Sportinfo.az xəbər verir ki, "İnter"in hücumçusu Rauf Əliyev Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la cavab oyunundan sonra sualları cavablandırıb.
Qol vurmaq üçün çox çalışsan da, buna nail ola bilmədin. Bunu kimin üçün etmək istəyirdi?
- Təbii ki, qalib gəlmək, mərhələ adlamaq, mübarizəni davam etdirmək istəyirdik. Bunun üçün də qol və ya qollar vurmaq lazımdı. Mühüm olan qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmək idi ki, biz də bunu layiqincə yerinə yetirdik. Artıq növbəti oyun haqda düşünmək olar.
Bir gün əvvəl vuracağın qolu erməni mərmisinə tuş gələn və dünyasını dəyişən 18 aylıq Zəhraya həsr edəcəyinizi desən də, Denis qol sevincini sevgilisi, Nizami isə azarkeşlərl bölüşdü. Unutqanlığa yol verdiniz?
- Xeyr, belə şey olmadı. Oyundan əvvəl bununla bağlı müəyyən fikirlərimiz var idi. Amma dedilər ki, UEFA komandanı cəzalandıra bilər. Hamı qəlbimizdən keçən hissləri bilirdi. Oyundan əvvəl də fikrimizi ictimaiyyətlə bölüşmüşdük.
Ən azı sakit qarşılamaq olardı...
- Əlbəttə, bu, mümkün idi. Amma komanda yoldaşlarım bu cür qeyd etdilər, bir söz deyə bilmərəm.
Növbəti mərhələ haqda nə düşünürsüz?
- Lüksemburq təmsilçisi ilə qarşılaşacağıq. Bu ölkənin klublarl son illərdə yaxşı oyun göstərir. Belə eşitmişəm, amma dəqiq məlumatım yoxdu. Çalışacağıq mübarizəni erkən dayandırmayaq, davam etdirək.
Klubun doğma bazasından çıxarılması əhvalınıza təsir etdimi?
- Bu haqda mətbuatdan oxumuşuq. Bizə konkret bir söz deyilməyib. Maliyyə durumumuza gəlincə, axsaya-axsaya da olsa, maaşımızı alırıq. Bu baxımdan problemlərimiz həll olunub.

