“Eşitdim ki, klubdakı bəzi adamlar məni istəmir“ - Açdı sandığı, tökdü pambığı

8 Yanvar 2024 20:40 Müsahibə 3 726
“Eşitdim ki, klubdakı bəzi adamlar məni istəmir“ - Açdı sandığı, tökdü pambığı

Azərbaycana gəlib-getmiş unudulmaz legionerlərin arasında Ernad Skuliç də var.

2008-2012-ci illər aralığında “zolaqlılar”ın uğurları üçün tər tökən, bu Azərbaycan çempionu və ölkə kubokunun sahibi adını qazanan xorvatiyalı dayaq yarımmüdafiəçi həmin dönəmdə səviyyəli əcnəbilərdən hesab olunurdu.

Vaxtilə Azərbaycanda yaşayan, Premyer Liqamızda top qovan futbolçunun yaddaşı xatirələrlə zəngindir.

Skuliç Sportinfo.az-a verdiyi müsahibədə bir sıra maraqlı etiraflar edib.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/188267.html)

- Hansı məsələyə görə?

- Ölkə kubokunun finalında “Xəzər Lənkəran”ın qapısına vurduğum qol lənkəranlı fanatlar tərəfindən yaxşı qarşılanmamışdı. Bilirdim ki, orada mənə qarşı xoş olmayan münasibət var. Əslində, topu “Xəzər Lənkəran”a qaytarmaq istəmişdim, ancaq özüm də gözləmədən qapıdan keçmişdi. Həmin matçdan sonra qol böyük müzakirələrə yol açmışdı, söz-söhbətə səbəb olmuşdu. Eşitmişdim ki, klubdakı bəzi adamlar, xüsusən də azarkeşlər məni istəmir. Belədə, Lənkərana getməyin mənası yox idi. Amma Cüneyt Biçər keçidimdə israr edirdi.

- Madam ki, söz həmin qoldan düşüb, bir məsələyə aydınlıq gətirək. Deyirsiniz, məqsədiniz qol vurmaq deyildi, topu “Xəzər Lənkəran”a qaytarmaq istəyirdiniz. Bəs, qol qeydə alınandan sonra niyə topu öz qapınıza vurmadınız?

- Kamrana ötürdüyüm top qapıdan keçəndən sonra hamı çaşıb qalmışdı. Açığı, o an topu öz qapımıza vurmaq heç kimin ağlına gəlməmişdi. Yadınızdadırsa, qoldan sonra oyun bir neçə dəqiqə dayanmışdı. Qarşılaşmanın gərginliyi o qədər çox idi ki, adamın ağlına başqa heç nə gəlmirdi.

- Təcrübəli futbolçu kimi siz təklif edə bilərdiniz.

- Mənim də ağlıma gəlmədi o an. Sonra fikirləşdim ki, gərək edərdik. Digər tərəfdən, bu, təkcə mənim səhvim deyildi. Həmin epizodda Kamran da ciddi nöqsana yol vermişdi.

- Az qala meydanın mərkəzindən vurduğunuz həmin qolu karyeranızın ən vacib və baxımlı qolu hesab edirsiniz?

- Xeyr-xeyr. Əsla! Mən o qolu qol kimi hesab etmirəm heç. Düzdür, oyun 2:1 hesabı ilə başa çatdı. Yəni, digər qollar da vuruldu. Amma o anda topu “Xəzər Lənkəran”a qaytarmalıydıq.

- 2011-ci ilin yayında “Buduçnost”la oyunlar yadınızdadır?

- Əlbəttə. Bakıda 2:1 udduğumuz oyundan sonra səfərə getməliydik və əminəm ki, Monteneqroda da qələbə qazanıb mərhələni adlayacaqdıq. Lakin Joel Epallenin məlum qırmızı vərəqəsinə görə “Bakı”ya texniki məğlubiyyət verilmişdi və səfərə məğlub komanda kimi yollanmışdıq.

- Mərhələnin keçilməməsinə, fantastik məbləğdə mükafatın əldən çıxmasına görə Epalleni qınayırdınız?

- Bu məsələdə günah klubda çalışanların idi. Futbolçunun işi futbol oynamaqdır, ofisdə oturanların işi sənədlərlə məşğul olmaq. Epalleyə deyə bilməzdik ki, niyə illər öncə aldığın “qırmızı”nı yadında saxlamamısan? İnsandır, bəlkə də unudub. Məsələn, mən nə vaxtsa avrokuboklarda meydandan qovulsaydım, başqa kluba keçəndə bunu yadımda saxlayardım, klubdakılara deyərdim. Hamının yaddaşı eyni deyil axı.

- “Bakı”dakı ilk maaşınız yadındadır?

- Əlbəttə.

- Nə qədər idi?

- (gülür) Bu kimi məsələlər klubla futbolçu arasında danışılır və düşünürəm ki, sona qədər məxfi qalmalıdır. Ona görə də bu barədə nəsə demək istəmirəm.

- Azərbaycanda kimlərlə əlaqə saxlayırsınız?

- Yerli futbolçulardan Saşa Yunisoğlu ilə yazışıram. Mahir Emreli ilə də Xorvatiyada görüşürük.

- Sizdən sonra Azərbaycanda oynamış futbolçulardan kimlərisə şəxsən tanıyırsınız?

- “Simurq”da Stepan Polyak var idi, yəqin ki, xatırlayırsınız. O, indi rəhbərlik etdiyim akademiyada U-19 komandasını çalışdırır. Mənim dəvətimlə gəlib. “Neftçi”də Krşevan Santini var idi, qapıçı. Onunla da şəxsən tanışam, indi idman direktoru işləyir.

- Filip Ozobiç?

- Adını eşitmişəm. Uzun illərdir Azərbaycanda oynadığını, millidə çıxış etdiyini bilirəm. Amma şəxsi tanışlığımız yoxdur.

- Yekun olaraq nə demək istəyirsiniz?

- Azərbaycanda unudulmaz 4 ilimiz keçib. Buna görə üzərimizdə əziyyəti olan və hər imkanda bizə kömək edən insanlara təşəkkür etmək istəyirəm. O günlərimiz üçün çox darıxıram. Yaşımız indiki ilə müqayisədə az idi, futbol oynayırdıq, əylənirdik, səfərlərdə olurduq. İndiki həyat başqadır. Amma nə etməli, həyat belədir, dayanmır, gedir. Futbolçu karyeramda iki kubok qazanmışam, biri çempionluq, digəri ölkə kuboku və hər ikisi Azərbaycanda. Məni tanıyan hər kəsə salam göndərirəm. Sağlıq olsun, ən qısa zamanda Bakıya gedib dostlarla görüşəcəyəm.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA