AVRO-QAZAN(C): "Zirə" və "İnter"in gəliri bir tək puldumu?

7 İyul 2017 14:48 Avropa Liqası 1 286
AVRO-QAZAN(C): "Zirə" və "İnter"in gəliri bir tək puldumu?

Avrokuboklarda yeni sezonun ilk mərhələsi dünən arxada qaldı. Azərbaycanın 2 klubu - "İnter" və "Zirə" qitənin ikinci dərəcəli klub turnirində - Avropa Liqasında yoluna itkisiz davam etdi. Premyer Liqadanı müvafiq olaraq 3 və 4-cü pillədə başa vuran təmsilçilərimiz rəqiblərinə hər iki görüşdə qalib gəldi.

"İnter" Serbiyada olduğu kimi, burda da "Mladost"u qol buraxmadan məğlub etdi, "Zirə" isə Lüksemburqda hesabda geri düşməsinə baxmayaraq, geridönüşə imza atdı və "Differdanj"ın ikinci "Barselona" olmaq arzusunu gözündə yatızdırdı.

Bu, artıq uğurdu! Bu münasibətlə hər iki klubun məşqçi - rəhbər korpusunu təbrik etməkdə qəbahət yoxdu və heç də tələsdiyimizi düşünmürük. Çün ilk mərhələni adlamaqla minimum vəzifə yerinə yetirilmədi: maksimuma çptdılar.

Bu, mübarizlik baxımından vacib əlamət olsa da, mill çempionatımızın da kəsərini bir qədər artırması baxımından əhəmiyyət kəsb edir. Axı bu gün Avropada top qovan dördlükdən savayı, digər kollektvilər də özünü göstərməyə çalışacaq. Ən azı, "Neftçi"dən bunu gözləməyə dəyər. Doğrudu, bu kollektivdə hələ həllini gözləyən məsələlər, cavabı bəlli olmayan suallar qalır. Yəqin hazırlıq müddətində çox məsələlərə aydınlıq gətiriləcək.

Hədəf dairəsini həm də ona görə genişləndirməyin zamanıdı ki, Avropa klub kuboku yarışlarında "Qəbələ"nin ikinci mərhələdən yarışa qoşulması kimi, əldə olunmuş prinsipial nailiyyət digər təmsilçilərimizə də şamil oluna bilər. Ən azı, püşk səbətlərində rəqiblərin çeşidi daha münbit və uğura zəmin yaradan seçimlərə yönələr. Buna görə də hər klub hamı üçün, hamı da hər klub üçün çalışmalıdı.

Bu, "Zirə"nin qitə arenasında debüt idi və rəqib Lüksemburqdan olsa, yarımhəvəskar sayılsa da, hər halda avrokubok təcrübəsi daha çox idi. Ayxan Abbasovdan tutmuş, əksər futbolçulara qədər ilk dəfə idi ki, beynəlxalq arenada özünü göstərirdi və həyacan onları bəzən boğsa da, bu, komanda olaraq "Zirə"ni əzmədi.

Gənc mütəxəssisin oynatdığı futbolu müzakirə mövzusuna çevirməyək, çünki tarixdə qalan nəticədi. Bir müddət ötəndən sonra xatırlayan olmayacaq ki, "Zirə" yuxu gətirən taktika ilə döyüşdü, baxımlı oyun ortaya qoymadı. Bu, məğlubiyyətə gətirib çıxarsaydı, Abbasovun telinə tumar çəkən tapılmayacaqdı. O, öz baxışlarına arxa çevirmədi, "Differdanj"ın təsadüfi, amma erkən qolundan sonra da təlaş keçirmədi, səbrlə fasiləni gözlədi və ikinci hissədə vəziyyəti düzəltdi.

"Zirə" ona qələbə, Azərbaycana isə UEFA reytinqində xal gətirən qolların ikisini də əks-hücumda vurdu. Biri yeniliyi mütləq surətdə qeyd etməliyik - yeni legionerlər komandanın ənənəvi üslubuna uyğunlaşma prosesini sürətlə keçib və Manqa ilə Belfortun gəlişi Riçard Qadze başda olmaqla, "onurğa sütunu"na vaxtından əvvəl birləşib.

"Zirə"nin oyununda sürət artıb, ani həmlələrin rəngarəngliyi yaranıb, qısacası, model bütünləşib. Belə də yola davam etmək lazımdı. Növbəti mərhələdəki rəqib "Astra"dı və "Differdanj"dan bir baş üstün olması şəksizdi. Lakin "Zirə" oyun praktikasında rumınları 2 dəfə üstələyir və bu gün dünənki qədər təcrübəsiz deyil. Heç nə olmasa da olar. Amma bu cütdə hər şey ola bilər. Sürprizin qapı-pəncərəsini heç bir qüvvə "Zirə"nin üzünə bağlamayıb.

"Zirə" I ilk mərhələni aşmaqla UEFA-dan 250 min avro əldə etdi. "İnter" də bir bu qədər irəli düşdü. Abbasovun ilk cəhdi "Zirə"yə imkan verdi ki, yeni transfer bazarlığına xərcələnən pulun əvəzini çıxsın. "İnter" isə yalnız para qazanmadı, ölümdən sonrakı həyatın mövcudluğuna inandı. Təvəkkür olaraq dərk etdilər ki, həyat bugünlə qurtarmır, bugünün sabahı, ertəsi günü də var. Və gedişat həmişə bir xətt üzrə inkişaf edə bilməz.

Azərbaycan Beynəlxalq Bankının maliyyəsini kəsdiyi, "Aqrarkredit"in "İnter Arena"dan küçəyə ağdığı komandanın yaşadığı iztirabı, gərginliyi, bədgümanları, yəqin ki, "Mladost" üzərində qələbə bir neçə günlük də olsa, aradan qaldıracaq. Bu zəfər "İnter"in yaşamını təmin etmək mənasında həlledici də ola bilər. Mümkündü ki. kluba yeni sponsorlar gəlsin, stadion problemi birdəfəlik həll olunsun.

Püşkatmadan az sonra əksər ekspertlər düşünürdü ki, "Mladost" səddini keçmək "İnter"in gücü daxilində deyil və onlar bunu açıq dilə gətirməkdən çəkinmirdi. Təbi, bu fikrə gəlməyə əsas çox idi: yuxarıda sadalanan çətinliklərin üstünə maliyyə böhranını da gəlsək, deyə bilərik ki, "İnter" camiəsi yetərincə ağır imtahandan üzüağ ayrıldı.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti