“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” heyətini gücləndirmək niyyətindədi. Sportinfo.az-ın Yunanıstan mətbuatına istinadən məlumatına görə, afinalılar müdafiə və yarımmüdafiə xəttindəki problemi yoluna qoymağa çalışır.
Niklas Hult klubla müqavilə müddətini uzatmasına baxmayaraq, baş məşqçi Marinos Ozunidis rəhbərlikdən müdafiənin sol cinahına oyunçu alınmasını tələb edib. Bundan əlavə, çalışdırıcı yarımmüdafiə xətti üçün də 2 yeni transfer istəyib.
O, xüsusən də, cinahların gücləndirilməsini tapşırıb. Rəhbərlik “Qəbələ” ilə görüşə qədər 1 yeni transfer yetişdirməyə çalışır. “Panatinaikos”la “Qəbələ” arasında ilk oyun iyulun 27-də Afinada keçiriləcək (apasport.az).

