“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos”un sağ cinah müdafiəçisi Usman Kulibali Yunanıstan mətbuatına danışıb. Sportinfo.az xəbər verir ki, Fransa doğumlu Mali millisinin futbolçusu müsahibəsində “Qəbələ” ilə matçlardakı şanslarını dəyərləndirib.
"Fikrimcə, Avropa Liqasına tam hazır olduğumuzu artıq göstərmişik. Əlbəttə ki, belə matçlarda bir səhvi sığortalamaq üçün vaxtın olmaya bilər. Biz “Qəbələ” ilə oyunların ciddiliyini dərk edirik. Ancaq komandamızın səviyyəsi növbəti mərhələyə adlamağa imkan verir. Mən çox nikbinəm və uğur qazanacağımıza inanıram.
28 yaşlı futbolçu heyətdəki dəyişikliklərdən də söz açıb: "Əlbəttə ki, Berq, Leto, Klonaridis kimi oyunçuların gedişi mütləq təsir edəcək. Ancaq yüksək səviyyəli oyunçuların çoxu qaldı. Həmçinin yeni gələn gənclər də komandaya kömək olacaq səviyyədədir. Yeni transferlər Altman, Lusiano və Kabesasın komandanı gücləndirəcəyinə şübhə yoxdu".
Kulibali 2 il əvvəl "Panatinaikos"un "Qəbələ" ilə matçları barədə verilən suala belə cavab verib: "Əlbəttə, həmin oyunlar barədə məlumatlıyam. Bu, “Panatinaikos”un çətin dövrləri idi. Bir çox böyük klublarda belə ağır dönəmlər olub. Ancaq futbolda birlikdə irəliləmək vacibdir. “Qəbələ”yə qarşı 2 il əvvəlki nəticənin budəfəki matçlara təsir edəcəyini düşünmürəm. Rəqibdən qorxmuruq. Növbəti mərhələyə adlamaq üçün lazım olan bütün hazırlığı görmüşük".
Qaradərili oyunçu Afina klubundakı maliyyə problemləri barədə isə bunları deyib: "Klubda nələrin baş verdiyini bilirik və burda qalmaq qərarına gəldik. Məşqçilər korpusu yaxşı iş görür. Paltardəyişmə otağında gözəl atmosfer yaranır. Heç bir kənar amil uğursuzluğa səbəb ola bilməz. Bəli, problemlər var, ancaq bunun bir təsiri olmayacaq. Meydana çıxıb, işimizi görəcəyik".

