"Qəbələ" bu gecə Polşada tarixi sınaq və keçid qapısında

20 İyul 2017 15:48 Avropa Liqası 553
"Qəbələ" bu gecə Polşada tarixi sınaq və keçid qapısında

Son iki ildə ölkəmizin futbol imici üçün böyük işlər görməyə çalışan "Qəbələ"… Kollektiv yarışa ikinci mərhələdən başlayaraq böyük vaxt qazancı əldə etdikdən sonra bir boy artmalı idi.

Dolayısı da olsa, buna qədər də qeyd etdiyimiz bu məqam buraxıldı. Hazırlıq prosesini məhz yeniləşmiş şərtlərə uyğun qura bilmədi.

"Qəbələ" Azərbaycan klublarının ənənəvi birinci mərhələ üçün hazırlıq konsepsiyasından kənara çıxmadı. Halbuki bugünkü transferləri ilə istənilən halda daha zəngin və fərqli yol keçə bilərdi. Əlbəttə, bu, təkcə sparrinq rəqiblərlə bağlı olan məsələ deyil, irad mövzusu kompleks yanaşma qərarlarıdı.

Etiraf edək ki, "Yagelloniya" meydanda daha hazırlıqlı görünürdü. Səviyyə baxımından bir-birinə yaxın olsalar belə, məhz hazırlığın optimallığı polşalıların sürətli və anlaşıqlı oyunun ritmində əksini tapırdı. Məhz sürət qonaqların qapımız ağzında yaratdığı vəziyyətlərin açarına çevrilmişdi.

Maraqlıdı ki, bu halda onların quruculuqdakı dəqiqliyə riayət etməsi kollektivlə bağlı təəssüratları bir az da möhkəmlətdi. Fəqət, məncə, bu mənzərənin əsas səbəbkarı elə "Qəbələ" özü idi. Komanda ləng oyunu ilə əsasən, oyunun ipini əldə saxlamağa çalışdı, hələ formalaşma dövrünü tamamlamadığı üçün tam hazır olmadığını göstərirdi.

Bəzən oyunun bir istiqamətə və bir mahiyyətə yüklənməsi, bəzən ortada mürəkkəb kombinasiyalılığa göstərilən cəhdlər bunun aşkar göstəricisi idi. Hərçənd yaradılan təhlükələrə diqqət edək: cüzi sürəti artıranda qonaqlar kələfin ucunu itirməyə başlayırdılar. Orta-yaxın məsafədən zərbələr onların pərakəndə düşməsinə şərait yaradırdı.

Ən əsası, "Qəbələ" bu matçda hələ nəinki xətlər arasında, bəzən mövqe ardıcıllığı baxımından fərdi anlaşıqlı oyuna tam nail olmadığını göstərdi. Bu məqamda bəzi kombinasiya elementlərinin çiyliyi hiss olundu. Sanki futbolçular nəyi və harda nə edəcəklərin, nə qərar verəcəklərini, hətta bir-birini necə anlayacaqlarını bilmirdilər. Doğru qərarlar üçün məhz oyunçuların bir-birini hiss etməsi, heç olmasa, yerində mövqe bölgüsünə nail olmaq lazımdı.

Hər halda "Qəbələ" səfər matçında rəqibindən bir addım öndə sayıla bilər. Çünki "Yagelloniya" Bakıda əldə etdiyi və aşkar hiss olunduğu kimi, gözləmədiyi heç-heçədən sonra taktiki seçim üçün mürəkkəb qərarlar verməli olacaq.

"Qəbələ"nin seçimi isə tam aydındı: əgər lap əvvəldə nəzarəti əldən vermədən özünü iddialı göstərib, məhz hər hücumda rəqib qapısını hədəfə alan oyunla başlasa, sonrasında cüzi tatktiki gedişlərlə rəqibi yolundan azdıracaq. Bakıdakı matçın ikinci hissəsi göstərdi ki, "Yagelloniya"nın müdafiəsində boşluqlar var. Ancaq onu fərdi qaydada deyil, fəal kombinativ üslubda aşmaq olar. Orta zonadan bombardmanı da unutmamaq gərəkdi. Bir sözlə, "Qəbələ"nin taleyi hələ ki, öz əlindədi.

"Qəbələ" üçün inanaq ki, çox şey məhz Polşa səddində dəyişəcək. Bu rəqibi keçərsə, yeni vüsət və özünə inamla, psixoloji üstünlüklə sonrakı istənilən rəqibə, hətta yunan təmsilçisinə qalib gələ biləcəyi istisna deyil. Elə buna səbəbdən indiki rəqibi "Qəbələ" üçün tarixi sınaq və keçid qapısı adlandırmaq olar.

BATI YAR

"Qəbələ" (Azərbaycan) - "Yagelloniya" (Byalıstok, Polşa) 1:1 (1:1)
13 iyul. Bakı. "8-ci km" stadionu
Hakimlər: Marko Frits - Holger Henşel, Marsel Pelqrim - Qvido Vinkmann (Almaniya).
Qollar: Cosef-Monrouz, 47//Romançuk, 15.
Sarı vərəqələr: E.Hallidey, 17, E.Məmmədov 27, C.Hüseynov, 56, V.Stankoviç, 88//Qoralski, 18, Burliqa, 44.

"Qəbələ": Dmıtro Bezotosnı, Voyislav Stankoviç, Ürfan Abbasov, Elvin Məmmədov (Famusa Kone , 46), Endryu Hallidey, Cavid Hüseynov (kap.), Vitali Vernıdub, İlqar Qurbanov (Deyvi Bulthays, 84), Filip Ozobiç, Xuan Ernandes (Asif Məmmədov, 68), Stiven Cosef-Monrouz. Baş məşqçi: Roman Qrıqorçuk.
"Yagelloniya": Marian Kelemen, Yaçek Qoralski (Damian Şımanski,53), Taras Romançuk (kap.), Lukaş Burliqa, Arvidas Novikovas (Lukaş Sekulski, 85), Fyodor Çernıx, Gilyerme Sitya, Przemıslav Mıstkovski (Martin Pospişil, 58), Qutyeri Tomelin, İvan Runye, Çillian Şeridan. Baş məşqçi: İreneuş Mamrot.

Digər Xəbərlər
Xəbər Lenti