
“Sumqayıt”da Vaqif Cavadov dövrü başa çatdı.
Mövsümün gedişində Samir Abasovu əvəzləyən 35 yaşlı mütəxəssislə yollar mövsüm başa çatmamış ayrıldı.
“Kimyaçılar” Premyer Liqadakı yerini qorumasına baxmayaraq, Cavadovla müqavilənin vaxtından əvvəl pozulması ortaya müəyyən suallar çıxardı.
Səbəbkar Sportinfo.az-a müsahibədə qaranlıq məqamların hamısına bir-bir aydınlıq gətirdi.
- Getdiz, yoxsa göndərildiz?
- Hər ikisi. Həm getdim, həm də göndərildim.
- Ayrılıq təşəbbüsü kimin tərəfindən oldu?
- Rəhbərlik qərar qəbul etdi, mən də buna hörmətlə yanaşdım. Peşəkar məşqçilik karyeramda ilk klub idi ki, mənə Premyer Liqada çalışmaq imkanı yaratdı. Klubun işçisi olaraq qəbul olunan qərara hörmətlə yanaşmağı özümə borc bildim.
- Siz “sükan arxasına” keçəndə “Sumqayıt” 9 oyunda 7 xal toplamaqla autsayderlər sırasında yer almışdı. Buna baxmayaraq, komanda elitadakı yerini qorudu. Maraqlıdır, göndərilməliyinizə səbəb nə göstərildi? Rəhbərliyi razı salmayan nə idi?
- Yəqin ki, 9-cu pilləyə düşməyimiz.
- Mövsümü 8-ci sırada bitirsəydiz, qalacaqdız?
- Fikrimcə, 8-ci pillə də “Sumqayıt” üçün qənaətbəxş nəticə sayılmamalıdır. Hətta 7-ci yer də.
- Belədirsə, müqavilə bağlananda qarşınıza hansı məqsəd qoyulmuşdu? Avrokuboklara vəsiqə qazanmaq?
- Mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq. Ən azından yaxşı nəticələr qazanmaq.
- Masanın üzərində 2,5 illik müqavilə sənədi dayanırdı. Uzun müddətli sözləşmədə hədəflə şərtləri nədən ibarət idi?
- Komandanı yenidən qurmaq, Sumqayıt futbolunu Premyer Liqada yüksək səviyyədə təmsil etmək, baxımlı futbol sərgiləmək, mövsümü üst pillələrdə başa vurmaq. Növbəti mövsümdən etibarən klubun yetirmələrinə daha çox şans verməklə onların inkişafına nail olmaq.
- Klubla aranızda FİFA müqaviləsi bağlanmışdı.
- Bəli-bəli.
- Təzminat tələb edəcəksiz?
- Xeyr.
- 28 oyunda 7 qələbə. Bu, Vaqif Cavadov üçün necə göstəricidir?
-- Qalsaydım və son 2 oyunu udsaydıq, yuxarı pillələrə yüksələ bilərdik. Nəticə baxımından danışırıqsa, həqiqətən çətin mövsüm idi. Əsas odur ki, “Sumqayıt” mənim əhbərliyim altında Premyer Liqanı tərk etmədi. Halbuki çempionatın əvvəlindən elitadan düşmək ehtimalı var idi.
- Mətbuat konfransında “bu komandanı mən qurmamışam” demişdiz. Elədirsə, sərəncamınızdakı futbolçulardan neçəsi planlarınıza daxil deyildi?
- İşimi davam etdirsəydim, yayda 10-12 futbolçu dəyişməliydi.
- Ola bilərmi ki, rəhbərlik bundan ehtiyatlanıb sizinlə yolları ayırmaq qərarına gəldi?
- Rəhbərliklə baş məşqçinin fikirləri üst-üstə düşmürsə, orda işləməyin mənası yoxdur.
- Klub rəhbərliyində təmsil olunanların yerində olsaydız, Vaqif Cavadovu postunda saxlayardız?
- Çətin dönəmlərimiz oldu. Yadınızdadırsa, 10 oyunda qol vura və qələbə qazana bilmədik. O cür ağır dönəmdə klub rəhbərliyi mənə güvəndi, dəstək nümayiş etdirdi. Əl-ələ verib, bir-birimizə güvənib, komandanı çətin vəziyyətdən çıxararaq Premyer Liqada saxladıq. Nəinki vəziyyətdən çıxdıq, hətta “Kəpəz”i və “Turan Tovuz”u məğlub etdik, “Sabah”la 3:3 oynadıq. Son illərdə “Sumqayıt” “Sabah”la matçlarda belə nəticə əldə edə bilmirdi. Hətta 2 il bundan öncə “Sabah” 4 oyunda “Sumqayıt”ın qapısından 15, ya da 16 top keçirmişdi. Ancaq bu il tək “Sabah”a yox, digər komandalara da başağrısı olduq.
- Suala konkret cavab vermədiz.
- (davamı olacaq)
HƏBİB