən gəlmək çətin idi. Belə olmasını istəməzdim. Futbolda bütün cəbhələrdə yüksək hədəflər üçün mübarizə aparmağın tərəfdarıyam. Avrokuboklardan kənar qalmağımızın çempionatda mübarizəyə necə təsir edəcəyini demək olmaz. Düşünmürəm ki, bu, əlavə üstünlükdü.
Mən kombinasiyalı, sürətli futbolun tərəfdarıyam. Bizə Viktor Mendi kimi hücumçu lazımdır. Onun vaxtında belə çatışmazlıq hiss edilmirdi. Ön xətdə elə oyunçu lazımdır ki, o qədər kombinasiyalı olmasa da, topu qəbul etmək, saxlamaq qabiliyyətli olsun. Rəqibin heyətində belə futbolçu Gilyerme Molins idi. Yoxsa ki, hücumçu topu itirən kimi yenidən müdafiə olunmağa başlamalısan.
Amma topu saxlayıb, komanda yoldaşlarının da önə çıxmasını gözləyən hücumçu daha faydalıdır. İndi isə 2 ildir belə futbolçumuz çatışmır. Heyətimizdə optimal sayda legioner var. Komanda tam komplektləşməlidir. Heyətimizdə artıq legionerin olduğunu düşünmürəm.
Kimsə düşünə bilər ki, nəyi isə tam etməmişik. Lakin belə deyil. Qeyri-adi heç nə baş verməyib. Rəqibin güclü olduğunu nəzərə alsaq, güclü komandaya uduzmağımızla gözlənilən yaşandı. Yenidən komanda qururuq. Təəssüf ki, uduzduq. “Panatinaikos”la görüş bizim üçün çempionata əla hazırlıq oldu”.
“Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) 1:2
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn (hər ikisi İngiltərə)
Dördüncü hakim: Kevin Friend (İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Qollar: Rodriqo Moledo, 52-öz qapısına // Robin Lod, 63, Brayan Kabezas, 66
Vərəqələr: Dion Malone, 20 // Robin Lod, 51
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
İlk oyun – 0:1
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
9. Baqali Dabo
(45. Famoussa Kone, 74)
12. Endi Hallidey
14. Cavid Hüseynov (k)
(11. Asif Məmmədov, 75)
15. Vitali Vernidub
16. Dion Malone
(6. Elvin Məmmədov, 80)
18. İlqar Qurbanov
19. Filip Ozobiç
21. Deyv Bultuis
28. Stiven Jozef-Monroz
Ehtiyat oyunçular:
23. Aqil Məmmədov
4. Elvin Camalov
5. Rasim Ramaldanov
34. Ürfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
“Panatinaikos”
99. Odisseas Vlaxodimos
7. Omri Altman
(18. Lusiano, 56)
8. Gilyerme Molins
(5. Nuno Reis, 80)
10. Zeka (k)
17. Robin Lod
21. Dmitris Korbelis
23. Niklas Hult
26. Dmitrios Kolovetsios
31. Rodriqo Moledo
39. Anastasios Çatziqiovanis
(11. Brayan Kabezas, 59)
78. Usman Kulibali
Ehtiyat oyunçular:
15. Luk Stil
6. Kristos Donis
41. Stefanos Evangelo
49. Sotiris Pispas
Baş məşqçi: Marinos Ozounidis

