"Qəbələ"ni tanıyırıq. Güclü rəqibdi. Müasir futbolda zəif komanda yoxdu" - Sportinfo.az xəbər verir ki, bu fikirləri "Panatinaikos"un futbolçusu Niklas Hult Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ" ilə oyun öncəsi Yunanıstan mətbuatına deyib.
Onun fikrincə, təmsilçimizlə əhəmiyyətli oyunları var və buna hazırdırlar. 27 yaşlı isveçli yarımmüdafiəçi “Ostersun”un Avropa Liqasının əvvəlki mərhələsində “Qalatasaray” üzərindəki qələbəsini nümunə göstərərək, ehtiyatlı oynamalı olduqlarını söyləyib:
“Üçüncü təsnifat mərhələsinə qədər irəliləyən hər bir komanda təhlükəlidi. Burda arxayınlaşmağa yer yoxdu. İsveç klubunun “Qalatasaray”la oyunlarını yadınıza salın. Futbolda hər şey ola bilər. Kimsə deyə bilməz ki, bu komanda hansısa zəif klubu 10:0 hesabı ilə udacaq.
İsveç klubu "Ostersund" "Qalatasarayı" necə uddu? Bizim üçün nümunədi. Deməli, hər şeyi gözləmək lazımdır. Lakin biz artıq Azərbaycan klubunu lazımı səviyyədə tanıyırıq. 2015-ci ildəki kimi sürpriz komanda deyillər. Bu dəfə daha diqqətli oynayacağıq"
Legioner iki il əvvəl “Qəbələ”nin pley-off mərhələsində “Panatinaikos”u mübarizədənə kənarlaşdırması ilə bağlı bunları deyib: “İki il əvvəlki ilə indiki durumu müqayisə etmək olmaz. Hər şey keçmişdə qalıb. Biz nə baş verdiyiniz yaxşı bilirik. Ancaq bu barədə heç nə hiss etmirəm. İki heç-heçə ilə komanda mübarizəni dayandırmışdı. İndi qarşıdakı yeni matçı düşünürük. Rəqibin güclü olduğunu bilirik. Yəni artıq heç nə bizim üçün sürpriz olmayacaq”.
Hultun sözlərinə görə, ilk oyunu evdə keçirmələrinin xeyirlərinə olub-olmadığını demək çətindi: “Qəbələ” ilə iki dəfə qarşılacağıq və indi burdakı matça köklənməliyik. Doğma arenamızda bizə qarşı oynamaq onlar üçün çətin olacaq”.

