“Dedilər, səni istəmirik, prezident səndən narazıdır” – Başına gələnləri bizə danışdı

5 Yanvar 20:00 Müsahibə 1 911
“Dedilər, səni istəmirik, prezident səndən narazıdır” – Başına gələnləri bizə danışdı

Qış fasiləsinə sonuncu pillədə yollanan “Karvan-Yevlax”da ilk ayrılıq gerçəkləşdi.

Bölgə təmsilçisinin iranlı Səid İranxanla yollarını ayırdığını bəyan etməsi gözlənilməz oldu.

Çünki 24 yaşlı iranlı mərkəz müdafiəçisi bir çox hallarda əsas heyətdə yer alır, heç də pis təsir bağışlamırdı.

Bəs, ayrılığın səbəbi nə idi? Olmaya, Saidin özü getməkdə maraqlı olub? Bəlkə başqa klublardan təklif alıb? Azərbaycandakı 5 aylıq dönəm onda hansı təəssüratlar yaratdı?

Təbrizdə yaşayan soydaşımız Sportinfo.az-a verdiyi müsahibədə bir sıra məqamlara aydınlıq gətirib.

- İrandasan yəqin. Vəziyyət necədir?

- Əlhəmdülillah. Təbrizdəyəm, vəziyyətim də çox yaxşıdır.

- Yeni klubun müəyyənləşib, yoxsa hələ axtarışdasan?

- İran klubları ilə danışıqlar davam edir. Hələ ki, gözləmə mövqeyindəyəm. Yaxın günlərdə bilinməlidir.

- Söhbət yüksək liqa təmsilçilərindən gedir?

- Əlbəttə.

- “Karvan”dan ayrılığın gözlənilməz oldu. Nə baş verdi?

- Dedilər, səni istəmirik, prezident səndən narazıdır. Baş məşqçi ilə görüşüb söhbət etdim. O da çıxışından narazı olduğunu, yerimə başqa futbolçu gətirəcəyini söylədi. Dedim, Allah canınıza dəyməsin, sənədimi verin, gedim.

- Mövsümün sonuna qədər müqavilən var idi axı. Hər halda təzminat tələb edə bilərdin.

- Sevilmədiyim yerdə qalmaq mənlik deyil. Nə pul davası etdim, nə başqa bir şey. Orada olduğum 5 ayın maaşını aldım, vəssalam. Mən Azərbaycana əziyyət çəkmək, söz götürmək, problem yaratmaq üçün getməmişdim. Məqsədim rahatlıq tapmaq və oynamaq idi. O da olmayandan sonra qalmağın nə mənası? Şans qazandığım 12 oyunda bacardığımın ən yaxşısını etdim, hansısa kobud səhvə yol verdiyimi düşünmürəm. Nə komandamı azlıqda qoydum, nə rəqibə penalti qazandırdım, nə də başqa nəsə. İnanmıram ki, Yevlaxda məni zəif futbolçu kimi xatırlasınlar.

-“Karvan”la hansısa problemin qalmayıb demək ki.

- Yox-yox, heç bir şey yoxdur. Maaşımı ödədilər, sənədimi də verdilər.

- Premyer Liqada 16 matçın yalnız 10-da şans qazanmışdın. Kölgədə qalmağının səbəbi nə idi?

- Bu sualın cavabı özümə də çox maraqlıdır. Hamı kimi məşq edir, hazırlaşırdım. Lakin bəzən adımı “11-lik”də görmürdüm. Hərdən özümə sual verirdim ki, “niyə məhz mən”? Halbuki hansısa kobud səhvə yol verdiyimi düşünmürəm. Ehtiyatda qalmağa layiq futbolçu olsaydım, başqa klub mənimlə maraqlanmazdı.

- Azərbaycan klubu?

- Əlbəttə.

- Hansı klub idi?

- Ad çəkməyim etik cəhətdən doğru olmaz. Səhv etmirəmsə, 8-ci turdan sonra idi. Bir nəfər telefonuma zəng edib “Karvan”dan aldığımı məvacibi və müqaviləmin müddətini soruşdu. İzah etdim ki, anlaşmamın müddəti mövsümün sonuna qədərdir və həmin vaxta qədər burada qalmaqda maraqlıyam. Söhbət elə oradaca bağlandı. Çünki məqsədim “Karvan”ın Premyer Liqada qalmasına yardım etmək idi.

- Bəlkə həmin klubdan yenidən əlaqə saxlayacaqlar?

- Bu il Azərbaycanda oynamaq istəmirəm. Bəlkə də nə vaxtsa mümkün olar. Yaya qədər İranda qalmağı planlaşdırmışam.

- Səbəbi nədir?

- Azərbaycanda yaşadıqlarımdan sonra bir müddət oradan uzaq qalmaq istəyirəm. Başqa səbəb yoxdur.

- Premyer Liqanın səviyyəsi necədir?

- Pis deyil. Süni meydanları yığışdırsalar, əla olar. Azərbaycan futbolunun ən böyük bəlası budur. İranın yüksək liqasında, hətta aşağı dəstədə belə, “süni” tapa bilmərsən. Mümkün deyil! Çünki icazə verilmir. 5-6 il əvvəl cəmi bir süni örtüklü meydan var idi, o da ictimai qınaqdan sonra təbii qazonla əvəzləndi.

- İran Pro Liqası ilə Azərbaycan Premyer Liqası arasında fərq böyükdür?

- Desəm ki, çox böyük fərq var, yalan olar. Çünki bir-birinə yaxın liqalardır. İranda “Traktorsazi”, “İstiqlal”, “Perspolis” kimi güclü komandalar varsa, Azərbaycanda “Qarabağ”, “Sabah”, “Zirə”, “Neftçi” var. Yeri gəlmişkən, “Neftçi”ni çox bəyəndim. Komandanın səviyyəsi və oyunu turnir cədvəlindəki mövqeyi ilə uzlaşmır. Açıq deyim, “Neftçi”ylə oyunda daha çox əziyyət çəkdim, nəinki “Qarabağ”la qarşılaşmada. Yadınızdadırsa, ilk dövrədə “Neftçi” ilə səfərdə bərabərə qalmışdıq. Döyüşdük, mübarizə apardıq, meydanda canımızı qoyduq, amma uduzmadıq. Oyundan sonra addım atmağa halım qalmamışdı. Bəlkə də “Qarabağ”ın oyununu oxumaq asandır deyə, adama rahat gəlir. Çünki top hansısa futbolçuda olanda onun nə edəcəyini təxmin edirsən.

- Bu, Azərbaycana ilk səfərin idi, yoxsa daha öncə səfər etmişdin?

- (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu