Avropa Liqasının ilk mərhələsində “Zirə”nin rəqibi olan “Differdanj” dünən Bakıya gəlib. Sportinfo.az xəbər verir ki, Lüksemburq təmsilçisi Bakıya çarter deyil, adi sərnişin reysi ilə gəlib. Onlar əvvəlcə avtobusla Lüksemburqdan Almaniyanın Düsseldorf şəhərinə, ordan təyyarə ilə İstanbula, İstanbuldan isə Bakıya səfər ediblər.
Lüksemburq mətbuatının yazdığına görə, komandanın müdafiəçisi Tom Zibaneler və yarımmüdafiəçi Qonsalo Almeyda zədəli olduğu üçün “Zirə” ilə ilk matçı buraxacaqlar.
Başqa bir xəbərdə bildirilir ki, "Differdanj"ın 2 əsas futbolçusu – Yannik Bastos və Cofri Franzoni Bakıya gəlmək üçün əsas iş yerlərindən çətinliklə icazə alıblar. Konkret olaraq, Cofri Franzoni şənbə günü də işləməyi öhdəsinə götürdüyündən onun Bakıya gəlməsinə icazə verilib.
"Zirə"- "Differdanj" matçı sabah keçiriləcək. Lüksemburq mətbuatının yazdığına görə, yerli klub rəhbərliyi futbolçulara konkret vəd verib: bu mərhələni keçsələr, komandaya 100 min avro mükafat ödəniləcək. Daha sonra "Astra" üzərində qələbəyə görə isə 200 min avro alacaqlar.

