"Zirə"nin yay fasiləsində heyətinə qatdığı Rəşad Sadiqov avrokuboklarda da böyük təcrübəsi olan futbolçudu. Sportinfo.az xatırladır ki, Azərbaycan ilk dəfə 2012-ci ildə "Neftçi" ilə Avroap Liqasının qrupuna düşdüyü zaman komandanın kapitanı məhz Sadiqov idi.
34 yaşlı yarımmüdafiəçi "Zirə"nin avrokuboklarda debütündə də mərhələ adlmaqla karyerasında növbəti uğura imza atdı. "Astra" ilə bugünkü cavab oyunu öncəsi məhz Rəşadın səfərdə qolu bizi çox ümidləndirir. Bəs görəsən, təcrübəli futbolçu özü bu haqda nə düşünür? Sadiqov sport24.az-a müsahibəsində bu və digər məqamlardan danışdı.
"Astra" ilə səfər oyununda hesabı bərabərləşdiyin zaman komanda çox ümidləndi, özün də qolu çox emosional qeyd etdin. Səncə, həmin qəhrəmanlığı Bakıda təkrar edə biləcəksən?
- Açığı, təkrarlamağım vacib deyil. Əsas odur ki, komandamız təkrarlasın, 2:0 hesabı ilə qalib gələk, mərhələni adlayan tərəf biz olaq. Doğrudan da mən həmişə futbol oynayanda fərq qoymamışam ki, qolu mən vurdum və ya başqası.Vacib olan komandanın nəticəsinin yaxşı olmasıdı. Kim xeyir verə bilirsə, o da oynasın, kömək eləsin. İnşallah, mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik.
Uzun illər avrokuboklarda iştirak edən futbolçu kimi necə düşünürsən, səfərdə 1:3 hesabı nə dərəcədə məqbuldu?
- Təbii ki, bu, 1:2 hesablı məğlubiyyət deyil. Ancaq buna baxmayaraq, şans qalır. Futboldu, hər şey ola bilər. Qol vuranda tam başqa atmosferdə olursan. Oyun tam başqa məcrada gedə bilər, rəqibi sıxa bilərik. Azarkeşlərimizin dəstəyi ilə futbolçular da meydanda nəsə edib 2-ci qolu vurmaq olar. Bunu hər ani səhvdən edə bilərik. 1:3 hesabı elə də faciəvi hesab deyil. Çempionlar Liqasında da az görməmişik ki, evdə 3:0 hesabı ilə qələbə qazanan komanda səfərdə 0:4 hesabı ilə uduzur. Mənə elə gəlir ki, hələ şansımız var.
"Differdanj"la Bakıdakı oyunda hesabda 1:0 irəlidə olsaq da, komanda inamlı görünmürdü. Oyuna daxil oldun, komanda sakitləşdi, sanki top artıq futbolçuların ayağına oturdu. Səfərdə də qol vurdun. Kifayət qədər Avropa təcrübəsi görmüsən və Astra"nı artıq "dişinə vurmusan". Mərhələ keçmək real görünür?
- Açığı, görünür. Ordakı matça da baxsaq, qapımıza hər 3 qol standart vəziyyətdən vuruldu. Rəqib başqa nəsə qeyri-adi bir şey göstərib qollar vurmadı. Rumınları qapımıza yaxın buraxmırdıq. Sadəcə, künc, cərimə zərbəsi olanda qapımıza gəlirdilər. Başqa qol imkanları olmudu, buna imkan vermirdik. Məncə, tam ciddi oynasaq, mərhələ keçməyimiz real görünür. İnşallah, qələbə qazanacağıq.
Əldə etdiyimiz məlumata görə, start heyətdə meydana çıxacaqsan. Sənə necə rahatdı, ilk dəqiqədən meydanda olmaq, yoxsa sonradan daxil olmaq?
- Açığı, fərqi yoxdu. Neçə idlir oynayıram, əsas heyətdə meydana çıxanda da əlimdən gələni əsgirməməmişəm, sonradan meydana çıxanda da yaxşı oynamağa çalışmışam. Fərq qoymuram, çünki baş məşqçi səni meydana buraxırsa, həmin vaxt faydalı olmalısan. Bütün futbolçularımıza, gənclərə də demişəm ki, baş məşqçi səni nə vaxt buraxır-buraxsın, küsmək lazım deyil. Sadəcə, hərə öz vaxtını gözləməlidi. Bundan öncə oynadığım "Qəbələ"də az olmayıb ki, 89-cu dəqiqədə meydançaya çıxmışam. Ancaq heç vaxt beynimə salmamışam ki, bu yaşda məni 1 dəqiqə qalmış buraxdılar. Fəriq yoxdu, baş məşqçi nə vaxt imkan yaradarsa, futbolçu o vaxt da kömək etməlidi.
Avrokuboklarda 8 qol vurmusan..
- Əslində, 9-du.
Bilirik. 2012-ci ildə "Neftçi" Avropa Liqasının qrupuda düşəndə APOEL-lə Kiprdəki pley-off matçında qol sənin yox, komanda yoldaşın Cavid İmamverdiyevin adına yazıldı. O vaxt UEFA-ya da müraciət etmişdin, ancaq dəyişilmədi. Bir qolunun azaldığına görə heyfsilənmirsən?
- Müraciət etmədik, sadəcə, bəzi adamlara dedik. Dedilər ki, əşi deyərik, nə olar, belə-elə. O qolu elə də saxladılar. Epizoda baxanda görmək olar ki, qapı xəttinə 1 metr qalmış mən özüm topla qapıya girdim. Ancaq adıma yazmadılar, eybi yoxdur, qismətdi.
İstənilən halda, azərbaycanl futbolçular arasında avrokuboklarda bombardirimizsən. Ancaq Azərbaycan klublarında ən sərrast oyunçu "Qarabağ"ın heyətində braziliyalı sabiq legioner Reynaldo Silvadı...
- Reynaldonu saymıram, o azərbaycanlı deyil. İnşallah, görək mənə də ona çatmaq nəsib olarmı. Qismət olarsa, eləyərik.

