Rumıniyada "Zirə"yə yuxarıdan-aşağı baxırlar. Əslində, onları qınamıram. Biz "Differdanj"a necə baxırdıqsa, eynisini onlar edirlər.
Son günlərdə "Astra" bir neçə orta səviyyəli oyunçunu öz heyətinə qata bilib. Amma itirdikləri də olub. Öncə qeyd etdiklərim oyunçular komandanın özəyi idi. Amma bu hələ harasıdı?!
Komandanın əsas heyət oyunçusu Seto Takayuki da dünən məcburi komandadan gedib. O, icarə əsasında "Astra"da çıxış edirdi. Müqavilə ilə "Osmanlıspor"a məxsusdu. Bu yay Takayukini hətta "Dinamo", "Viitorul" və "Styaua" almaq istəyirdi. Amma oyunçu öz seçimini "Astra"ya verdi. Türk klubu ilk öncə razılıq versə də, sonra fikrini dəyişib və oyunçunun transferi üçün böyük məbləğ qoyub.
Gələn oyunçulardan Piotr Polczak (müdafiəçi), Eriko da Silva (yarımmüdafiəçi), Filip Mrzljak (yarımmüdafiəçi) və Antoni Le Tallek (hücumçu) daha çox qeyd olunurlar. Da Silva və Mrzljak Rumıniya çempionatında oynayıblar və yerli futbola yaxşı bələddilər.
Halbuki məşqçinin sözlərinə görə, formada deyillər. Ümumiyyətlə, məşqçiyə görə "Astra" pley-aut komandasıdı (bizim ikinci "altılıq" kimi). O, Avropa Liqasından çox şey gözləmir, ancaq bizim klubu udmaq fikrindədilər.
"Astra"nı daha bir məqam sıxır: bu gün çempionatın təqvimi quruldu və onlar Ciurcudakı oyundan 3 gün sonra öz meydanında Liqa 1-in debutantı, "Şepşi"ni qəbul edəcək. 4 gün sonra isə Bakıya uçacaq. Nəzərə alsaq ki, bu, mövsümün başlanğıcıdı, bu tip ritm onları qane etmir. Bakı səfərindən 3-4 gün sonra yenə çempionat oyunu onları gözləyir. Bu dəfə "Voluntari" ilə oyuna səfər edəcəklər. Belə çıxır ki, yayın bu istisində 10-11 günə 4 oyun oynayacaqlar. Bu isə asan iş deyil.
Meydan demişkən, bir şey də yadıma düşdü. Adətən, oranın qazonu bərbad vəziyyətdə olur. Sözsüz, bərbad deyəndə mən Gəncənin stadionu qədər demirəm. Avropa Liqasının qrup mərhələsində oynayanda, o stadionu UEFA-dan Elçin (Lisenziyalaşma şöbəsindən) yoxlayırdı. İlk dəfə "hə" desə(lər) də, sonra "yox" deyildi və onlar məcburi "Arena National"a köçdülər.
Şansları necə dəyərləndirirəm: əgər "Zirə" oyununu artırmasa, hər şey acınacaqlı bitəcək. Yox, əgər meydanın hər tərəfində döyüşsələr, o zaman biz qalib gələcəyik. "Astra" sona qədər oynayan komandadı. Misal üçün, "Dinamo" - "Astra" oyununun 85-ci dəqiqəsinə kimi buxarestlilər 2:0 udurdular. Sonda "Astra" 2 qol vurdu və hesab 2:2 bitdi.
Abbas Zahidi

