“Gedək, Azərbaycanı udaq” dövrü bitdi

18 İyul 2017 11:36 Avropa Liqası 1 153
“Gedək, Azərbaycanı udaq” dövrü bitdi

Azərbaycan klublarının Avroliqanın və Çempionlar Liqasının ötən həftə keçirdikləri görüşlər ölkə futbolu haqda pessimist düşüncələrə son qoydu. Daha bəzi ölkə klublarının “gedək Azərbaycanı udaq qayıdaq” kimi arxayınçılığı yoxdu.

Əksinə, hələ ölkəmizə gəlməzdən öncə narahat olurlar, “necə və nə edək” sualları üzərində daha çox baş sındırmalı olurlar. Təsadüfi deyil ki, keçən həftə Azərbaycanın UEFA klub reytinqindəki mövqeyi daha da yaxşılaşıb.

Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız 16,250-yə yüksəlib. Bununla da ölkəmiz Bolqarıstan və Belarusu xal ehtiyatında da geridə qoyaraq 21-ci pillədəki yerini möhkəmləndirib. Azərbaycandan 1 pillə irəlidə - 20-ci yerdə olan İsrailin isə 17.375 xalı var. Cari mövsümdə klublarmız meydana çıxdığı 6 görüşün hamısında qalib gələrək maksimum - 1.500 xal toplayıb.

***
Avropa təmsilçiliyi olan klublarımızın hamısı yaxşı oynadı. Əvvəl Avroliqada “İnter” Lüksemburq təmsilçisi “Fola”nı sınağa çəkdi. Bakı klubu bu mövsüm Avroliqada uğurlu seriyanı davam etdirərək üçüncü qələbəsini qazandı - 1:0. “İnter”in maliyyə problemi olduğu haqda bu həftə çox yazdıq. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov isə ümidli danışdı.

Z.Axundov deyib ki, maliyyə durumunda heç bir problem yoxdu. “AFFA-nın gül kimi bazası var. Dünya və Avropa səviyyəli stadion və bazadı. Ot örtüyü standartlara uyğundur. Üstəlik, şəhərə yaxındı və məşqlər, toplanışlar üçün əlverişlidi. Bizim üçün ”Dalğa Arena" daha əlverişlidi" deyə, klub rəsmisi bildirib. Təki belə olsun...

***
Hətta 4 klubumuzdan 1-i, rəqib meydanında oynayan “Zirə” Rumıniyada “Astra”ya 1:3 hesabı ilə uduzsa da, yaxşı oynadı. Gənc baş məşqçi Ayxan Abbasovun ekranda narahat baxışlarını görmək belə xoş oldu, vallah.

“Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq” - o, məğlubiyyətə baxmayaraq, komandasından razı qaldığını bildirib:

“Futbolçularımın əzmkarlığı məni qane etdi. Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdır. İnanıram ki, cavab matçında daha yaxşı çıxış edəcəyik”. “Astra”nın yeni transferi və qollardan birinin müəllifi Antoni Le Tallek “Zirə”dən çəkindiklərini gizlətməyib.

32 yaşlı hücumçu növbəti mərhələyə yüksəlmək şanslarının çox olduğunu qeyd edib, “üstünlüyü qorumaq üçün səfərdəki görüşdə yaxşı müdafiə olunmalıyıq” deyib. “Zirə”nin gələcəyi var, “Astra”nın “top”unu iyulun 20-də Bakıda “qoltuğuna verib” yola salmaq olar. Buna inanırıq...

***
“Qəbələ”nin Avropa Liqasının ikinci təsnifat mərhələsində “Yagelloniya” ilə heç-heçə etməsi gözlənilən nəticə idi. Açığı, hətta futbol bilicilərinə “yad” olan “Yagelloniya”nın belə güclü rəqib olduğunu, çətin ki, bilə bilərdi. Heç vaxt çempion belə olmayan Polşa klubu Bakıda ciddi müqavimət göstərdi.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun “hesab ədalətli oldu” rəyi ilə razılaşmamaq mümkün deyil. Doğrudu, həm “Qəbələ”, həm rəqib klubun qalib gəlmək üçün şansları oldu. Amma bəxtləri gətirmədi. “Qəbələ”ni Polşada çətin oyun gözləyir.

Amma bu komandada, türklər demiş, “hırs” da var. İkinci hissədə qonaq klub qapısına təzyiqlər bunun sübutudu. Baş məşqçi də azarkeşlər kimi ümidlidi. O deyib ki, gələn görüşdə də oyunçuların ən yaxşıları meydana çıxacaq: “Cəmi 5 gün vaxtımız var. İstisna etmirəm ki, növbəti matça qədər yeni oyunçu olacaq”.

Klubun xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiç 2-ci hissədəki yaxşı oyunu belə izah edib: “Fasilədə danışdıq, söz verdik ki, çıxıb daha yaxşı oynayaq. İkinci hissə başlayan kimi də qol vurduq. Əlbəttə, bu rəqibi keçə bilərik. İkinci oyuna daha yaxşı hazırlaşacağıq. Mərhələni keçmək istəyirik. Şanslar bərabərdir”.

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov isə deyib ki, klub həmişə gücü çatanın maksimumunu etməyə çalışıb: ”Yagelloniya"nı keçməyə qadirik. Növbəti oyunda bunun şahidi olacağımıza inanıram".

“Yagelloniya”nın futbolçusu Taras Romançuk da bu barədə danışıb. Ukraynalı yarımmüdafiəçinin sözlərinə, “Qəbələ” ikinci hissənin əvvəlində bizi təəccübləndirmək istəyirdi: “Ancaq biz buna imkan verməməyə çalışdıq. Biz oyuna daha çox konsentrasiya olmalıyıq və fürsətlərdən istifadə etməliyik. Çünki Avropa Liqasında oynayırıq. Növbəti oyunlarda iki qol fürsəti yaradıb fərqlənə də bilərik”.

“Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot görüşün nəticəsi barədə danışarkən deyib ki, çətin oyun olub: “Görüşün sonuna yaxın qələbə qazana bilərdik. Bütün gücümüzü ortaya qoyduq. Cavab oyunu çətin olacaq. Cütün taleyinə ikinci matçda aydınlıq gələcək”.

Cavab oyununa gəlincə, o, şansları bərabər qiymətləndirib: “Çünki ”Qəbələ" hücumda yaxşı oynayır".

Nazim SABİROĞLU

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti