"Zirə" sabah Azərbaycanın avrokuboklarda debüt edən 17-ci Azərbaycan klubu olacaq. "Qartallar" ötən il Premyer Liqada Adil Şükürovun rəhbərliyi altında gümüş medalçı kimi Avropa Liqasına vəsiqə qazansa da, qitə futbol qurumu onu yarışa buraxmayıb.
Buna səbəb "Zirə"nin peşəkar klub kimi həmin vaxt 2 il mövcud olmasıdı. UEFA-nın qaydasına görə isə avrokubok iştirakçısı ən azı 3 il peşəkar klub fəaliyyət göstərməlidi, Bu dəfə çempionatda 4-cü olan zirəlilər Şükürovun sabiq köməkçisi, indisə baş məşqçi olan Ayxan Abbasovla avrokuboklarda siftə edəcək.
Avroliqanın I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Differdanj” Bakıya yol alıb. Lüksemburq təmsilçisi ölkəmizə itkilərlə gəlib. Belə ki, ötən mövsümdən qalan qırmızı vərəqə cəzası olan Tom Sibanelera və zədəli Qonçalo Almeyda Mərdəkanda meydana çıxa bilməyəcək.
"Cırtdanlar" hələ hazır olmayan Pedro Ribeyronun xidmətindən də məhrumdu. “Differdanj”ın 3 futbolçusu – Yannik Bastos, Cofri Franzoni və Çadli Amiri Bakıya gələ bilmək üçün əsas iş yerlərindən çətinliklə icazə alıblar. Hətta Bastos bu səfərə görə şənbə günü işə çıxacaq. Axı onlar həm də otel və restoran personalında çalışırlar.
“Zirə” – “Differdanj” matçı iyunun 29-da saat 21:00-da start götürəcək. Oyunöncəsi mətbuat konfransı yalnız "Zirə" tərəfindən təşkil olunacaq. Qonaqlar bu haqda UEFA və klubumuza məlumat vermədiyi üçün yalnız meydan sahiblərinin mətbuat konfransı nəzərdə tutulub.
Bu gün saat 20:30-da "Dalğa Arena"nın konfrans zalında "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçiriləcək. Saat 21:00-da isə təmsilçimizin oyunöncəsi son məşqi başlayacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Saat 19:00-da metronun "Gənclik" stansiyasından (Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından) "Dalğa Arena"ya avtobus çıxacaq. Qonaq klubun oyunöncəsi son məşqi saat 19:30-da başlayacaq və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq (Sportinfo.az).

