"Panatinaikos"un kapitanı Zeka Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ" üzərində 1:0 hesablı qələbədən danışıb.
Sportinfo.az xəbər verir ki, oyundan sonra yerli mətbuata açıqlama verən yarımmüdafiəçi bəzi qol imkanlarını qaçırdıqlarına görə təəssüf hissləri keçirdiyini bildirib:
"Daha çox qol vurmalı idik. Oynadığımız futbola görə çox sevinirəm. Bu qələbə komandamıza inam verdi. Qələbə qazanmaq məni və komandanı xoşbəxt edir.
Amma hesabın 1:0 olması ürəkaçan deyil, daha yaxşısını edə bilərdik. Qaçırdığımız epizodları xatırlayanda sevincim yox olur. Buna görə də ümumi mənzərəyə nəzər salsaq, qətiyyən xoşbəxt deyiləm".
29 yaşlı Zeka avqustun 3-də keçiriləcək cavab matçı haqda da danışıb. Əslən portuqaliyalı olan, lakin Yunanıstan yığmasına çağırılan Zeka Bakıya qələbə dalınca gələcəklərini qeyd edib:
"Əlbəttə ki, Bakıya qələbə dalınca gedəcəyik. Başa düşürük ki, rəqib cavab matçında irəli atılmağa, qollar vurmağa can atacaq. Azərbaycandakı oyunda hesabı qorumaq üçün oynamayacağıq. Çünki yaxşı komanda olduğumuzu sübut etməliyik.
Bu gün biz daha güclü idik. Bakıya qələbə ilə yollanmaq vacib idi. Buna da nail olduq. Amma daha çox qol vurmağa layiq idik. Düzdü, 1:0 hesablı qələbə də yaxşı nəticədi. Əsas odu ki, ilk oyunda qalib gəldik. Sadəcə, hesab arasındakı fərq daha böyük olmalı idi.
Adətən, qol imkanlarını xərcləyəndə öz qapından top buraxırsan. Yaxşı ki, bu baş vermədi. Üstünlüyümüz var, amma səfərdə bunu qorumaq üçün oynasaq, problemlə üzləşə bilərik. Buna görə də, Bakıdakı görüşə də qələbə üçün çıxacağıq”.

