Qruplara boylanmaq üçün boy artırmağa fürsət var, "İnter"!

6 İyul 2017 16:36 Avropa Liqası 997
Qruplara boylanmaq üçün boy artırmağa fürsət var, "İnter"!

Avropa Liqasında ən sevindirici qələbəni "İnter" böyük hesabla, özü də səfərdə əldə etdi. Uğurlu nəticə əldə edəcəyinə haradasa inam var idisə, sanballı qələbəyə Adrian Skarlatakenin iki bənzər cərimə zərbəsi xüsusi effekt verdi. Rauf Əliyevin fantastik qolunu isə mərhələnin bəzəyi də adlandırmaq olar.

Transfer qadağası olan və bu səbəbdən bir az da ehtiyatlanmağa vadar edən "İnter" ən vacibi - nizam-intizamı ilə uğura yol açdı. Bizimkilər üçün çox nadir olan sonadək nizamlı oyun dəst-xətti, görünür, bu komandanı qüvvəsini axıra qədər səfərbər etməyə, həm də onu bərabər bölüşdürüb sona qədər qorumaba sövq etdi.

Doğrusu, hələ ötən çempionatın gedişi boyunca qədəri sual altında olan "İnter"in məhz futbolçuların prinsipiallığı ilə meydanda özünü doğrultması, heyəti avrokuboklar sərhəddinə çatdırdı. Bu da futbolumuz üçün daha bir nadir davamlı prinsipiallıq nümunəsidi.

"İnter"in, sadəcə, gedə biləciyi yol deyil, məhz bu prinsipiallığı qoruyaraq, qrup mərhələsinə adlaya biləcəyinə inanmasına bu gün çox ehtiyac var. Çünki bununla tarixi boyunca əldə etmədiyi böyük başlanğıcın astanasına çata bilər.

Təbii, Zaur Svanadze ilə köməkçilərinin zəhmətini qeyd etməmək olmur. Çünki yeni klub rəhbərliyinin baş məşqçini postunda saxlaması bu zəfərin ilk doğru addımı idi. Bir-birinə yaxşı bələd olan futbolçuların meydanda böyük taktiki-texniki bacarıq göstərməsinə elə də ehğtiyac yox idi.

Ənənəvi serb futbolu standartlarına, onun temperamentinə məhz bu sayaq sinə gərmək olar. "Mladost"da Balkan ölkəsinə məxsus bəzi cizgilər olsa da, "İnter"in bu qədər inadlı olması, onları təbdən çıxardı. Aşkar ev sahibinin məğlubiyyətinin köklü səbəbi bunda – dözümsüzlükdə və səbirsizlikdə gizlənirdi.

Hətta standart qollar, hakimin öəzən ev sahiblərinə rəhm etməsi olmasaydı belə, bu matçda elə ilk dəqiqələrdən təmsilçimizin mənəvi-psixoloji üstünlüyü açıq sezilirdi. Bi r yandan da "İnter"i anlamaq olar: onların itirəcəyi heç nə yoxdur - məğlubiyyəti də sakit qarşılanacaqdı.

Təbii ki, bu mərhələdə, üstəlik də inamlı qələbələrin əldə edildiyi matçlarda yalnız çatışmazlıqlar üzərində hesabat qurmaq heç doğru olmaz. Həm də oyundan-oyuna potensialını artıra biləcəyi aydın görünür.

Çaya su gəlməmiş çırmanmaq kimi görünməsin - uzaq hədəflərdən bəhs etmək erkən olsa belə, komandalarımız balansı məhz iki mərhələni keçə biləcəkləri üzərində tam qura bilərlər. Necə deyərlər, iştah diş altındadı.

"Mladost”un baş məşqçisi Nenad Milovanoviç dünən mətbuat konfransında əyri oturub, düz danışdı: hamının başa düşəcəyi dildə etiraf etdi ki, Bakıya meydançada ora-bura qaçmaq məqsədilə gəlməyiblər. Bu, serblərin hələ lə revanşa inanmasının sübutudu. Demək ki, "İnter" 3:0 hesablı qələbənin aotında sərinlənməyə tələsməməli, ehtiyatı özünə yaraşıq etməlidi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti