Cavid 2 illik fasilədən sonra....

15 İyul 2017 12:36 Avropa Liqası 829
Cavid 2 illik fasilədən sonra....

"Qəbələ"nin kapitanı Cavid Hüseynov 2 illik fasilədən sonra avrokuboklarda oynayıb. Sportinfo.az xəbər verir ki, milli komandamızın da üzvü olan 29 yaşlı yarımmüdafiəçinin Avropa Liqasında dönüşü II təsnifat mərhələsində "Yagelloniya" ilə 1:1 hesabı ilə nəticələnən ev matçında olub.

Maraqlıdır ki, Cavid qitəmiqyaslı turnirdə sonuncu oyununu da məhz "Bakcell Arena"da keçirmişdi. Bu, 2015-ci ildə Avropa Liqasının III təsnifat mərhələsində avqustun 6-da Kiprin "Apollon" klubuna 1:0 hesabı ilə qalib gəldiyimiz cavab matçı idi. Hüseynov bu oyunda 80-ci dəqiqədən qələbə topunun müəllifi olub - 1:0.

Bundan sonra həbsdə olan futbolçu 15 aylıq fasilədən sonra azadlığa çıxıb. "Qəbələ" onda da Avropa Liqasında qrupda oynasa da, Hüseynov UEFA-ya göndərilən iştirak ərizəsində yer almadığından matçları kənardan izləməli olub.

Ümumiyyətlə, ona kapitanı olduğu "Qəbələ"ylə hələ ki qrupda oynamaq nəsib olmayıb. Yarımmüdafiəçi yenidən avrokuboklarda oynamaq üçün 710 gün gözləməli olub. Hüseynov "Qəbələ"nin avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb. Bu, 2015-ci ildə Avropa Liqasının I təsnifat mərhələsində Tiflisdə "Dinamo" ya 1:2 hesabı ilə uduzduğumuz matç olub.

O, "qırmızı-qara" formada Avropa Liqasında 7 oyunda 3 qol vurub. "Qəbələ"dəki yerli oyunçulardan bu qədər fərqlənən olmayıb. Cavid əvvəlki klublarından "İnter"lə 6, "Neftçi" 2 dəfə avrokubok həyəcanı yaşayıb. Göründüyü kimi, Hüseynov UEFA turnirlərində yubiley - 15-ci qarşılaşmasını keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti