Sportinfo.az xəbər verir ki,"Zirə"nin qanalı hücumçusu Riçard Qadze Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Astra"ya qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:3) sualları cavablandırıb.:
- Sona qədər mübarizə apardıq. Qalib gələ bilərdik. Amma sonda heç-heçə qeydə alındı. Fikrimcə, bu nəticə bizə çempionat üçün əlavə motivasiya verdi.
Meydanda az-çox xarakter nümayiş etdirən sən idin. Digər futbolçular da sənin kimi olsaydı, qalib gəlmək olardı?
- Biz bir komandayıq. Komanda daxilində fərqli keyfiyyətlərə sahib futbolçular var. Amma mən kimisə nə günahlandıra, nə də ittiham edə bilərəm. Qalib gələndə də, uduzanda da birgə olmalıyıq. Biz bir komandayıq!
“Zirə”də bu gün nə çatmadı?
- Fikrimcə, bəxt bizdən uzaq idi. Yaxşı mübarizə apardıq. Sadəcə, bunu nəticədə əks etdirə bilmədik.
Oyunun ilk dəqiqələrində qaçırdığın qol şansını yəqin ki, hələ bir müddət unutmayacaqsan...
- Top işlək olmayan sol ayağıma düşdü. Mən də məcbur qalıb həmin vəziyyətdə zərbə endirdim.
Həmin epizodda sol ayağını günahlandırmadın?
- Axı mən necə edə bilərəm. Bu, futboldu (gülür).
“Astra”nın vaxtı uzatması sizə necə təsir edirdi?
- Futboldu, təzyiq altında olan rəqibin başqa yolu yox idi. Belə şeylərə hörmətlə yanaşıram.
Hakimlərin qərarları qərəzli deyildi?
- Hakimlərin bəzi səhvləri oldu. Amma onları günahlandırmaq yersizdi. Çünki çoxlu qol epizodumuz olsa da, onlardan faydalana bilmədik.

