İsveçin “Ostersun” klubu ciddi itkiylə üzləşib. Sportinfo.az xəbər verir ki, klubun qapıçısı Andreas Andersson sıradan çıxıb.
O, ölkə çempionatının “Dyurqarden”i 2:1 hesabıyla məğlub etdikləri görüşdə zədələnib. Oyundan sonra qolkiperin ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Komandada Anderssondan başqa, yalnız bir qapıçı - Ali Keyta var. Buna görə, “Ostersun” “Qalatasaray”la Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa yalnız bir qapıçıyla yollanıb. Prezident Daniel Kindberq yerli mətbuata açıqlamasında yeni qapıçı transferiylə bağlı çalışdıqlarını bildirib.
“Ostersun” Avropa Liqasında mübarizə aparan təmsilçimiz “İnter”in potensial rəqibidi. Belə ki, Bakı klubu 2-ci təsnifat mərhələsində evdə 1:0 hesabıyla məğlub etdiyi “Fola”nı keçəcəyi halda, növbəti mərhələdə “Ostersun” - “Qalatasaray” görüşünün qalibiylə qarşılaşacaq. Bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyun meydan sahiblərinin qələbəsiylə (2:0) nəticələnib.

