Azərbaycan klubu avrokuboklarda 5-ci dəfə iyulun 27-də meydana çıxacaq. Sportinfo.az xəbər verir ki, bu, ilk dəfə "Qəbələ"ylə olacaq. Roman Qriqorçukun komandası bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Afinada "Panatinaikos"un qonağı olacaq.
İyulun 27-də ilk dəfə 2004-cü ildə oynamışıq. Bu, Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" - MOİK matçı olub. Ruslarla Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmamız qolsuz bərabərliklə nəticələnib.
Bugünkü tarixdəki sonrakı 2 matçı 2006-cı ildə UEFA kubokunda ilk təsnifat mərhələsinin cavab qarşılaşmaları olub. "Qarabağ" o vaxtkı "Şəfa" (hazırkı "İnter Arena"da) stadionunda Moldovanın "Zimbru" klubuna əlavə vaxtda 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
"Karvan" isə həmin gün Slovakiyanın Trnava şəhərində tarix yazıb. Belə ki, yerli "Spartak"ı evdə olduğu kimi, səfərdə də 1:0 hesabı ilə məğlub edən Yevlax təmsilçsii UEFA kubokunda mərhələ adlayan ilk klubumuz kimi tarixə düşüb.
Nəhayət, 2010-cu ilin bu günündə "Qarabağ" Avropa Liqasının (əvəvlki UEFA kuboku) III təsnifat mərhələsində ilk oyununda Polşada Krakov "Visla"sına 1:0 hesabı ilə qalib gəlib. Bu, "Qəbələ"nin sabiq futbolçusu Vüqar Nadirovun 69-cu dəqiqədə vurduğu qolla reallaşıb.

