Roman Qriqorçuk: "Bir onu boynuma götürə bilərəm ki..."

26 İyul 2017 19:00 Avropa Liqası 906
Roman Qriqorçuk: "Bir onu boynuma götürə bilərəm ki..."

Sabah Avroliqanın III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ” Yunanıstanda “Panatinaikos”un qonağı olacaq. Sportinfo.az xatırladır ki, 2 il öncə Roman Qriqorçuk və drujinası bu komandayla analoji yarışın pley-off mərhələsində üz-üzə gəlmişdi.

Onda evdəki 0:0-dan sonra səfərdə əldə edilən məhsuldar heç-heçə (2:2) “qırmızı-qaralar”ı tarixində ilk dəfə qrup mərhələsinə daşımışdı. Bəs, indi vəziyyət necədi? Əgər həmin vaxt “Qəbələ” təcrübəsiz hesab edilirdisə, artıq komanda 2 dəfə qrup mərhələsində oynayıb.

Elə sport24.az-a verdiyi müsahibədə Topaz Premyer Liqasının gümüş mükafatçısının baş məşqçisi Roman Qriqorçuk da bu məsələyə xüsusi toxundu. Onu nə rəqib komandanın möhtəşəm azarkeş dəstəyi qorxutmur, nə də “Panatinaikos”un hazırkı vəziyyəti düşündürmür.

- Hazırlıqlarımız davam edir. İnanıram ki, gündən günə daha yaxşı oluruq. Bunu çox arzulayıram. Ancaq necə olacağını indidən söyləyə bilmərəm. Sabah meydanda siz də, biz də hər şeyi görəcəyik.

“Yagelloniya” ilə cavab qarşılaşmasında ilk görüşlə müqayisədə “Qəbələ”nin daha yaxşı olduğunu gördük...
- Bəli, bakıdakından daha yaxşı çıxış etdik. Ancaq bu da azdı. “Panatinaikos”la matçlarda Polşadakından da yaxşı olmalıyıq.

Hesab edirsiniz ki, yunanlar “Yagelloniya”dan daha çətin rəqibdi?
- Müqayisə aparmaq çətindi. Fərqli oyun üslubuna sahib komandalardı. Hərəsinin üstün tərəfi var. Ancaq bu üstünlüklər fərqli komponentlərdədi. Bir onu bilirəm ki, mərhələ adlamaq istəyiriksə, polşalılarla görüşdəkindən daha yaxşı olmalıyıq.

İki il öncə “Panatinaikos”la cavab matçı öncəsi keçirdiyiniz mətbuat konfransında verdiyim suala cavabınızı xatırlatmaq istəyirəm: “Biz səhərəcən oynamağa hazırıq, təki bu mərhələni adlayaq”. Bu dəfə mərhələni Yunanıstanda adlamaq nəzəri cəhətdən mümkün deyil. Ancaq Azərbaycana yaxşı əhval-ruhiyyədə qayıtmaq mümkündü. Mümkün heç-heçəni belə bir nəticə hesab edəcəksinizmi? Ümumiyyətlə, komandanız sabahkı matçda hesabı qorumağa oynayacaq, yoxsa qalib gələmək uğrunda döyüşəcək?
- Mənim futbol fəlsəfəmə bələdsiniz. “Qəbələ” üçün ev/səfər prinsipi yoxdu. Rəqib imkan verdikcə hücum etmək istəyirik. Bu başqa məsələ ki, rəqib buna imkan verməsin və bizi müdafiə olunmağa məcbur etsin. Ancaq əmin olun, sabah biz qələbə qazanmaq üçün meydanda hər şeyimizi qoyacağıq. Qarşılaşmanın Yunanıstanda keçirilməsi məqsədlərimizə zərrə qədər də təsir etmir.

Belə bir fikir formalaşıb ki, “Panatinaikos” iki il öncəkindən daha zəifdi. Bu fikirlə razısınız?
- Həmin oyundan çox müddət ötüb. Bu üzdən də müqayisə etmək çətindi və hətta deyərdim ki, yersizdi. Açığı, onların zəifləməsi və ya güclənməsi məni düşündürən ən son məqamdı. Əsas fikrim odu ki, komandam daha yaxşı olsun. Buna nail olsaq, bax, onda nəticə də gələcək.

“Panatinaikos” dəyişsə də, azarkeş ordusu həminkidi. Komandanız psixoloji cəhətdən bu cür təzyiqə hazırdı?
- Bu məsələ məni qətiyyən narahat etmir. “Qəbələ” bu cür atmosferdə çoxsaylı oyunlar keçirib. Elə “Yagelloniya”ya qarşı səfər qarşılaşmamız da bu qəbildən idi. Yox, belə matçlarda futbolçularımızın dizləri əsmir.

Baqali Dabonun ümumi qrupa qoşulduğunu bilirik. O, ilk dəqiqələrdən meydana çıxmağa hazırdı?
- Bunu indidən deyə bilmərəm. Artıq 3 gündü ki, komandayla birgə məşqlərdə iştirak edir. Ancaq start heyəti ilə son qərarımı sabah verəcəm.

Bəs ümumiyyətlə, necə, oyunun gedişatında döyüşə atıla bilər?
- Hə, bu suala daha dəqiq cavab verə bilərəm. Bəli, görürəm, hiss edirəm ki, üzərində səylə çalışır və oyunun gedişatında onun meydana çıxma ehtimalı kifayət qədər yüksəkdi.

“18-liy”ə düşməyən Araz Abdullayevi bu dəfə də eyni aqibət gözləyir?
- Heç bir söz deyə bilmərəm. Araz üçün də komandada yer alan futbolçular qədər şərait yaradılıb. Məşqlərdə iştirak edir. İştirak ərizəsinə ən yaxşı hazır olan futbolçular düşür. Arazın həmin heyətə düşüb-düşməyəcəyi ən çox özündən asılıdı. Layiq olsa, mütləq düşəcək.

Xeyli müddətdi Azərbaycandan kənardasınız. “Qəbələ” azarkeşlərinizə deyiləsi sözünüz yoxdu?
- Futbolda söz vermək ağır fəsadlara gətirib çıxara bilər. Bu üzdən də sabahkı oyunla bağlı konkret vəd vermək istəməzdim. Ancaq onu deyə bilərəm ki, biz uzun müddətdi birgə addımladığımız azarkeşlərimiz üçün oynayırıq. Onları sevindirmək ən böyük arzumuzdu. Avrokubokda oynayırıqsa, deməli, Azərbaycanın imici, reytinqi uğrunda mübarizə aparırıq. Sabahkı oyun da istisna təşkil etməyəcək. Bir onu boynuma götürə bilərəm ki, ən yaxşı nəticəylə qayıtmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti