“Mənimlə kişi kimi vidalaşmadılar” - MÜSAHİB “od püskürdü”

12 İyul 2023 21:20 Müsahibə 3 295
“Mənimlə kişi kimi vidalaşmadılar” - MÜSAHİB “od püskürdü”

“Neftçi”nin yollarını ayırdığı futbolçulardan biri Voislav Stankoviç oldu.

2019-cu ildən ağ-qara formanı geyinən, 2021-ci ildə Azərbaycan çempionu adını qazanan serbiyalının gedişi müəyyən mənada anlaşılmaz oldu.

Düzdür, serbiyalı müdafiəçinin yaşı 36-nı haqlamışdı, di gəl, təcrübəsinə görə “Neftçi”də qalıb ağsaqqalıq edəcəyini düşünənlər az deyildi.

Bakılılara lazım olmayacağı səbəbkarın özü üçün də gözlənilməz olub. O, Sportinfo.az-a müsahibəsində sərt açıqlamalarla yadda qalıb.

- “Jelezniçar”la müqavilə bağlamısan. Təbrik edir, uğurlar arzulayırıq.

- Diqqətinizə görə təşəkkür edirəm.

- Sənin kimi təcrübəli futbolçular adətən adlı-sanlı komandalara üz tutur, ya da karyerasını başa vurur. Nə əcəb tarixində ilk dəfə yüksək liqada oynamaq şansı qazanan “Jelezniçar”ı seçdin?

- Əsasən oynamaq istəyimə görə bu addımı atdım. Daim meydanda olmaq istəyirəm. Və bura mənim üçün münasib yerdir. İstirahətə gəldiyim gündən “Jelezniçar”ın prezidenti və idman direktoru mənimlə mütəmadi əlaqə saxlayır, müqaviləyə imza atmaq üçün ofisə dəvət edirdilər. Demişdim ki, “Neftçi”ylə yeni anlaşma imzalamasam, mütləq sizinlə görüşəcəyəm. Özümə qarşı gördüyüm diqqətə görə məhz buranı seçdim. İddialı komanda yaratmaq istəyirlər. Ümid edirəm ki, təcrübəm hesabına “Jelezniçar”a fayda verəcəyəm.

- Azərbaycanda darıxırdın? Getmək vaxtı çatmışdı?

- Yox-yox. Fikrim yanlış anlaşıldı yəqin. Azərbaycanda sıxıcı olsaydı, həmin klubla danışıq aparmazdım. Mən və həyat yoldaşım Bakıda özümüzü kifayət qədər rahat hiss edirdik. Demək istəyirəm ki, o klubun təklif etdiyi maaş az idi deyə, nisbətən az əməkhaqqı müqabilində karyeramı Serbiyada davam etdirmək qərarını verdim. Karyeramın və həyatımın ən gözəl illərini Azərbaycanda keçirmişəm. Buna görə Azərbaycan xalqına və mənə güvənən insanlara təşəkkür etmək istəyirəm. Çox yaxşı xalqınız və möhtəşəm ölkəniz var. Azərbaycan ömrümün sonuna qədər xoş xatirələrlə yadımda qalacaq.

- “Neftçi”dən gedişin gözlənilməz oldu. Belə olacağını mövsümün sonuna yaxın hiss edirdin?

- Xeyr, qətiyyən. Hətta son günlərə qədər yeni anlaşma imzalayacağımızı düşünürdüm. Çempionatın sonuna yaxın baş məşqçimiz Laurentsiu Regekampfla söhbətimiz olmuşdu. O mənə açıq şəkildə demişdi ki, “Neftçi”də qalsam, səni mütləq komandada saxlayacağam, növbəti mövsümdə mənə lazımsan. Döyüşkənliyimi və peşəkarlığımı bəyənirdi. Onun gedişindən sonra mənim məsələm də bağlandı.

- Regekampf “Neftçi”yə lazım olmadı, bunu başa düşdük. Bəlkə yeni gələn məşqçi sənin xidmətinə ehtiyac duyacaqdı.

- Əlbəttə. Bəlkə də məni istəyəcəkdi. Ancaq yeni baş məşqçi varmı? Yoxdur. Baş məşqçi yoxdursa, ən azından rəhbərlik mənimlə danışmalıydı, yeni müqavilə bağlamalıydıq. Bir aydan çoxdur Serbiyaya gəlmişəm, bu günə kimi bir nəfər də olsun zəng etməyib. Nə prezident, nə də idman direktoru. Bir aydan çox gözlədim, gördüm xəbər yoxdur, “Jelezniçar”la anlaşdım. Bundan artıq gözləyə bilməzdim axı. Pisimə gələn bilirsiniz nədir?

- Nə?

- Mənimlə normal şəkildə vidalaşmamaları. Özümdə kifayət qədər güc və təcrübə hiss edirdim komandaya kömək etmək üçün. Və əminəm ki, “Neftçi”də qalsaydım, komandaya xeyrim dəyərdi. Ancaq bilmirəm mənə münasibətdə niyə belə davrandılar. Lap deyək ki, lazım olmadım, yaşım çox idi deyə istəmədilər. Amma bunu normal şəkildə demək olardı. Bir nəfər zəng vurub deyərdi ki, Stanko, hər şeyə görə çox sağ ol, sənin yerinə nisbətən cavan futbolçu gətirmək istəyirik. İnanın, bu, özümə də xoş olardı və anlayışla qarşılayardım. Mənimlə kişi kimi vidalaşmadılar. Uzun fasilədən sonra “Neftçi”ni çempion edən futbolçulardan biri oldum, 4 ildə 150-yə yaxın oyunda iştirak etdim. Bu cür münasibəti haqq etmirdim. Normal şəkildə sağollaşmaq olardı.

- Samir Abasovun gedişi, Laurentsiu Regekampfın gəlişi?

- Bəli. Abasov göndərildi, Regekampf gəldi, avrokuboklarda, çempionatda və ölkə kubokunda heç nə edə bilmədik. Abasov gedəndən sonra komanda başsız qalmışdı, müvəqqəti məşqçilərin rəhbərliyi altında hazırlaşırdıq. Regekampf gəldi, tələm-tələsik komanda yığdı, sonu məlumdur. Açığı, keçən yay vəziyyət indikinə nisbətən yaxşı idi. Yeni baş məşqçi iyunun sonlarında gəlmişdi və təxminən 1 ay vaxtımız olmuşdu. İndi Konfrans Liqasına iki həftə vaxt qalıb, baş məşqçi yoxdur. Bu durumda növbəti mövsümdə “Neftçi”dən yaxşı mənada nə gözləmək olar ki?

- Konfrans Liqasından nə gözləyək?

- Qrup mərhələsindən danışırıqsa, bu, çox çətin olacaq. Başqa nəsə deyə bilmərəm.

- Sənə elə gəlmir ki, ölkəmizin ən köklü klubu olan “Neftçi”nin yalnız adı qalıb.

- “Neftçi”də bir vacib problem var, bunu da hamı bilir. Siz də, mən də, azarkeşlər də.

- Hansı problem?

- (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti