“Qəbələ”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Yagelloniya” Polşa çempionatının ilk turunda “Termalika” üzərində səfər qələbəsi (1:0) qazanıb. Sportinfo.az xəbər verir ki, matçdan sonra “Yagelloniya”nın yarımmüdafiəçisi Taras Romançuk fikirlərini bildirib.
O, “Qəbələ” ilə cavab qarşılaşmasına da toxunub. Ukraynalı legioner hədəflərinin uğurlu startın davamını gətirmək olduğunu söyləyib: “Yorucu Azərbaycan səfərindən sonra çətin oyun oldu. Buna baxmayaraq, Belostoka qalibiyyətlə dönməyi bacardıq.
Avrokuboklarda çox oyunda iştirak etmirik. Buna görə də beynəlxalq arenadakı hər matçın qiymətini bilməliyik. Avrokubokda yaxşı çıxış etmək üçün bütün gücümüzü meydanda qoymalıyıq.
İndi diqqətimizi ayın 20-də “Qəbələ”yə qarşı keçirəcəyimiz matça yönəltmişik. Avropa Liqasına qələbələrlə başladıq. Azərbaycan səfərindən sərfəli nəticə ilə döndük və üstəlik, ölkə çempionatına uğurlu start götürdük. Bu ənənənin davamını gətirmək istəyirik”.

