
Daniel Subotiç – Azərbaycana gəlib-getmiş ən yaxşı hücumçulardan biri, “Qəbələ” azarkeşlərinin sevimlisi.
Ucaboy hücumçu ayrı-ayrı vaxtlarda iki dəfə bölgə təmsilçisinin uğurları üçün tər töksə də,nə titul sevinci yaşadı, nə də Avropa Liqasının qrup mərhələsində oynadı.
Ünsiyyətcil olduğunu bildiyimdən, Subotiçlə müsahibənin geniş və maraqlı alınacağını gözləyirdim. Lakin bu dərəcədə yox.
(əvvəli ötən yazıda -https://www.sportinfo.az/idman_xeberleri/musahibe/221071.html)
Gedənlərdən biri də sən idin. Nə baş verdi ki?
Heç nə baş vermədi. Sadəcə bəzi futbolçulara daha yaxşı şərtlərlə təkliflər gəldiyi üçün “Qəbələ”dən ayrıldılar. Hətta Yuri Syomin də mövsüm başa çatan kimi getdi.
Heyət dağılmasaydı, qalacaqdın?
100 faiz. Çünki planlarımda “Qəbələ”dən ayrılmaq yox idi. Əksinə, daha yaxşı şeylərin olacağına ümid edirdim. Məni komandaya gətirən Syomin getdi, futbolçular başqa klublara üz tutdu. Və bir də baxdım ki, ətrafımda çox az adam qalıb. Tək qaldığımı anlamaq mənim üçün təhlükəli idi. Çünki sabah nə baş verəcəyini bilmirdim. Müqaviləni yeniləyərdim və təzə gələn baş məşqçi deyərdi ki, Subotiç yüksək ödənişlidir deyə, mənə lazım deyil. Qarışıq vəziyyət idi, ona görə də qalmağı məsləhət bilmədim. “Qəbələ” “Qarabağ” kimi deyildi axı. Qurban Qurbanova baxın, azı 10 ildir baş məşqçidir. Bu, əsl işdir, sistemdir.
Qurbanov 17 ildir “Qarabağ”dadır.
Vau. Nə danışırsız? İnanılmazdır, möhtəşəmdir. Şokdayam mən. Görün, nə qədər futbolçu gəlib-gedib. Ancaq baş məşqçi və sistem yerindədir. Struktur dəyişməz qalıb. Ona görə də illərdir uğur qazanırlar və qazanmaqda davam edəcəklər.
“Qarabağ”dan söz düşmüşkən, Avropadakı qürurumuz son bir neçə ildə vətəndaşı olduğun İsveçrənin “Sürix” və “Bazel” komandaları ilə qarşılaşıb. Rəqibin adının “Qarabağ” olduğunu biləndə, proqnozun necə olurdu? Yaxud təmsilçimiz haqda soruşanlara nə deyirdin?
“Qarabağ”ı İsveçrə klubları ilə eyni tutmaq olmaz. “Qarabağ”ın səviyyəsi çox yüksəkdir. “Sürix”lə oyindan əvvəl isveçrəli jurnalist Azərbaycanda oynadığımı bildiyi üçün mənə zəng etmişdi. Rəqib barədə məlumat istədi, proqnoz verməyimi xahiş etdi. Dedim, səmimi açıqlama istəyirsənsə, şansımız yox dərəcəsində azdır. Təəccübləndi, “niyə” sualını verdi. Bildirim ki, “Qarabağ” dediyin komanda hazır maşındır, 10 ildən çoxdur dayanmaq bilmir, böyük uğurlara imza atır. Hə, onu da dedim ki, bəlkə “Qarabağ”ın oyunu alınmasa, “Sürix” nəsə edə bilər. Ona görə də bu komanda haqda daim müsbət fikirlər səsləndirirəm. Çox möhtəşəm işlər görürlər.
“Qəbələ”ya qayıdaq. Sən 2014-cü ildə komandanı tərk edəndən 1 il sonra Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv ardıcıl iki mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bunu görəndə peşmanlıq hissi keçirmişdin? Ki, bilsəydim, qalardım.
