"Bunun səbəbini bilmirəm, hələ bu haqda onunla danışmamışam"

14 İyul 2017 10:12 Avropa Liqası 540
"Bunun səbəbini bilmirəm, hələ bu haqda onunla danışmamışam"

“Qəbələ” yeni mövsümdə ilk rəsmi oyununu keçirib. “Qırmızı-qaralar” UEFA Avropa Liqasının ilk görüşünə çıxıb. Komandamız ardıcıl 4-cü dəfə qatıldığı turnirin II təsnifat mərhələsinin ilk oyununda “Yagelloniya” ilə üz-üzə gəlib. Baş məşqçi Roman Qriqorçuk start heyətində yeni transferlərdən beşinə şans verib ki, onlardan üçü legioner olub.

Oyun mərkəz uğrunda mübarizə ilə başlayıb. Hər iki komanda topa nəzarəti ələ almaq üçün çalışıb. İlk real təhlükəni “Qəbələ” yaradıb. Elvin Məmmədov sol cinahla irəliləyib, Filip Ozobiçə dəqiq ötürmə verdi. Xorvatiyalının hücuma qoşduğu Xavi Ernandesin qapı önünə göndərdiyi topu isə qapayan olmayıb. Az sonra qonaqların uzaqdan zərbəsi diqqət çəkib.

15-ci dəqiqədə hesab açılıb. Künc zərbəsindən sonra daha yüksəyə qalxan Taras Romançuk başla qarşısıalınmaz zərbə vurub – 0:1. Hesab açılandan sonra fəallığı artıran “qırmızı-qaralar” ardıcıl hücumlar təşkil edib. 24-cü dəqiqədə Cavid Hüseynovun ötürməsindən sonra Endi Hallidey yaxın məsafədən başla zərbə endirsə də, çərçivəyə düşə bilməyib.

Üstünlüyə yiyələnən “qırmızı-qaralar” qapı önünə hava ötürmələri ilə istəyinə çalışmağa cəhd edib. Həmçinin Vitali Vernidubla Stiven Jozef-Monrozun yaxından zərbələri yaddaqalan olub. 33-cü dəqiqədə Prjemislav Mistovski 21 metrdən güclü zərbə ilə diqqət mərkəzinə düşüb.

Ardınca Cavid bir neçə rəqibindən sıyrılaraq, cərimə meydanına qədər irəliləyib. Onun ötürməsindən sonra topu saxlayan Ozobiç 22 metrdən uzaq küncü nişan alıb. Lakin top dirəyin yanından keçib. Fasiləyədək komandamız daha bir təhlükəli hücum təşkil edib. Lakin cinahdan sürətlə irəliləyən İlqar Qurbanovun ötürməsi istənilən kimi alınmayıb.

Oyunun axarını dəyişmək niyyətində olan Qriqorçuk hücum xəttini Famoussa Kone ilə gücləndirib. Yarımmüdafiəçinin hücumçu ilə əvəzlənməsindən sonra ön xətt daha çox təhlükələr yaradıb. Fasilədən dərhal sonra Xavi Ernandesin yaxın məsafədən baş zərbəsini müdafiəçilər qapıdan çıxarıb. Bir dəqiqə sonra komandamız istəyinə çatıb. İlqar Qurbanovun cərimə meydanının sağından qapı önünə göndərdiyi top dirəkdən dönərək Stiven Jozef-Monrozdan qapıya daxil olub – 1:1.

Bu top legionerin debüt etdiyi komandamızda ilk qolu olub. Hücumlarının kəsərini artıran “Qəbələ” hesabda önə keçmək üçün ardıcıl bir neçə imkan da əldə edib. Lakin Stivenin bir neçə dəfə zərbələri yaddaqalan, amma qeyri-dəqiq olub. Az sonra isə Kone cərimə meydanında yıxılsa da, hakim oyunu dayandırmayıb və topa özünü yetirən Monrozun zərbəsi çərçivəyə düşüb. Lakin qolkiper inamlı oynayıb.

Daha baxımlı alınan ikinci hissə “qırmızı-qaralar”ın aşkar üstünlüyü ilə keçib. Qonaqlar isə əsasən əks-hücumlarda fərqlənməyə çalışıb. Bir neçə dəfə komandamızı xilas edən Dmitri Bezotosnı rəqiblə təkbətək çıxdığı epizodda da polşalını qabaqlayıb. Əvəzində Endi Hallideyin qüvvətli uzaq zərbəsi, həmçinin Konenin cərimə meydanının xətti üstündən qapıya ünvanlandığı top “Yagelloniya”ya gərginlik yaşadıb.

Böyük qüvvə ilə hücumlara keçən “Qəbələ” rəqibin 81-ci dəqiqədəki əks-hücumunu diqqətdən qaçırıb. Lakin Bezotosnı bu dəfə də qola imkan verməyib. Künc zərbəsindən sonra Deyv Bultuisin cərimə meydanı daxilindən göndərdiyi top isə tirin üstündən keçib. Oyunun sonluğu qarşılıqlı təhlükəli epizodlarla diqqət çəkib.

