Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Yagelloniya” - “Qəbələ” görüşünün hakimləri açıqlanıb. Sportinfo.az xəbər verir ki, UEFA matçı rumıniyalı hakimlərə həvalə edib.
Baş hakim Sebastian Koltesku olacaq. O, bundan öncə iki dəfə təmsilçilərimizin oyununda fit çalıb. 40 yaşlı referi 2007-ci ildə 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya - Azərbaycan (3:2) və Çempionlar Liqasının 2015/16 mövsümünün 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutmuş "Qarabağ" - "Rudar" oyununun (0:0) baş hakimi olub.
Maraqlıdı ki, Xorvatiya - Azərbaycan görüşündə millimizin hər iki qoluna imza atmış Asif Məmmədov hazırda "Qəbələ"də top qovur. Görüşün köməkçi hakimləri Radu Ginquleaç və Vladimir Urzika, dördüncü hakim isə George Katalin Qaman təyin edilib.
Oyunun UEFA nümayəndəsi Jan Pol Mievis (Belçika), hakim-inspektoru isə Qoran Mihalyeviç (Monteneqro) olacaq. Qarşılaşma iyulun 20-də, Bakı vaxtıyla saat 22:30-da Belostokda keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk oyun 1:1 hesablı heç-heçəylə nəticələnib.

