“Avropa Liqasının 2-ci təsnifat mərhələsində favorit ola bilərik. Lakin bunun üçün komandamızın güclənməsinə ehtiyac var” - Sportinfo.az xəbər verir ki, bunu news.ro saytına açıqlamasında "Zirə" Avropa Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacağı halda, Azərbaycan təmsilçisinin rəqibi olacaq Rumıniyanın “Astra” klubunun baş məşqçisi Eduard Yordanesku deyib.
"Zirə" Avroliqanın 1-ci təsnifat mərhələsində Lüksemburq "Differdanj"ı ilə üz-üzə gələcək. İlk oyun iyunun 29-da evdə, cavab görüşü iyulun 6-da səfərdə olacaq. Bu cütün qalibi isə 2-ci təsnifat mərhələsində “Astra”ya rəqib olacaq.
39 yaşlı mütəxəssis bildirib ki, 1-ci təsnifat mərhələsində “Zirə” ilə Lüksemburq "Differdanj"ının görüşlərini izlədikdən sonra buna uyğun plan quracaqlar: “Səmimi olmalıyam, hazırda problemlərimiz var. Potensial rəqiblərimizin öz aralarındakı oyunlarını izlədikdən sonra buna uyğun plan quracağıq.
Bəzi mövqelərə futbolçu tapa bilsək, uğur qazana bilərik. Hazırda Sloveniya toplanışında 16-17 oyunçumuz var. Onların çoxu cavandırlar, II və III liqalarda çıxış ediblər. Bizi çətin sınaqlar gözləyir. Rəhbərlik yeni transferlərlə bağlı bəzi vədlər verib. Ümid edirəm ki, tez formalaşacağıq. Tələblərim çox yüksəkdir. Rumıniyanın ən yaxşı komandaları sırasında olmaq istəyirik”.

