İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Düşmən təxribatı nəticəsində həlak olan Zəhra və nənəsinin tükürpədən görüntüləri yayılıb. Bundan sonra redaksiyamızla əlaqə saxlayan məşqçi Tərlan Əhmədov "İnter" rəhbərliyindən sabah komandanı meydana - "Mladost"la Mərdəkanda keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünə qara sarğıyla çıxarmasını xahiş edib.
"Pro" kateqoriyalı mütəxəssis matçın 1 dəqiqəlik sükutla başlamasının vacib olduğunu bildirib: "Fikrimcə, bu, çox vacib addımdı. Futbol ictimaiyyəti bu hadisəyə biganə qalmamalıdı, dünyasını dəyişmiş balanın ruhuna diqqət göstərmək bizim borcumuzdu. Biz dünən Füzuli rayonunda baş verən qanlı olayı, ermənilərin murdar hərəkətini beynəlxalq arenada ictimailəşdirməliyik.
Dünyaya çatdırmalıyıq ki, bizdən bir mesaj olsun. Körpə balanın ölümü dəhşətdi, bu, sözlə ifadə olunası deyil. Hörmətli dövlət başçısı əmr versə, hamımız müharibəyə gedəsiyik. Mən canla-başla vuruşmağa, vətən uğrunda ölməyə hazıram. "İnter" UEFA ilə danışıb, meydana qara sarğıda çıxmalı və 1 dəqiqəlik sükutun elan olunmasını təmin etməlidi.
Avropa Liqasına dünyanın hər yerində baxırlar, belə məqamda "İnter" Zöhra balanın, onun nənəsinin Qarabağda öldürülmüş ana-bacılarımızın, qardaşlarımızın, böyüklərimizin ruhunu yad etməlidi. Bu, vətən və dövlət qarşısında borcumuzdu. İnanırsız, əsəbimdən danışa da bilmirəm. Füzulidəki hadisəni eşldən andan sarsıntı içindiyəm, "İnter" rəhbərliyimdən xahişim odu ki, Azərbaycanın haqq səsini bu yolla dünyaya çatdırsın".
SPORTİNFO.AZ