Heç bir halda məyusluq yaşamamışdım. Əksinə, buna sevinmiş və əlaqəm olan insanları təbrik etmişdim. Bəlkə də Küveytdə uğursuz olsaydım, peşman olardım. Ancaq “Al Qadisia”da əla mövsüm keçirmişdim, çoxlu qollar vurmuşdum, Asia Çempionlar Liqasında iştirak etmişdim. Növbəti ili “Şerif”də keçirmişdim, orda da unudulmaz anlar yaşamışdım. Çempionluq, Çempionlar Liqası, çox sayda qollar. Ona görə də Azərbaycandan gedəndən sonra hər zaman “Qəbələ”nin adına sevinirdim.
Ölkəmizdə çıxış etdiyin dönəmdə, xüsusən də 13 qol vurduğun mövsümdə Azərbaycan klublarından səninlə maraqlanan, danışıq aparan olmuşdu?
Bir dəfə də olsun maraqlanan olmadı. Yadımdadır, bir dəfə qartdaşımla söhbət edirdim. Sual verdi ki, fantastik mövsüm keçirmisən və həmin liqada heç bir klub səninlə maraqlanmayıb?
“Niyə”sini bilirsən?
Təxminim budur ki, o dönəmdə “Qəbələ” büdcəsinə görə ən yaxşılardan idi və digər klublar hansı məbləğdə maaş aldığımızı bilirdi. Bəlkə də buna görə risk etmək istəmirdilər. “Qarabağ” bu addımı atmazdı. Çünki əsas rəqibi idik və Qurban Qurbanov buna getməzdi. “İnter”də qara günlər başlayırdı, “Bakı”da müəmmalar yaşanırdı. “Xəzər Lənkəran”la “Neftçi” addım ata bilərdi. Səhv etmirəmsə, “Neftçi”ylə agentim arasında müəyyən söhbət olmuşdu. Lakin bu da rəsmi müstəvidə deyildi.
Qazandığın pulun məbləğinə görə “Qəbələ” karyerandakı klubların arasında ilk “3-lüy”ə düşür?
“5-llik” deyərdim.
Söhbət bir il üçün təxminən yarım milyon dollardan gedir?
Yox, o qədər deyildi.
Məbləğ yadında qalmayıb?
Maaş və mükafatlarla birlikdə “Qəbələ”də ildə 300-350 min dollar qazanırdım. O dönəm üçün yaxşı pul idi.
“Qəbələ”nin hazırkı vəziyyətindən xəbərin var? İzləyirsən?
Bir neçə dəfə baxmışam. Ötən il Premyer Liqanı tərk etdiyini bilirdim. Bu il bir-iki dəfə baxmışdım, I Liqada 13-15 xal fərqi ilə ilk pillədə yer almışdı. İndi yəqin ki, elitaya qayıdışı bayram edirlər.
Məlum xəbəri eşidəndə təəccübləndin?
Çox pərişan olmuşdum. Çünki “Qəbələ”nin yeri həyatımda bir başqadır. Ordan ayrılsam da, hər zaman nəticələri izləmişəm, daha yaxşı olmasını arzulamışam. Onlara yaxşı olanda mənə də yaxşıdır, pis olanda mənə də pisdir. Ancaq inanırdım ki, I Liqada çıxış etmək müvəqqəti xarakter daşıyır. Heyətə baxıram, bəzi futbolçular hələ də ordadır – təcrübəli Məmmədov, o vaxt gənc müdafiəçi var idi, Musayev.
Asiflə Muradı deyirsən.
Bəli-bəli.
Keçmiş komanda yoldaşlarınla əlaqən qalıb?
Yalnız Ebesilyo ilə danışıram. Çox istərdim digərləri ilə də əlaqə yaradım, ancaq nömrələri yoxdur. Bəlkə bu müsahibədən sonra mümkün olar. Artıq elə yaşdayıq ki, bir-birimizlə ünsiyyət qurmağımız mütləqdir.
Səbuhi Səfiyarlını unutmuş olarsan.
Səbuhi indiyə qədər rastlaşdığım ən ideal insanlardan biridir. Mükəmməl insani keyfiyyətləri var. “Qəbələ”ni tərk etməyimə baxmayaraq, hər zaman mənimlə maraqlanırdı, soruşurdu. Ona görə də indiyə qədər dostluq edirik, zəngləşirik. O dönəmdə yerli futbolçular arasında ən yaxın dostum Nizami Hacıyev idi. Zarafatı sevən, mərd kişi kimi xatırlayıram onu.
HƏBİB / SPORTİNFO.AZ