“Bojoviç rəhbərlikdən Eminin transferini istəmişdi” – O, canlı yayımda necə pərt olub?

23 Yanvar 19:40 Müsahibə 2 851
“Bojoviç rəhbərlikdən Eminin transferini istəmişdi” – O, canlı yayımda necə pərt olub?

Azərbaycanı Rusiya mətbuatında təmsil edən təkcə illərdir “Matç TV”də tər tökən Elvin Kərimov deyil.

Artıq Anar İbrahimov da bu ölkədə yazıb-yaratmaqdadır.

Rusiyada doğulmasına, boya-başa çatmasına baxmayaraq, Anarın bir gözü Azərbaycan futbolundadır.

Gənc həmkarımızla söhbətdə iki ölkənin idman mətbuatı arasındakı fərqləri müəyyənləşdirməyə, Azərbaycan futbolunun Rusiyadan necə göründüyünu aydınlaşdırmağa, Rusiya mətbuatında Azərbaycan futboluna diqqətin nə dərəcədə olduğunu öyrənməyə çalışdıq.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/189398.html)

- İş necə tənzimlənir? Kontor şirkəti media ilə əlaqəni necə, hansı şərtlər altında qurur?

- Həmin şirkətlər media qurumları ilə reklam əməkdaşlığı edir. Məsələn, şikətin banneri saytda yerləşdirilir, yaxud müxtəlif oyunların əmsalları ilə bağlı elan verilir və bunun müqabilində ödəniş olunur.

- “Matç TV”dəki həmyerlimiz Elvin Kərimovla danışırsan, görüşürsən? Təcrübəsini səninlə bölüşür?

- Elvinlə çox yaxşı münasibətimiz var. Düzdür, çox məşğuldur, az qala hər gün şərhlərdə olur. Ancaq yenə də əlaqə qurmağa çalışırıq. Hətta 2019-cu ildə bir dəfə müştərək şərhimiz də olub.

- Hansı oyunu aparmısınız?

- İlya Rüstəmovu xatırlayırsınız yəqin. Vaxtilə səhv etmirəmsə “CBC Sport”da çalışıb. Hansısa oyunu şərh etmək üçün İlyadan xahiş etmişdim. O da mənə “Telesport”un “yutub” kanalında belə bir imkan yaratmışdı. Mənə Elvinlə birlikdə “İnter” – “Verona” qarşılaşmasını şərh etmək həvalə olunmuşdu. O vaxt 22 yaşım vardı.

- Necə alındı?

- Oyundan əvvəl Elvinə zəng vurub görüşmək istədiyimi bildirdim. Dedi, onsuz da şərhdə görüşəcəyik, nə gərək var? Ona həyəcanlı olduğumu, müəyyən məsləhətlər almaq istədiyimi bildirəndə, mənə sakitləşməyi, oyuna sakit yanaşmağı məsləhət gördü. Dedi, şərhə həddindən artıq köklənsən, “yana” bilərsən. Dediyi kimi edib hər şeyi qoydum kənara. Şənbə günü görüşüb getdik şərhə.

- Və..?

- Elvindən xahiş etdim ki, reportaja giriş sözü ilə mən başlayım, sağ olsun, imkan yaratdı. Təsəvvür et, oyunun təxminən 15-ci dəqiqəsidir, şərh gedir, Elvin də reportaja rəng qatmaq üçün hansısa hadisəni danışır. Və bu an Lukaku topu meydanın mərkəzindən götürüb rəqibin cərimə meydançasına doğru irəliləyir. Hücumun təhlükəli olduğunu düşünüb Elvinin sözünü kəsirəm və Lukaku topu itirir (gülür).

- Aha...

- Elvin dərhal mikrofonu söndürüb mənə acıqlanır ki, danışdığım yerdə sözümü kəsirsən, belə olmaz axı. Təxminən 6-7 saniyə məni danlayır və yenidən şərhə qayıdır. Açığı, o anda pərt oldum və özümü itirdim. Bu azmış kimi, həmin davranışıma görə sonradan Vasili Utkin kimi ünlü şərhçidən də irad eşitdim. Utkin hər adama irad bildirən adam deyil. Mənə edibsə, deməli, dəyər verir, inkişaf etməyimi istəyir.

- Rusiya mediasında Azərbaycan futboluna, Premyer Liqamıza maraq necədir?

- Maraq əvvəlki illərlə müqayisədə xeyli artıb. Buna qədər Rusiyada tanınan Emin Mahmudov, Ramil Şeydayev, Azər Əliyev, Murad Musayev kimi simalar Azərbaycana üz tutmuşdularsa, artıq Ayaz Quliyev, Reziuan Mirzov, Andrey Lunyov da oradadadır. Xüsusən Lunyovun “Qarabağ”da oynaması və avrokuboklarda çıxış etməsi mətbuatda Azərbaycan futbolu ilə bağlı xəbər sayını çoxaldır. “Neftçi”nin yayda Sankt-Peterburqdakı turnirdə iştirak etməsi, “Zenit”in “Neftçi”ylə yoldaşlıq görüşü üçün Bakıya yollanması, Kadi Borgesin “Qarabağ”dan “Krasnodar”a transfer olunması son 2-3 ildə Azərbaycan futbolunun Rusiyadakı nüfuzunu və reklamını kifayət qədər artırıb.

- Maraqlıdır, yuxarıda adlarını çəkdiklərimin karyerasını Azərbaycanda davam etdirmək həvəsinə düşməsi Rusiyada necə qarşılanmışdı?

- Emin Mahmudovla bağlı bir hadisəni danışım. Bilirsiniz, Mahmudov “Saturn”ın yetirməsidir. O dönəmdə Ramenskoe şəhərində bir neçə istedad yetişmişdi. Aleksandr Sapeta, Ruslan Naxuşov və Emin Mahmuov. 2011-ci ildə Emin “Spartak”a keçməmişdən əvvəl Moskva “Dinamo”sundan təklif almışdı. Həmin vaxt “Dinamo”nun baş məşqçisi kim olsa yaxşıdır?

- Kim?

- Miodraq Bojoviç. Məhz o, rəhbərlikdən Mahmudovun transferini istəmişdi. Lakin Emin “Spartak”la anlaşmışdı. Həyatın işinə bax ki, illər sonra onlara “Neftçi”də birlikdə işləmək nəsib oldu. Nə isə, mövzudan yayınmayım, Mahmudovun Rusiya karyerası müxtəlif səbəblərən tam istədiyi kimi alınmadığından, “Boavişta”ya keçdi. Sonra da Azərbaycan millisində oynamağa razılıq verdi. Həmin vaxt kimlərsə bu addıma görə ona qınayırdı. Ki, millini Bakıda ona təklif olunan mənzilə, avtomobilə görə seçib, Rusiyaya qayıtsa legioner hesab olunacaq-filan. Amma zaman göstərdi ki, Emin doğru addım atıb. Mahmudov vaxtilə böyük gələcək vəd etdiyindən, ona inam böyük idi. Və bu gün “Neftçi”nin kapitan sarğısını daşıması, sabit oynaması, İsveçə 50 metrdən qol vurması Rusiyada marağa səbəb olmaqdadır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti