Çempionatın başa çatmasına sayılı saatlar qalmış diqqət mərkəzində “Səbail”lə “Şamaxı”dır.
Son turlarda sonuncu olmamaq üçün amansız mübarizəyə girişən bu iki komanda hədəfə çatmaq üçün məsələyə mayın 27-də öz aralarındakı görüşdə aydınlıq gətirəcək.
Məlum qarşılaşmadan öncə “Şamaxı”nın baş məşqçisi Cavid Hüseynovla (Pro kateqoriyası olmadığı üçün rəsmi sənədlərdə baş məşqçi kimi Vüqar Əsgərlinin adı yazılır – H.) müsahibə yerinə düşdü.
Gənc çalışdırıcı ilə mövsümün əvvəlindən sonuna qədər yığılıb qalan bir sıra suallara aydınlıq gətirdik.
(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/171489.html)
- Qışda əsas rəqibləriniz heyətini legionerlərlə gücləndirdiyi halda, “Şamaxı” yenə gənclərin ümidinə qaldı. Sizə elə gəlmir ki, bu mənada digərlərindən geri qaldız?
- Bu, həqiqətən belədir. Bilirdik ki, bütün klublar heyətini gücləndirəcək. Yerli, yaxud əcnəbi – fərq etmir. Onsuz da təcrübəli futbolçularımızın sayı azdır. Belə olduğu halda Adil Nağıyevi itirməyimiz işimizi bir az da çətinləşdirdi. Adil komandanın sisteminə uyğun futbolçu idi, oyun planını mənimsəmişdi. Ondan həm müdafiədə, həm də hücumlar zamanı faydalanırdıq. Təəssüf ki, onu saxlaya bilmədik.
- Əvəzində heyətə üç futbolçu qata bildiz.
- Bəli. Emin Zamanov, Əli Səmədov və Zahid Mərdanov. Öz komandasında oynamayan və ya az oynayan futbolçularla bağlı qış fasiləsində bəzi klublara müraciət etmişdik. Aldığımız cavab “Onlar bizə lazımdır” olmuşdu. Ona görə də yalnız iki futbolçu ilə güclənə bildik.
- Yayda çempionata legionersiz başlamaqla bağlı verdiyiniz qərarın peşmanlığını çəkirsiz?
- Xeyr, qətiyyən! Hansısa peşmanlıqdan söhbət gedə bilməz. Əksinə, bəzən futbolçulara deyirəm ki, sizinlə işləmək mənə xoşdur. Onların hər biri mənim qardaşım, doğmamdır. Çünki, onların indi getdiyi yolu vaxtilə mən də keçmişəm və müəyyən səhvlərə yol vermişəm. Səhvlərim olmasaydı, hələ də futbol oynayırdım. Rahat 36-37 yaşa qədər top dalınca qaçardım. Azərbaycan mentalitetində və reallığında səhvlər qaçılmazdır. İndi onlara başa salıram ki, mən və mənim kimi futbolçuların buraxdığı səhvləri təkrarlamağınızı istəmərəm. Mən azərbaycanlı futbolçuların şans qazanmasından, Premyer Liqada təcrübə toplamasında, futbolçu və şəxsiyyət kimi yetişməsindən həzz alıram. Ona görə də legionerlərin olmamasına görə qəti peşman deyiləm.
- “Şamaxı” Premyer Liqanın ən az büdcəli, ya da ən az pul xərcləyən klubudur. Bu məqamın hazırda sonuncu pillədə qərarlaşmağınızda nə dərəcədə rolu var?
- Razıyam, sponsorlarımız olsaydı daha da yaxşı olardı. Ancaq sonuncu sırada yer almağımızı sırf büdcəmizin az olması ilə əlaqələndirə bilmərəm. Strategiyamız bəllidir – yerli və gənc futbolçulara şans vermək, onların inkişafına nail olmaq. Yəni, büdcə artıq olsaydı belə, biz yenə bu futbolçulara şans verəcəkdik, onları oynadacaqdıq. Büdcənin bir az artıq olması başqa məqamlara görə xoş ola bilərdi. Bu o demək deyil ki, heyətə yüksək ödənişli yerli və əcnəbi futbolçuları qatacaqdıq.
- Axı nəticə qazanmaq üçün pul vacibdir.
- Vacibdir, baxır hansı formatda. Bu gün qarşımızda avrokuboklara qatılmaq, medal qazanmaq, titula sahib olmaq hədəfi dayanmır. Hədəf, dediyim kimi, ölkə futboluna azərbaycanlı futbolçuları qazandırmaqdır. Bunu çox pul xərcləmədən də etmək mümkündür. O ki qaldı sonuncu pillə məsələsinə, bu gün orada yer almağımızın başlıca səbəbi təcrübəsizlikdir. “Neftçi”ylə Şamaxıda oyunda 100 faizlik 7 epizoddan heç birini qola çevirə bilmədik. Nəticədə rəqib istədiyi qolu vurdu. Bunun bir adı var – təcrübəsizlik.
- “Şamaxı”nı 9-cu pillədəki “Səbail”dən cəmi 1 xal ayırır. İtirilən xalları göz önünə gətirəndə, hansı oyuna görə başınızı tutursuz?
- Belə oyunlarımızn sayı çoxdur. “Neftçi”ni qeyd etdim. “Qarabağ”la evdəki oyunu deyə bilərəm. İlk dəqiqələrdə Amil Yunanov rəqib qapıçı ilə üzbəüz qalandan sonra top Bahadur Həziyevin qarşısına düşmüşdü və qapıçı mövqeyini itirmişdi. Boş qapıya düşə bilmədik. Və yenə 0:1 hesabı ilə uduzduq. Halbuki, həmin 1 xal bizə hava-su kimi lazım idi. “Sumqayıt”la ev və səfər matçlarımıza görə də heyfslənirik.
- O zaman sualı belə qoyum. “Şamaxı” elitanı tərk etsə, Birinci Divizionda işləyəcəksiz?
- Az öncə verdiyim cavabda demək istədiyim də elə bu idi. Yəni, sabah nə olacağını, hansı vəziyyət yaranacağını, həmin anda mənim nə düşünəcəyimi heç kim bilmir. Hətta mən özüm də. Bəzən hadisələrin axarı insanı fikrindən daşındırır və ya fərqli qərar verməyə məcbur edir. Hər şey düşdüyün situasiyadan və həmin anda hansı durumda olmağından asılıdır. Nədəncə içimdə elə bir hiss var ki, “Şamaxı” Premyer Liqada qalacaq. Klub və komanda olaraq buna köklənmişik və bunun baş verəcəyinə inanırıq. İndiyə qədər Birinci Divizion haqda düşünməmişəm.
- “Şamaxı” Premyer Liqada qalsa və ya elitada başqa klubun başına keçsəz, yenə ikili məşqçi sistemində çalışmalı olacaqsız. Çünki hələ də A və Pro kateqoriyalarına sahib deyilsiz. Narahat deyilsiz?
- Xeyr, heç bir narahatlıq yoxdur.
- Bəs, bu haqda nə düşünürsüz?
- Pro lisenziyasından əvvəl “A”ya sahib olmalıyam. Bunun üçün zaman lazımdır. Premyer Liqada çalışmaq üçün A kateqroiyası da kifayət edir. Sentyabrda A kurslarına start veriləcək. İnşallah, kurslara qatılmağı düşünürəm.
HƏBİB / SPORTİNFO.AZ