“Məni sevməsəydilər... Öz işimlə, dürüstlüyümlə bacardığımı etməyə çalışdım”

20 May 19:40 Müsahibə 196
“Məni sevməsəydilər... Öz işimlə, dürüstlüyümlə bacardığımı etməyə çalışdım”

“Sumqayıt”da Vaqif Cavadov dövrü başa çatdı.

Mövsümün gedişində Samir Abasovu əvəzləyən 35 yaşlı mütəxəssislə yollar mövsüm başa çatmamış ayrıldı.

“Kimyaçılar” Premyer Liqadakı yerini qorumasına baxmayaraq, Cavadovla müqavilənin vaxtından əvvəl pozulması ortaya müəyyən suallar çıxardı.

Səbəbkar Sportinfo.az-a müsahibədə qaranlıq məqamların hamısına bir-bir aydınlıq gətirdi.

(müsahibənin əvvəli bu linkdə - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/221444.html)

- Klub rəhbərliyində təmsil olunanların yerində olsaydız, Vaqif Cavadovu postunda saxlayardız?

- Çətin dönəmlərimiz oldu. Yadınızdadırsa, 10 oyunda qol vura və qələbə qazana bilmədik. O cür ağır dönəmdə klub rəhbərliyi mənə güvəndi, dəstək nümayiş etdirdi. Əl-ələ verib, bir-birimizə güvənib, komandanı çətin vəziyyətdən çıxararaq Premyer Liqada saxladıq. Nəinki vəziyyətdən çıxdıq, hətta “Kəpəz”i və “Turan Tovuz”u məğlub etdik, “Sabah”la 3:3 oynadıq. Son illərdə “Sumqayıt” “Sabah”la matçlarda belə nəticə əldə edə bilmirdi. Hətta 2 il bundan öncə “Sabah” 4 oyunda “Sumqayıt”ın qapısından 15, ya da 16 top keçirmişdi. Ancaq bu il tək “Sabah”a yox, digər komandalara da başağrısı olduq.

- Suala konkret cavab vermədiz.
- (davamı olacaq)

- Suala konkret cavab vermədiz.

- İndiki vəziyyətdə bəlkə mən də analoji qərarı qəbul edərdim. Yenə deyirəm, rəhbərlik bu cür qərar qəbul edibsə, hörmətlə yanaşıram. “Sumqayıt” mənə qapılarını açdı, məşqçi kimi yetişməyimdə kömək etdi, lazım olan hər cür şəraiti yaratdı, Premyer Liqada baş məşqçi işləmək imkanı yaratdı. Ona görə də kluba ancaq təşəkkür edə bilərəm. Rəhbərliyin dediyi kimi, bəlkə nə vaxtsa yenidən əsas komandanın baş məşqçisi ola bilərəm. Əsas odur klubdan pis ayrılmamışam.

- İşinizi davam etdirsəydiz, “Sumqayıt” növbəti mövsümdə hansı hədəf uğrunda mübarizə apara bilərdi?

- Avrokuboklara vəsiqə uğrunda oynamaq olardı.

- “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, “Neftçi” olan çempionatda?

- Ən azından hədəfimiz bu olacaqdı.

- Futbolçularla münasibətiniz necə idi?

- Məncə, yaxşı.

- Sevirdilər sizi?

- Onlardan soruşmaq lazımdır.

- 7 ay ərzində kimləri daha yaxından tanıdız?

- Həm futbolçuları, həm onların psixologiyasını, həm rəhbərliyi, həm baş məşqçiliyin bilmədiyim sirlərini. Çox şey öyrəndim. Gələcəkdə işimi daha da yaxşılaşdırmaq üçün böyük təcrübə oldu.

- Yaxın gələcəkdə hansısa Premyer Liqa klubu sizə dəvət göndərə bilər?

- Mən öz işimlə, dürüstlüyümlə bacardığımı etməyə çalışdım. Özünüz də görürdüz ki, “Sumqayıt” necə istəkli idi, necə futbol oynayırdı. Fikrimcə, yaxşı oyunlarımızın sayı çox oldu.

- Suala cavab?

- “Niyə də olmasın” deyə bilərəm.

- Üzləşdiyiniz münasibətdən sonra yenidən “Sumqayıt”da işləmək alınacaq? U-17-dən əsas komandaya qədər yüksəlmək, baş məşqçi postundan uzaqlaşdırılmaq və yenidən aşağıdan başlamaq.

- Aşağıdan başlamağa ehtiyac qalmayacaq. Bildiyiniz kimi, Pro kateqoriyasına hazırlaşıram. Ali kateqoriyaya sahib olmaq üçün ən pis halda əvəzedici komandada işləməlisən.

- Bir sual da verim, yekunlaşdıraq. Baş məşqçi postundan ayrılandan sonra xoşbəxtsiz, yoxsa üzgün?

- İçimdə xoşbəxtlik var. Bu yerdə rəhbərliyə bir daha təşəkkür etmək istəyirəm. Məncə, “Sumqayıt” Azərbaycan futbolunda ilk klubdur ki, rəhbərlik U-17-də məşqçilik edən birinə əsas komandaya qədər güvəndi, şans verdi. Futbol dili ilə desəm, öz yetirməsinə aşağı yaş qruplarından əsas komandaya qədər yüksəlməsinə şərait yaratdı. U-17-də başladım, U-19-da davam etdim, əvəzedici və sonda A komandada çalışdım. Məncə, ölkəmizdə belə bir klub və məşqçi olmayıb. “Sumqayıt”da akademiyanın qurulması və işlərin yüksək səviyyədə təşkil olunması yönündə ciddi işlər görülür. Bu, mənim üçün çox yaxşı təcrübə oldu. Allah qismət edər, yenidən Premyer Liqada baş məşqçi kimi çalışaram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti