Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Panatinaikos” ilə qarşılaşacaq “Qəbələ” Afinada keçiriləcək ilk matçın hazırlığına başlayıb. Sportinfo.az xəbər verir ki, 2-ci təsnifat mərhələsində “Yagelloniya”ya səfərdə 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” məşqlərinə Varşavada start verib.
İyulun 21-də Belostokdan paytaxta yollanan komanda hazırlığını Varşavada gerçəkləşdirib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. “Qəbələ” bu gün baş tutacaq növbəti məşqini Varşavada gerçəkləşdirəcək.
Komanda sabah Yunanıstana yollanacaq. “Qırmızı-qaralar” iyulun 27-də baş tutacaq oyunun hazırlıqlarını Afinada davam etdirəcək. Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

