Qriqorçuk aldatdı, bilirsizmi?

21 İyul 2017 17:24 Avropa Liqası 1 166
Qriqorçuk aldatdı, bilirsizmi?

“Qəbələ"” evdəki 1:1-dən sonra Polşada əksər komponentlərdə "Yagelloniya"ya uduzdu. Amma bu, qalib gəlməyə mane olmadı. Ümumilikdə 6, çərçivəyə isə 4 dəfə zərbə vurdu. Bu 4 dəqiq zərbədən 2-si qolla nəticələndi. Start fitindən bir qədər sonra İlqar Qurbanov, final fitindən bir qədər əvvəl isə Filipp Ozobiç meydan sahiblərinin torunu silkələdi.

Sarı vərəqələrdə tarazlıq olsa da, künc zərbələrində rəqib aşkar üstündü. "Yagelloniya"nın əsas "silah"ı standart vəziyyətlər sayılır: hava mübarizələrində hökmranlığı ilə öyünən panlar "Qəbələ"yə ilk görüşdə qolu da məhz bu cür vəziyyətdən vurmuşdu. Onlar künc zərbələrini və cinah asmalarını penalti kimi yerinə yetirirlər,

“Yagelloniya” “Qəbələ”
0 Qollar 2
17 Zərbələr 6
7 Çərçivəyə 4
6 Çərçivəyə düşməyən 2
4 Dəf olunan 0
8 Künc zərbələri 1
0 Oyundan kənar vəziyyət 1
14 Qayda pozuntusu 9
1 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0

Açığı, "Qəbələ"nin "Yagelooniya"nı keçməsinə inanmaq çətindi. Axı bu, ötənilki, ondan əvvəlki "Qəbələ" deyildi, dəyişmişdi. Mayın 5-dən sonra əməlli rotasiyaya məruz qalan komandadan neçə nəfər gedən olmuşdusa, bir o qədər gələn var idi.

Və bunu yığıb-yığışdırmaq, nəticə qazanmaq ideyası ətrafında birləşdirmək heç kimə asan gəlməsin. Bəli, Qriqorçuk bu ağır günlərdə, hər tərəfdən zərbə yediyi bir arada yenə özündə o gücü tapdı, verdiyi ruh, əzm və iradə ilə "Qəbələ" inanılmazı başardı. O, həyati oyunların adamıdı. Mübaliğəsiz-zadsız.

"Yagelloniya" "Qəbələ"nin başdan-ayağa incələmiş, yenilənmiş heyətin onlara ciddi müqavimət göstərə biləcəyinə inanmamışdı. Bəlkə də Polşada olduğu qədər, Azərbaycanda da "Yagelloniya"nın qələbəsinə "stavka" edənlər, bunu istəyənlər, bu və ya digər amillər üzündən "Qəbələ"nin turnirlə erkən sağollaşmasını gözləyənlər çox idi.

Qriqorçuk bilirdi, əlbəttə! Ukraynalıya o da məlum idi ki, Allahı köməyə səsləyib, onun lütfü ilə uğur əldə etməsə, süngüylə qarşılanacaq, yerindən duran və durmayan ayağının altına tikan düzəcək.

"Qəbələ" polşalılardan üstün oynamadı. Bakıda sərgilənən futbolun baxımlılıq dozası cavab qarşılaşmasındakından qat-qat yüksək idi. İlk oyunun birinci yarısını yeni komandasını öyrənməyə ayıran Qriqorçuk həmkarını aldatdı, bilirsizmi?

İreniuş Mamrot təxmin etməzdi ki, "Qəbələ" qol üçün irəli atılmayacaq. Polşalılar bu mənada "tələ"yə düşdü və sarsıntı içində irəli atılarkən, qapısında daha bir qol gördü. Öldük-dirildik.

"Panatinaikos" 2 il sonra yenidən Bakının qonağı olacaq. "Qəbələ" həmin vaxt pley-offdan kənarlaşdırdığı yunan nəhənginindən indi də geri qalmır. Sadəcə, oyun praktikasının azlığı yeni legionerlərin Qriqorçukun ümumi nizamına oturmasına problem yaradır. Xətlərarası əlaqənin düzəlməsi, futbolçuların bir-birini gözüyumlu anlaması bu gün Qriqorçukun əlində deyil, zamanın sərəncamındadı.

Rabitə hələ yaxşı işləmir, bu da oyunçularda əsəbiliyi artırır. Konenin, Cavidin çılğın, hirsli davranışının kökündə keçid dövrünün yorucu mənfi təsiri yatır.

"Qəbələ" irəlidə yaxşı olacaq. Mətbuata, "Qəbələ" camiəsinə, ictimaiyyətə düşən indi bu komandaya dəstək vermək, təzyiq buxovlarını boşaltmaqdı. Mənə bu da maraqlıdı: görəsən, hava limanında onları neçə nəfər qarşılayacaq? Milətin tamamının bir neçə saat öncədən orda olması gərək ikən…

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti