"Artıq bir neçə gündü, "Qəbələ"ni təhlil edirik. Rəqibin bir neçə yoxlama və rəsmi oyunlarının videogörüntüsünü izləmişik. "Qəbələ"nin gücünə bələdik".
Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz "Qəbələ"nin rəqibi olan "Yagelloniya"nın litvalı futbolçusu Arvidas Novikovas deyib.
Avropa Liqasının I təsnifat mərhələsində Batumi “Dinamo”sunu mübarizədən kənarlaşdıran polyakların legioneri “Qəbələ”nin Gürcüstan klubu ilə müqayisədə daha güclü olduğunu etiraf edib.
Polşa mətbuatına açıqlama verən 27 yaşlı forvard komandasının "Qəbələ" önündəki şanslarını dəyərləndirib. O, mərhələ adlamaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib: "Bilirik ki, "Qəbələ" son iki mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.
Bu, onların kifayət qədər güclü komanda olmasını göstərir. Ancaq Azərbaycana səfər öncəsi qələbə qazanmağımız və səfərə qalib ruhda yollanmağımız bizə əlavə motivasiya verir. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

