Yenə tələsirik, yenə vaxtından əvvəl eyforiyaya qapılırıq. Hətta bəzi dostlar "deyirdilər, 8 komandalı çempionatın acısını çəkəcəyik, amma hər şey əksinə oldu" deyir. Qələbə qazanmaq hər zaman gözəldi.
Unutmayaq ki, hələ birinci mərhələdəyik. Həmin "İnter" həmin mərhələni bu günə qədər dəfələrlə adlayıb. Hətta bundan da pis vəziyyətdə olduğu vaxtlarda 2 mərhələ keçməyi bacarıb.
2012-ci il səfərdə Narva "Trans"ını 5:0 udmuşdular. 2013-də Finlandiyada "Mariehamn"ı 2:0 udmuşdular. 2010-da Polşada güclü "Lex"i əsas vaxtda udub, oyunu penaltilərə qədər aparmışdılar. "Mladost" onlardanm güclü deyil.
Düzdü, yaxşı oynadılar və uddular. Bunu da çox şişirtməyək, ikinci mərhələni gözləyək, görək real gücümüz nədi. Düzdü, səfərdə "Mladost" üzərində bu cür rahat qələbəni mən də gözləmirdim. "Mladost" 4 minlik kasıb bir qəsəbəni təmsil edir.
Oyundan öncə bir vaxtlar AZAL-da oynamış serbiyalı Draqan Mandiçlə söhbətləşdim, dedi ki, "Mladost"u güclü komanda kimi təqdim etməyin, "İnter"i keçəcək gücdə deyil. Serbiyada "Srvena Zvezda" ilə "Partizan" xaric, digərləri sürünür.
"Zirə"yə gəlincə, "Differdanj" üzərindəki qələbənin bu qədər şişirdilməsini anlaya bilmirəm. Əksinə, mən daha rahat, daha böyükhesablı qələbə gözləyirdim. Ayxan Abbasov çəkindiyi üçün tez-tez debütant olduqlarını xatırladırdı.
Məncə, biz məsələyə başqa tərəfdən yanaşmalıyıq. "Zirə" kifayət qədər güclənib və yeni legionerlər transfer edib. Meydançaya da 9 legionerlə çıxmışdı. Qarşısındakı rəqib isə yarıhəvəskar komandaydı. Təsəvvür edin, komandanın 3 futbolçusu işdən icazə alıb Bakıya gələ bilmirdi. Son anda 2-si icazə ala bildi, amma bir şərtlə ki, istirahət günü işə çıxacaqlar.
Bir futbolçusuna isə Bakıya gəlmək üçün işdən icazə vermədilər. Oyunöncəsi mətbuat konfransna gəlişləri belə, onların hansı səviyyədə peşəkar olduqlarını göstərdi. Belə bir komandanı 2:0 məğlub etmək və ikinci qolu da sona yaxın vurmaq qəhrəmanlıq sayılmamalıdı. Hələ görək, Lüksemburqda "Zirə" bu üstünlüyü qoruya biləcək, ya yox. Yenə deyirəm, qələbə qazanmaq hər zaman gözəldi, amma indidən bu qədər eyforiyaya qapılmayaq, ən azından ikinci mərhələni gözləyək...
Təəssüf ki, bizdə milliyə futbolçu seçimi başqa meyarlarla aparılır və buna biznes marağından yanaşırlar, milli maraqdan yox. Büdcəyə gəlincə, Cahangir Hacıyevin milyonlar səpdiyi dövrə baxanda, "İnter" indi kasıb sayılır, amma belədə də statistik azərbaycanlının yaşayış səviyyəsinin qat-qat üstündə yaşayacaq maaş verirlər. Mən 3 yerə yazı yazıram, heç 700 manata çatdıra bilmirəm, "İnter"də 5 min maaş alırlar, azdı? "Mladost"da ən çox alan 2 min maaş alır.
8 komandalı çempionatın nəticəsini tək "İnter"ə görə yox, ümumi 4 komandaya görə yazmaq lazımdı. Ona görə, "İnter" Mladost"a udusaydı, bunu yazmazdım. Fikrimi demişəm: bu il qrupa düşmək şansımız çox azdı. Kimsə pley-off-a qədər getsə, böyük şeydi. "İnter" də, "Zirə" də layiqli qələbə qazandı və təbrik etmək lazımdı, şişirdib qəhrəman düzəltmək lazım deyil.
Anar Xanlarov

