Bütün futbol azarkeşlərinin və ictimayyətinin diqqəti Dalğa arenada keçirilən "Zirə"-"Differdanj" və Serbiyada baş tutan "Mladost"-"Inter" oyununa köklənmişdi. İnterlilərin Avroliqalarda təcrübəsinin olduğunu nəzərə alsaq, Zirə komandasının debütünə marağın böyük olduğunu söyləmək olar.
Cəmi 3 ildir ki, yaranmış bir klubun Avroliqada debütünün uğurlu olmasını hamı arzulayırdı. Üstəlik, həmin klubun baş məşqçisi olan Ayxan Abbasovun da ən gənc mütəxəssis kimi turnirə adını yazdırması marağı daha da artırırdı.
Oyun başlar-başlamaz zirəlilərin diqtə edən tərəf olduğunu sezmək mümkün idi. Bütün parametrlərdə rəqibini üstələyən "Zirə" debütünü uğurlu tamamlaya bildi. Ayxan Abbasovun qurduğu düzgün taktikanı layiqincə tətbiq etməyi bacaran futbolçular sonda sevinən tərəf oldu. Bu həm Ayxan Abbasovun, həm də gənc "Zirə"nin uğurlu başlanğıcı oldu.
Eyni zamanda Azərbaycanda futbol yoxdu deyən "ağzıgöyçəklərə" göz dağı verdi.
Ölkə başçısının bütün idman növlərinə olan diqqət və qayğısını yəqin ki, heç kim danmaz. Onun nəticəsidir ki, AFFA-nın baş katibi Elxan Məmmədov da oyunu tribunadan izləməklə, cənab prezidentin idmanla bağlı olan siyasətinin davamçılarından olduğunu göstərdi.
Bu gün təkcə zirəlilər sevinmədi. Bu gün bütün futbol azarkeşləri sevindi! Bu gün təkcə "Zirə" qalib gəlmədi. Bu gün Azərbaycan futbolu qazandı! Bu gün uzun illər Avroliqa təcrübəsi olan "Differdanj" məğlub olmadı. Bu gün cəmi 3 yaşı olan, inam və həvəslə yaradılmış "Zirə" qalib gəldi. Həm də böyük əzmkarlıq, döyüşkənlik ruhu ilə!
Bu hələ başlanğıcdı. Bu klubun daha çox uğurlar qazanacağına inanırıq. Çünki bütün zirəlilər və hətta bütün azərbaycanlılar "Zirə"nin yanındadı!
Uğurun bol olsun, "Zirə"!
Başın həmişə dik olsun, Ayxan Abbasov!
Üzün həmişə gülsün, "Zirə" azarkeşləri!
Orxan Ülvi

