Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını da qələbəylə başa vuran "İnter"lə "Zirə" ölkəmizin UEFA-nın klub reytinqində əmsalını zənginləşdirib. Sportinfo.az xəbər verir ki, “Zirə”nin səfərdə Lüksemburq “Differdanj”ı, “İnter”in evdə Serbiya “Mladost”u üzərində qələbəsi Azərbaycanın xal ehtiyatını 0.500 vahid zənginləşdirib.
Təsnifat mərhələsində qələbəyə 0.250, heç-heçəyə isə 0.125 xal verilir. Hazırda ölkəmiz 15.750 xalla 55 ölkə arasında 23-cüdü. Azərbaycan bu mövsümə 14.750 xalla başlayıb. Müvafiq olaraq, siyahıda 21 və 22-ci pillələrdə yer alan Belarus və Bolqarıstan elə də əlçatmaz deyil.
Belə ki, hazırda hər iki ölkənin16.000 xalı var və aramızdakı xal fərqi daha da azalıb. Üstəlik, ən yaxın izləyicimiz olan Kiprlə də aradakı xal fərqini artırmaq mümkün olub. Adalılar 15.300 xalla 25-ci yerdədi. Əvəzində isveçlilər onları qabaqlayaraq 24-cü pillədən kənarlaşdırıb. Şimallıların əmsalı 15.475-ə bərabərdi.

