“Neftçi”nin problemi məşqçi və futbolçularda deyil” – Gördüklərini bir-bir nəql etdi

14 İyul 2023 21:20 Müsahibə 4 191
“Neftçi”nin problemi məşqçi və futbolçularda deyil” – Gördüklərini bir-bir nəql etdi

“Neftçi”nin yollarını ayırdığı futbolçulardan biri Voislav Stankoviç oldu.

2019-cu ildən ağ-qara formanı geyinən, 2021-ci ildə Azərbaycan çempionu adını qazanan serbiyalının gedişi müəyyən mənada anlaşılmaz oldu.

Düzdü, yaşı 36-nı haqlamışdı, di gəl, təcrübəsinə görə “Neftçi”də qalıb ağsaqqalıq edəcəyini düşünənlər az deyildi.

Bakılılara lazım olmayacağı səbəbkarın özü üçün də gözlənilməz olub. O, Sportinfo.az-a müsahibəsində sərt açıqlamalarla yadda qalıb.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/175329.html)

- Hansı problem?

- Nə qədər ki, hər il dəyişikliklər edəcəklər, bu cür də davam edəcək. Klubda bir neçə ili əhatə edən sistem olmalıdır və müəyyən olunmuş sistem üzrə davam etməlidirlər. Bir neçə gün əvvəl “Neftçi”ylə oynayan “Srvena Zvezda”nı gördüz də. Klub rəhbərliyi illərdir böyük işlər görür və bu, nəticələrdə özünü göstərir. Ən vacib olan komandanın özəyini qorumaqdır. Və imkan daxilində hər il heyəti gücləndirmək. Gücləndirmək dediyim 5-10 nəfəri göndərib, bir o qədərini gətirmək deyil. Maksimum 3-4 dəyişiklik etmək olar.

- “Qarabağ” kimi?

- Bəli, eynilə “Qarabağ” kimi. Ağlıma “Srvena Zvezda” gəldi deyə, bu adı nümunə göstərdim. Bu söhbətdə “Qarabağ” ən doğru ünvandır. Bu komanda illərdir eyni sistemlə inkişaf edir. Əsas heyəti qoruyurlar, fasilə dönəmində ehtiyac olan mövqeləri gücləndirirlər. Qurban Qurbanovun komandadakı ilk illərini xatırlayırsınız? Neçə il çempion ola bilmədi? Lakin rəhbərlik baş məşqçiyə güvəndi, ona şans verdi, indi də nəticəsini görməkdə davam edir. “Neftçi” uğurlu nəticələr qazanmaq istəyirsə, bir neçə il eyni baş məşqçi və futbolçulara şans verməlidir. Hər il məşqçi dəyişməklə, heyəti yeniləməklə hədəfə çatmaq mümkün deyil.

- Komandanın ən təcrübəli futbolçusu idin, 4 il “Neftçi”də oynadın. Nə vaxtsa rəhbərlikdən bu barədə soruşmusan? Ki, niyə tez-tez dəyişikliklər yaşanır.

- Heç vaxt soruşmamısam. Soruşmağım etik cəhətdən düzgün olmazdı. Mən futbolçuyam, işim futbol oynamaqdır. Bu sualı versəm, “Futbolçusan, futbolunu oyna, sən kimsən bunu soruşursan” cavabını eşidə bilərdim. Nə vaxtsa baş məşqçi olsam, ya da klub funksioneri işləsəm, dediyiniz sualı verə bilərəm.

- “Neftçi” çempion olan ildə çox yaxşı heyətə malik idi. Lakin çox keçmədən aparıcı futbolçular kollektivi tərk etdi. Sabir Buqrin, Mamadu Kane, Yusuf Laval... Bu futbolçular niyə getdilər?

- Ona görə ki, rəhbərlik onları saxlamaq istəmədi. Bu gün mənim başıma gələni illər öncə onlar yaşamışdı. Heç kim mənimlə yeni anlaşma haqda danışmadı. Nə də zəng edib sağollaşmadı. Zubir, Bədavi, Qara, Medina niyə “Qarabağ”ı tərk etmir? Guya bu futbolçularla maraqlanan yoxdur? Var, həm də çox. Sadəcə, “Qarabağ” rəhbərliyi işini ehtiyatlı tutur. Başa düşürlər ki, müqavilə müddətinin başa çatmasına müəyyən vaxt qalmış futbolçu ilə danışmaq, ortaq məxrəcə gəlmək və yeni anlaşma əldə etmək lazımdır. “Neftçi”də belə deyil axı.

- Necədir ki?

- Buqrin, Kana, Laval kimi futbolçular komandanın aparıcı üzvləri idi. Onlarla vaxtında danışmaq, razılaşmaq lazım idi ki, getmək fikrinə düşməsinlər. Bu cür futbolçuları satdılar ki, bir az pul qazansınlar, yeni futbolçular alsınlar. Halbuki, qarşı tərəfdən aldıqları məbləğ elə də çox deyildi. Yenə deyirəm, güclü komanda qurub nəticə qazanmaq istəyirsənsə, hər kəsin haqq etdiyi pulu verib əsas heyəti qorumalısan. Zubirə bir neçə dəfə “Qarabağ”da qazandığından artıq maaş şərti ilə təkliflər olub. Ancaq “Qarabağ” buraxmayıb, lazım olan məbləği təklif edib. Futbolçu satmaq yaxşıdır. Ancaq baxır hansı qiymətə. Elə qiymətə satmalısan ki, satdığının yerinə ondan da güclüsünü gətirəsən, üstəlik, büdcədə pul qalsın. Belədə nəsə qazanmış olursan.

- “Neftçi” hədəfə çatmaq üçün kimi dəyişməlidir? Rəhbərliyi, məşqçiləri, yoxsa futbolçuları?

- (gülür) “Neftçi” onsuz da hər il məşqçini və futbolçuları dəyişir. Xeyri var? Nəsə dəyişib? Denək ki, problem məşqçi və futbolçularda deyil. Yəqin ki, sualınızın cavabı məlumdur. Samir Abasov 8 ildən sonra “Neftçi”ni çempion etdi və 1 ildən sonra onu göndərdilər. Niyə?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti