“İnter” avrokuboklarda 40-cı qolunu Lüksemburqda, dağlar qoynunda, yaşıllıqların içində vurdu. Yubiley qolunun müəllifi Pərdis Fərcad-Azad oldu. Əslən iranlı hücumçu Azərbaycan klublarının heyətində avrokubokda qol sevinci yaşayan 125-ci oyunçudu. Amma çi fayda?!
"Fola" doğma məkanda "İnter"i "eşdi". Səlahət Ağayevin ilk 2 qoldakı kobud səhvləri "Fola"nın çörəyinin arasına yağ-pendir sürdü. Avqustun 1-də müqavilə ilə məxsus olduğu "Neftçi"yə vaxtında dönmək niyyəti ilə etməyəydi kaş bunu…
Hamımız "İnter" müdafiə futbolu oynayan və bundn dolayı nəticə qazanmağı bacaran komanda kimi tanımışıq. Mirhüseyn Seyidovun Bakıda vurduğu son dəqiqə qolu bizlərdə güman yaratmışdı ki, Zaur Svanadze öhdəsindən yaxşı gəldiyi işi görəcək, "Fola"nın önünə ətdən ikiqat çəpər çəkəcək, lazım olsa, sıx avtoban yaradacaq.
Yanılmışıq, dostlar!
İlk hissənin ortasında, 11 dəqiqə arayla iki qol vuran lüksemburqlular Premyer Lqamızın 7 klubunun gözünü açdı: demə, "İnter"in arxa xətti betondan deyil, elə-belə, palçıqla qarışdırılıb.
Avropa Liqasının öncəki 3 matçında qapısının toxunulmazlığını təmin edən "İnter", əslində, Bakıda da məğlubiyyətə layiq idi. Allahın kəramətinə bax, hansısa səbəbdən Zaur Axundovu dost-aşnası arasında xar etmək istəmədi, bunu Lüksemburqa, məmləkətdən çox uzaq, balaca diyara saxladı. Yəqin ki, çox adam görüb-eləməsin deyə. Zatən görən az oldu. Oyunu telekanallarımızın biri də efirə daşımadı.
Bu darmadağına görə Axundovun məşqçisi korpusuna müəyyən iradları olacaq. Demək haqqıdı. Eyni zamanda futbolçulara. Səfər öncəsi 2 aylıq maaş borcunu ödəyən patronun xasiyyətinə bələdik. Boş oturmayacaq, asıb-kəsəcək, əsib-coşacaq, birilərini cəzalandıracaq. Bu, onun böyük futbolda ilk məğlubiyyəti idi axı. Futzalın içindən çıxıb gəlmiş bir iddialı şəxsin belə ağır yenilgini həzmə alması heç inandırıcı gəlmir bəndənizə,
Svanadzeni istefaya göndərmək? Səhv qərar olardı. Gürcü heç nə olmamış kimi yoluna davam etməli, rəhbərlikdən dəstək görməlidi. İki ildi transfer yasağına məruz qalmış, qışda və yayda heyəti bir qədər də zəifləmiş, dönəm-dönəm müxtəlif iç problemlərin girdabında sürünən, xüsusən, sərtləşən maliyyə sıxıntıları ilə əliyalın mübarizə aparan bu baş məşqçidi, bu futbolçulardı.
Axundov indi ona və ona inananlara qapını göstərməməlidi. Düzdü, "Fola" kimi "cırtdan" ölkənin komandasından bu cür məğlubiyyət almaq üzücüdü, istər-istəməz adama yer edir, ötən qələbələri unutdurur, qızmar günəş şüalarından betər yandırır, ancaq neyləmək olar..? torpağın üzü soyuqdu, dözmək, irəliyə baxmaq lazımdı.
MUSA

