Ayxan Abbasovun şükrü

21 İyul 2017 13:12 Avropa Liqası 620
Ayxan Abbasovun şükrü

2 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə - “Zirə” avrokuboklar dəftərini qapatdı. Rəqəmlər pis qoxumur, ilk üçün münasib göstəricidi. Qəsəbə klubu debüt mövsümünün 4-cü görüşündə mübarizəni dayandırası oldu.

Bundan yaxşı ola bilərdi. "Astra" həmin "Astra" deyildi, xeyli zəifləmişdi. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində at oynadan rumın klubunun yalnız ad qalmışdı. Büdcəsi 2,5-3 milyon avroyadək azalan "Astra"nın hazırkı heyəti 1 ay olar ki, bir yerdədi. Biri 5 gün əvvəl, biri 5 gün sonra gəlib düşərgəyə.

Normal hazırlıq keçməyə, kollektiv olaraq bütünləşməyə vaxt tapmayan bu "Astra" Azərbaycan çempionatında mübarizə aparsa, ən yaxşı halda bürünc medal qazanar. Söhbət dünənki "Astra"dan gedir, qarışdırmayın.

"Zirə" rəqibinin üzləşdiyi vəziyyəti düzgün qiymətləndirsəydi, səfərdə qorxaq futbolun ağuşuna atılmasaydı, məğlubiyyət pəncəsi onu bu qədər sıxmaz, karıxdırmazdı.

Ayxan Abbasov hakimləri günahlandırıb mətbuat konfransında. Gürcülərdən ibarət hakimlər briqadasının qərarlarından narazı qalıb, onlara baxıb özümüzkülərə şükür etmək fikrinə varıb. "Qarabağ"ın 6 qol vurub Çempionlar Liqasından çölə atdığı "Samtredia"nı Gürcüstan çempionu etmiş Giorgi Vadaçkoria və köməkçilərindən, o, doğrudanmı, düzgünlük umurdu?

Vadaçkorianı Əliyar Ağayevlə, bir başqasıyla müqayisə edəndə, əlbəttə, Ayxan Abbasov od püskürər. Aşıq gördüyünü çağırar. Daxili çempionatda hakim simpatiyasından məmnunluq duyan Abbasovlu "Zirə" bunun əziyyətini dünən bir kərə çəkdi. təmsilçisinə smspatiyasını evdə qoyub gəlmişdilər.

Qonşu ölkədən gəlmiş briqada "Astra"nın lehinə bəzi mübahisəli qərarla yadda qaldısa, "Zirə" nə ilə yadda qaldı bəs? Abbasov təcrübəsinin azlığını, qitə arenasıyla bu mərhələdə vidalaşmağın səbəbinin məhz bu olmasını dilə gətirsəydi, guya, Mərdəkanın ortasında dar ağacı qurulacaqdı ona? Nədi, odu.

Rəşad Sadıqov Rumıniyada hesabı bərabərləşdirəndə, Abbasovun texniki boyunca ora-bura qaçmasını xatırlayıram, bir də oyunsonrası mətbuat konfransında söylədiklərini.

Avroliqaya hazır olduqları, "Astra"nı keçməyə güclərinin çatması haqda fikirlərini isə yada salmaq istəmirəm.

Bir-birinə daban-dabana ziddi, ona görə. Mən hələ ondan soruşmuram ki, Aleksandr Şemonayevin Rumuniyadakı oyunda nə işi vardı? Ölkə çempionatında şans qazanmayan bir müdafiəçini belə məsul qarşılaşmada meydana buraxan baş məşqçi və bunun acısını komandasına çəkdirən Ayxan bəy nədən gileylənir?

"Zirə"nin avrokuboklarda ilk dəfə iştirak etməsini nəzərə alıb, baş məşqçinin üzərinə çox getməyin əleyhinəyəm. Danışmaqdansa, üstünlüyü öyrənməyə, işləməyə versin. Abbasova bircə məsləhətim budu.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti