Azərbaycan futbol klublarının yeni mövsümünü, həmişəki kimi, qitə miqyaslı yarışlar açır. Bu dəfə daha bir klubumuzun yaxasını birinci təsnifat mərhələsindən qurtarması ilə iki təmsilçimiz Avropa Liqasında rəsmi mübarizəyə qoşuldu.
Ən əvvəl qeyd edək ki, hər iki komandamızın bir-birindən tam fərqli və bəzi məqamlarda çatışmazlıqları aşkar görünsə də, yekun hesablar əsaslı və ümidvericidi. Oyunlar, əvvəldən də təxmin etdiyimiz kimi, mərhələ soraqlı qələbələrlə başa çatıb.
Püşkdə bəxti gətirmiş debütant "Zirə"nin rəqibi Lüksemburq təmsilçisi olsa belə, bir qədər ehtiyatlanmağa vadar edirdi. Ayxan Abbasovlu məşqçi korpusunun Avropada ilk sınağı olan bu matçda onların seçimi həlledici əhəmiyyət kəsb edirdi. Elə əvvəldə qeyd edək ki, onların tələskənliyə yol verməməsi, hər şeyi öz axarına buraxması müsbət nəticənin təməli oldu.
Digər yandan, komandanın mövsümlərarası fasilə müddətində heyətinə cəlb etdiyi legionerlər bu mərhələdə güc nümayiş etdirmək üçün yetərli idi. Söz yox ki, siftəsi olsa belə, bundan sonra "Zirə"nin mərhələni keçə bilməməsi yalnız əlahiddə möcüzə və təbii ki, bunun da yeganə qiyməti olan "faciə" kimi qiymətləndiriləcək.
Çünki elə debütü uğurla qeyd etməmək üçün elə bir əsas, bəhanə yoxdu. Bu, yalnız komanda kələfin ucunu əldən buraxacağı, tam sayğısızlıq göstərəcəyi və səhlənkarlıq nümyaiş etdirəcəyi təqdirdə mümkündü. "Differdanj" buna layiqli cavab verə bilər: ilk oyunun əvvəlində də kifayət qədər də inad və iradə göstərdilər. Lüksemburqlulara lazım olan ilk qola doğru uyğun addımı ata bilməmələri asan məğlubiyyətə düçar olmalarının təməlini qoydu.
Ədalətli olsaq, komandamız qələbə üçün, futbolun taktiki parametrləri baxımından heç nə etməmişdi. Sadəcə, səviyyə fərqi sözünü deyirdi və məşqçi korpusunun daha bir uğuru məhz buna görə soyuqqanlılıqla yanaşması oldu. Bunu A.Abbasov nəzərdən qaçırmamalı və bundan sonrakı matçlar üçün təcrübə mənbəyi kimi baxmalıdı.
Təbii ki, çatışmazlıqların ən mühüm məqamı komandanın yenidən formalaşma dövründə olmasıdı. Bu təcrübəsizliyə yol açdığı kimi, bəzi məqamlarda natamamlıq kompleksi də yaradırdı. Yeniləşən heyətlə ilk rəsmi matç heç də həmişə rəvan keçmir. Lakin hücum quruculuğundakı çatışmazlıqlar, rəqibin hücumlarında isə orta və arxa xətlər arasındakı boşluqlar məşqçilər üçün təcili görülməli işlər üççün siqnal olmalıdı.
Əlbəttə, bu ifadələr bu mərhələ üçün deyil, gələn raundun hesabına olan qeydlərdi. "Zirə"lilər səfər matçına ciddi yoxlama-sınaq matçı kimi yanaşıb, əsas diqqəti xətlərarası əlaqələrin və oyunçuların birgə – kollektiv oyununun bir az da püxtələşməsinə yönəltməlidilər.
Oyun zamanı məşqçilərin kənardan tövsiyləri də diqqətdən qaçmadı. Onların həyacanı da özünü daha çox büruzə verirdi. Bu da zamanla keçən prosesdir, hərçənd çətin oyunlar ərəfəsində buna alışqanlıq yaratmağın vaxtıdı.
"Astra" (Curcu, Rumıniya) “Differdanj” (Lüksemburq) - "Zirə" (Azərbaycan) cütünün qalibi ilə
Birinci oyun - 13 iyul.
Cavab matçı - 20 iyul.
SPORTİNFO.AZ

