Sportinfo.az xəbər verir ki, "Zirə"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Differdanj"a qarşı keçirdikləri oyundan (2:0) sonra sualları cavablandırıb.
- İlk dəfə idi ki, “Zirə” avrokuboklarda oyuna çıxırdı. Özünüz də gördünüz ki, çətin oldu. Bu da təcrübəsizlikdən irəli gəlir.
Sən oyuna daxil olandan sonra “Zirə”nin oyun nizam-intizami müsbət mənada dəyişdi...
- Yenə deyirəm ki, bu, təcrübəsizlikdən irəli gəlir. Komanda şəklində ümumi hesablasaq, heç 3 oyun keçirməmişik. Təcrübəli oyunçu meydanda olanda oyunu nizama salır, meydanda öz təcrübəsi ilə komanda yoldaşlarına kömək olur.
Rəqib gözlənilən kimi idi?
- Məncə, təhlükəli rəqibdilər. Sürətli oyunçuları var. Açığı, onların oyunun görməmişdik. 2-3 yeni oyunçuları var. Sağ cinah hücumçuları da çox təhlüklə yaradırdı.
Şansları necə dəyərləndirirsiniz?
- Şans yaxşıdı. Burada oynadığımızı Lüksemburqda da nümayiş etdirməliyik. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Kimisə saymasan, həmin an “yanacaqsan”.
Qələbəyə baxmayaraq, komandada anlaşılmazlıq var idi...
- 3-4 futbolçudan başqa, əsas heyət dəyişilib. Sağ cinah müdafiəçisi 5 gündü ki, bizimlədir. Digər yeni transferlər isə 15 gün. Bu da istər-istəməz təsirini göstərməlidi. Amma yenə pis oynadığımızı deməzdim. Qol şanslarımız da oldu.
Artıq 2-ci təsnifat mərhələsindəki “Astra” haqda düşünmək olar?
- “Differdanj” təhlükəli rəqibdi. Belə komandalarla oyunda arxayınlaşsan, “yana” bilərsən. Ötən il “Qarabağ” Lüksemburq çempionu – “Düdelanj”ı Bakıda 2:0 hesabı ilə yenmişdi. Səfərdə 0:1 hesabı ilə geri düşəndə isə hamı həyəcanlanmışdı. Rəqib təhlükəlidi. Bu səddi keçməmiş “Astra” haqda düşünmək olmaz.