Bultuisin cinahdan cərimə meydanına ötürməsindən sonra Monroz 11 metrlik nöqtə yaxınlığındakı Ozobiçi tapıb. Lakin xorvatiyalının zərbəsi alınmayıb. Polşalılar isə Şimanskinin 27 metrdən doqquzluğa göndərdiyi zərbə ilə qola yaxın olsa da, Bezotosnının reaksiyası buna imkan verməyib. Beləliklə, “Qəbələ” yeni mövsümə sülhlə start verib – 1:1.Cavab oyunu iyulun 20-də Belostokda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

“Qəbələ” (Azərbaycan) – “Yagelloniya” (Polşa) 1:1
Baş hakim: Marko Frits (Almaniya)
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim (hər ikisi Almaniya)
Dördüncü hakim: Quido Uinkmann (Almaniya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Qollar: Stiven Jozef-Monroz, 47 // Taras Romançuk, 15
Sarı vərəqələr: Endi Hallidey, 17, Elvin Məmmədov, 27, Cavid Hüseynov, 56, Vojislav Stankoviç,88 // Yatsek Qoralski, 18, Lukaş Burlika, 44
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
6. Elvin Məmmədov
(45. Famoussa Kone, 46)
12. Endi Hellidey
14. Cavid Hüseynov (k)
15. Vitali Vernidub
18. İlqar Qurbanov
(21. Deyv Bultuis, 84)
19. Filip Ozobiç
20. Xavi Ernandes
(11. Asif Məmmədov, 68)
28. Stiven Jozef-Monroz
34. Ürfan Abbasov
Ehtiyat oyunçular:

23. Aqil Məmmədov
5. Rasim Ramaldanov
8. Qismət Əliyev
16. Dion Malone
Baş məşqçi: Roman Qriqorçuk

“Yagelloniya”
25. Marian Klemen
4. Yatsek Qoralski
(23. Damian Şimanski, 53)
6. Taras Romançuk (k)
8. Lukaş Burlika
9. Arvidas Novikovas
(44. Lukaş Sekulski, 85)
10. Fyodor Çernix
12. Gilyerme Sitya
13. Prjemislav Mistovski
(26. Martin Pospisil, 58)
16. Qutyer Tomelin
17. İvan Runye
18. Silian Şeridan
Ehtiyat oyunçular:
96. Damian Veqlarz
2. Ziqmund Qordon
7. Dmitro Xomçenovski
20. Davit Şimonoviç
Baş məşqçi: İrenius Mamrot

Roman Qriqorçuk: “Bu oyunda təəccüblü, pis bir şey olmadı. Oyundan əvvəl də başa düşürdük ki, rəqib güclü komandadır. Təşkilatlanmış, öz üslubu olan rəqibin üstün oyun göstərəcəyini bilirdik. İlk dəqiqələrdən oyuna nəzarəti ələ almaq vacib idi. Bunu bacarmadıq, matçın əvvəlində çox top itirdik. Əsəbi keçən başlanğıcda özümüzə gəlməyə vaxt lazım oldu.

“Yagelloniya” cari mövsümdə iki oyun keçirib. Cüzi fərqlər sayılmasa, eyni heyətlə oynayır. Rəqib də öz səviyyəsini göstərdi. Ona görə də biz oyunu ələ almalı idik. İlqar Qurbanov əvəzlənməyi özü istəmişdi. Bunun səbəbini bilmirəm. Hələ bu haqda onunla danışmamışam. Fiziki hazırlıqla bağlı əvvəllər də problemin olması fikri ilə razı deyiləm. Hazırlığımız həmişə qaydasında olub.

Bəzi oyunlarda müəyyən çətinliklər olsa da, fiziki hazırlıq bizim zəif deyil, güclü tərəfimizdir. Aydın məsələdir ki, indi istədiyimiz vəziyyətdə deyilik. Araz Abdullayev bu gün “18-liy”ə düşməmişdi. Ümid edirəm və inanıram ki, cavab matçında daha yaxşı oynayacağıq. İndi vəzifəmiz sakit, təmkinli olmaqdır. Güclü rəqiblə 1:1 hesablı heç-heçə etmişik. Hesab fərqli də ola bilərdi. Bu heç-heçəni qanunauyğun hesab edirəm.

Yeni oyunçularımız da həmin qarşılaşmada daha yaxşı durumda olacaq. Düşünürəm ki, mərhələ keçmək üçün yaxşı şanslarımız var. Bugünkü qarşılaşmada elə məqamlar oldu ki, onları təhlil etməliyik. Bir futbolçunu müzakirə etmək istəməzdim. Meydana ən hazırlıqlı futbolçuları buraxmışdıq. Əvəzetmələrin də düzgün olduğunu düşünürəm. Cavab matçında da belə olacaq. Hələ 5 məşq günümüz var. Bundan sonra heyət müəyyənləşəcək. Start heyətində dəyişiklik istisna da deyil. Amma bunun olmaması da mümkündür. Belə güclü, sürətli rəqiblə görüşdə ən hazırlıqlıların oynaması vacibdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti