Dünyada nə qədər qara paltarlı, göy fitli hakim var, hamısının "Qəbələ"dən zəhləsi gedir! Bir bunu bilmirdik, dünən bunu da bildik. Sən demə, yalnız Əliyar Ağayevlə Zeynal Zeynalov deyilmiş "Qəbələ" ilə prinsip aparan, hər fürsətdə qərəzini büruzə verən, xalını, xallarını oğurlayan. Marko Fritsi də bu siyahıya yazmalıyıq. Çəkinmələn və qorxmadan.
Almaniyalı referi nə etdi? Daha bir komanlaya bundan artıq nə edərlər? Əliyarlıq etdi. Zeynallıq etdi. Azdı? Qonşuluq nəvazişi ilə "Yagelloniya"ya bir köynək, iki köynək yaxın oldu. Ev sahibi olan "Qəbələ", amma ev sahibi kimi hakimdən simpatiya görən "Yagelloniya" - bu şərtlərlə nominal qonaqlara qalib gəlmək faktiki mümkün deyildi.
Polşa klubu ilə bağlı gümanlarday anılmadıq. "Kinder sürpriz", əslində, "Qəbələ" idi: Roman Qriqorçuk demək olar tamamilə yenilənmiş heyətlə ilk rəsmi oyununa çıxırdı. Bilmirdik ki, komanda nə vəziyyətdədi, gələnlər gedənlərin yerini doldurub, ya doldurmayıb. Bu qəbildən olan təbii suallar o qədər çox idi ki, mən hətta Qriqorçukun da qeyri-müəyyənlik içində çaşbaş qalmasını iddia edirəm.
Qriqorçuk ilk hissəni öz komandasını öyrənməyə həsr etdi. Bu müddətdə "Qəbələ" gah meydanda görünürdü, gah da gözdən itirdi. Futbolçuların istəyi böyük idi, gəl ki, hər epizodda nəsə çatışmırdı. Nəsəmi? Nəsə, nəsə, nəsə… Bu "nəsələr"in bolluğunda "Qəbələ"nin "Yagelloniya"ya üstünlüyünü qəbul etdirməsi qeyri-mümkün idi.
Rəsmi oyunun məsuliyyəti bir yana, xətlərarası əlaqənin zəifliyi də bir yana: "Qəbələ" hələ ikinci hissədə biləcəkdi ki, baş hakim göy forma geyinməklə iz azdırır - o, "Yagelloniya"nın ən təhlükəli futbolçusu və lideridi.
Doğrudu, birinci yarının ortasında, Vojislav Stankoviçlə ikili mübarizə sonrası Fyodor Çernixin cərimə meydançasında yerdə qaldığı epizodda alman referi hardasa "Qəbələ"yə güzəşt etdi. İstəsəydi, penalti nöqtəsini göstərərdi. Bu zaman oyunun daha heç bir mənası qalmayacaqdı. Həmin epizodadək xırda follarla "Qəbələ"nin futbolçularının tempraturunu ölçən, bir mübahisəli məqamda ev sahiblərinin xeyrinə fit çalmayan Frits əgər o anda "Yagelloniya"nın lehinə oyunu dayandırsaydı…
O. cidanı çuvalda çox gizlədə bilmədi. İkinci hissədə "Qəbələ"ni özündən çıxarmaqdan savayı heç nə etmədi. Penalti var idi, vermədi. Rəqibə 2-3 dəfə sarı vərəqə verməli idi, vermədi. Özlərini yerə atırdılar, fitini çalırdı. "Qəbələ"nin futbolçuları kobudluğa məruz qalırdı, fitini çalmırdı. Xülasə, Frits iki qonşu ölkənin - Almaniya ilə Polşanın ümumi maraqlarından çıxış etdi.
"Qəbələ" rəhbərliyi nəticədən razı qalmayıb. Polşada bu müdafiə ilə turu keçəcək hesabı tabloya "transfer etmək"… Çox müşkül məsələdi. "Yagelloniya"nin 3 güclü "silah"ı ilə ğanış olduq:
1. Hava ötürmələri, standart vəziyyətlər.
2. Oyun praktikasının çoxluğu
3. Cinah əks-hücumları.
Fiziki hazırlığı bunun gözünə qatmıram. Axı əsəbi başla soyuq düşünmək olmur. Alman referi ikinci hissədə "Qəbələ"nin futbolçuların rəqibdən daha çox yordu. Hər qərarı böyük narazılıqla qarşılanan "fit sahibi" 70-ci dəqiqəyədək məqsədinə çatmışdı: ədalətin qorunmadığını yəqinləşdirən "Qəbələ"in elektriki get-gedə azalırdı, müdafiədə daha çox açıq verirdi, birinci ilə üçüncü zona arasında ara açılmışdı. Bütün bunlardan sonra gəl ud görüm, necə udursan!
Beləliklə, Azərbaycan klublarının avrokuboklardakı qələbə seriyasını qırıldı. Ardıcıl 6 matçda qalib gələn təmsilçilərimiz Avropa Liqasının II təsnifat mərhələsinin dünən keçirilən oyununda seriyanı davam etdirə bilməyib.
Bunadək “İnter” 3, “Zirə” 2, “Qarabağ” 1 qələbə qazanıb. Avrokuboklarda rekord seriya “Qəbələ” – “Yagelloniya” görüşünədək sürdü. Polşa təmsilçisinin hesabı açdığı oyunda dönüş yaradan “qırmızı-qaralar” bərabərlik qolunu vurub, aşkar üstünlük qazansa da, qələbə əldə edə bilmədi.
"Hələ heç nə itirilməyib" iddiası.. Mən özümü odun içinə atıb, "Qəbələ"nin cütün favoriti olmasını söyləmək istərdim, amma… Futbolda əldə olunmayacaq nəticə, keçilməz rəqib yoxdu. "Yagelloniya" diş altındakı iştahı artıran əks cəhbədi. Zirvə deyil, fəth etmək imkan daxilindədi. Bunun üçün sadəcə, düzgün psixoloji hazırlıq lazımdı. Hər halda budakı hakimliyin eynisini Polşada görməyəcəyimizə ümidliyəm.
ELNUR

