Transfer qadağası ilə meydana çıxan "İnter"in birinci mərhələdəki optimallıqdan sonra ikinci mərhələyə ürkək başlaması azacıq gözlənilməz idi. Hətta oyunun gedişində komanda daha çox sığortalı davranmağa meyilli oldu. Amma hər şey ona görə yaxşı qurtardı ki, son anlarda lazım olan qol vuruldu.
“Fola” bu qarşılaşmanı özləri üçün tarixi oyun hesab edir. Belə ki, “İnter” üzərində qələbənin onlar üçün unikal göstərici olacağını düşünürlər. Çünki bununla 111 illik “Fola” tarixində ilk dəfə avrokubokda III mərhələ üzü görəcək.
Bu üzdən azarkeşlərini oyunu izləməyə dəvət edən “Fola” rəsmi saytı vasitəsilə biletlərin qiymətini də açıqlayıb. “Emile Mayriş” stadionunda keçiriləcək görüşü izləmək istəyən fanatlar 20 avrolarından keçməli olacaqlar. Ancaq tələbə vəsiqəsi olan gənclər üçün güzəşt ediləcək. Belə ki, onlar arxa tribuna üçün 10, ön tribuna üçün isə 5 avroya bilet ala bilərlər.
“İnter”lə “Fola” arasında “Dalğa Arena”da keçirilən ilk görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanıb. Artıq rəqibi sınamış "İnter"ə səfər matçına lazım olan planı qurmaq çətin olmamalıdı. Eşlilər nə qədər özünü göstərməyə çalışsa da, rəqibin verdiyi imkanlardan uzağa gedə bilmir.
Bunu unutmamaqla, həm də tam müdafiəyə qapılmamaqla "beynəlmiləçilər" birinci mərhələdə rəqibinə Bakıda diktə etdiyini indi səfərdə təkrarlaya bilər. Komanda mərhələ aşmağa nəinki layiq və hazırlıqlı, həm də buna məcburdu. Xüsusən indiki yeniləşmə və mürəkkəb keçid dövründə əhəmiyyət kəsb edən məsələdir.
Hətta bundan sonrakı mərhələ "İnter"ə sürpriz rəqib bəxş edə bilər. Elə "Zirə" də 3-cü raund üçün arzulana biləcək rəqiblərdən biri ilə üzləşəcək.
Hər iki kollektiv özünü toparlayıb bu mərhələyə qədər əldə etdiklərini böyük uğur saymasa ("Zirə" hələ gərgin rəqabətdə böyük zəfər əldə edib "Astra"nı keçməlidir) iştahı diş altında saxlayan daha bir rəqabətlə tarixi yüksəliş şansı əldə edə bilər. Hərdən belə bir uğur seriyası tale, qədər məsələsinə çverilir. Demək fürsəti qaçırmamağa çalışmaq lazımdı.
SPORTİNFO.AZ
"İnter" (Azərbaycan) - "Fola Eş" (Lüksemburq) 1:0 (0:0)
13 iyul. Bakı. “Dalğa Arena”.
Hakimlər: Eytan Şmuelevits - Nissan Davidi, Sagi Mazamber - Daniel Bar Natan (İsrail).
Qollar: M.Seyidov, 89.
Sarı vərəqələr: F.Bayramov, 64, N.Hacıyev, 84, Rauf Əliyev, 90+5//Peter Xrappan, 7, Mehdi Kirx, 54, Samir Hacı, 90+5
"İnter": Səlahət Ağayev, Denis Silva, Slavik Alxasov, İlkin Qırtımov (Samir Zərgərov, 87), Nizami Hacıyev (kap.), Tərlan Quliyev, Fuad Bayramov, Adrian Skarlatake, Pərdis Fərcad-Azad (Mirsahib Abbasov, 79), Elnur Abdullayev (Mirhüseyn Seyidov, 84), Rauf Əliyev. Baş məşqçi: Zaur Svanadze.
"Fola Eş": Tomas Him, Veldin Mühərrəmoviç, Yakob Dallevedove, Samir Hacı, Mixel Bextold (Xristof Martin-Suares, 90+2), Enis Saiti (Stefano Bensi , 71), Tom Laterza, Mehdi Kirx, Rayan Klapp (Ken Korral, 52), Jülyen Kleyn (kap.), Peter Xrappan. Baş məşqçi: Ceff Ştrasser.

