"Qələbə qazandımız üçün özümüzü xoşbəxt hiss edirik" - Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Endi Halliday deyib.
"Qırmızı-qaralar" Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Polşada "Yagelloniya" üzərində 2:0 hesablı qələbə qazanıb və iki oyunun nəticəsinə görə mərhələ adlayıb.
Matçdan sonra Belostok təmsilçisinin rəsmi saytına açıqlama verən şotlandiyalı matç haqda fikirlərini bildirib. O, layiqli qələbə qazanaraq növbəti mərhələyə adladıqlarını deyib: "İlk oyunumuz çox mürəkkəb idi, Bakıda baş tutan oyunda çox qol qeydə alına bilərdi.
Səfərdəki oyunda isə biz daha yaxşı oynamalı idik və düşünürəm ki, bunu etməyi bacardıq. Deyə bilərəm ki, qarşımıza qoyduğumuz hədəf də bizə qələbə qazanmaqda kömək etdi".
“Reyncers”dən icarəyə götürülən britaniyalı oyunboyu "Yagelloniya"nı təzyiq altında saxladıqlarını bildirib: "Qələbə qazanmaq üçün "Yagelloniya"nı daim təzyiq altında saxlamalı idik. Düşündüyümüzü meydanda edə bildik.
İlk qoldan sonra da sakitləşmədik və oyunun sonlarına yaxın ikinci qolu da rəqibin qapısından keçirdik. Bu nəticəyə görə çox məmnunuq. “Yagelloniya” yaxşı təşkilatlanmış və güclü rəqibdi. Bakıdakı ilk qarşılaşmada açıq futbol getdi. Hətta hesab 4:4 də ola bilərdi.
Bu gün isə daha yaxşı təşkilatlanmalı və daha sıx oynamalı idik. Birinci qol çox köməyimizə çatdı. İlk görüşdəki nəticədən sonra mütləq qol vurmalı idik. Rəqib qapısı qarşısında təzyiq yaratmağa və sakit oynamağa çalışdıq. Hücumda təhlükəli olmağı bacardıq. İkinci qol hər şeyə son qoydu”.

