Sportinfo.az xəbər verir ki, “Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün bu gün səhər saatlarında Lüksemburqa yola düşüb. Bakıdakı qarşılaşmada “Differdanj” üzərində 2:0 hesablı qələbə qazanan bakılıların qapıçısı Anar Nəzirov sualları cavablandırıb.
Komandada ab-hava necədi?
- Hər şey yaxşıdı. İlk oyunda qazandığımız qələbə əhval-ruhiyyəmizi yüksəldib. Bizim üçün burdakı matçda qələbə qazanmaq, səfərə qalib yollanmaq vacib idi. Bunun öhdəsindən gəldik. İndi cavab görüşünə hazırlaşırıq. Bilirik ki, bizi çətin duel gözləyir. Nəticədən asılı olmayaraq, hədəfimiz mərhələni keçməkdi.
Bu cür yarışlarda iki oyunun nəticəsi hesablanır. Bu baxımdan həlledici matçın səfərdə keçirilməsi çətinlik yaratmayacaq?
- Bütün suallara Lüksemburqdakı oyunda aydınlıq gətiriləcək. Rəqib mətbuatımızın təqdim etdiyi qədər də həvəskar deyil. Heyətlərində peşəkar futbolçular var, avrokubok təcrübəsi çoxdu. Öz oyun üslubları var.
Rəqibi indi daha yaxşı tanıyırsız. Cavab oyununda hansı məqamlarda ehtiyatlı olmaq vacibdi?
- İki-üç futbolçu yenidi. Bizim izlədiyimiz disklərdəki oyunlarda həmin futbolçular yox idi. Əsasən cinahdan edilən ötürmələrə üstünlük verirdilər. Rəqibin sağ cinahında yer alan yeni transferi çox sürətli idi. Oyunu da onun üzərində qurmuşdular.
İlk matçda “Differdanj”ın hansısa sürprizinin şahidi oldunuzmu?
- Əvvəl izlədiyimiz görüşlə müqayisədə oyun üslubunu dəyişmişdilər. Uzun ötürmələrdən istifadə edirdilər. Hətta aut atışları zamanı da cərimə meydançasında təhlükə yaratmağa çalışırdılar. Hündürboylu futbolçularının çoxluq təşkil etməsi belə atışlar zamanı bizə təhlükə yaradırdı. Əsas cinah futbolçularının sürətli olması diqqətimi çəkdi.
Rəqib hücumçular sizdə hansı təəssürat yaratdı?
- Əsas hücumçuları yox idi. Deyəsən, o, başqa kluba keçib. Amma öz oyun üslubları var. Oyun zamanı bizi meydanın özlərinə aid hissəsində qəbul edib, əks-hücumlar qurmağa çalışırdılar. Tədricən sürəti artırırdılar. Eyni səviyyəli komandayıq. Yeni futbolçularımızın gəlişi hücum xəttimizi gücləndirdi.
Bəs debütant “Zirə” nədən çəkinirdi?
- Komanda olaraq təcrübəsiz olmağımızdan. Düzdü, elə futbolçularımız var ki, onlar dəfələrlə avrokubok oyunlarında iştirak edib, hətta qrup mərhələsində də mübarizə aparıblar. Amma komanda şəkilində ilk dəfə belə bir yarışa qatılırdıq. Üstəlik, heyətimiz yenilənmişdi. Mövsümlərarası fasilədə yeni futbolçular dəvət edildi, onların uyğunlaşması, komplektləşmənin başa çatması təsir göstərə biləcək amillərdəndi. Həm də belə oyunlarda azarkeşləri sevindirmək istəyirsən. Bu da məsuliyyətini artırır, müəyyən təzyiq yaradır.
İlk qoldan sonra sanki hesabı qorumağa, top buraxmamağa çalışdınız. Halbuki bir qədər cəsarətli tərpənsəydiniz, böyükhesablı qələbə də qazana bilərdiniz...
- Rəqib yaxşı komandadı. Topu özündə saxlayırdı, bizdən təcrübəlidi. Buna baxmayaraq, onlardan çəkinmirdik. Qol epizodlarımız oldu, amma reallaşdıra bilmədik.
2:0 hesablı qələbədən sonra “Zirə” işinin neçə faizini görmüş oldu?
- İstədiyimiz nəticəni əldə etmişik, amma bu, mərhələ keçmək demək deyil. Futbol sürprizlərlə doludu. Burdakı üstünlüyümüzü səfərdəki qarşılaşmada da davam etdirməliyik. Vacibi mərhələ adlamaqdı. Bunu bacaracağımıza inanırıq (apasport.az).

