“Bütün çətinlikləri bilə-bilə yükün altına girdim” -Səmimi adamla səmimi söhbət

25 May 2023 20:00 Müsahibə 931
“Bütün çətinlikləri bilə-bilə yükün altına girdim” -Səmimi adamla səmimi söhbət

Çempionatın başa çatmasına sayılı saatlar qalmış diqqət mərkəzində “Səbail”lə “Şamaxı”dır.

Son turlarda sonuncu olmamaq üçün amansız mübarizəyə girişən bu iki komanda hədəfə çatmaq üçün məsələyə mayın 27-də öz aralarındakı görüşdə aydınlıq gətirəcək.

Məlum qarşılaşmadan öncə “Şamaxı”nın baş məşqçisi Cavid Hüseynovla (Pro kateqoriyası olmadığı üçün rəsmi sənədlərdə baş məşqçi kimi Vüqar Əsgərlinin adı yazılır – H.) müsahibə yerinə düşdü.

Gənc çalışdırıcı ilə mövsümün əvvəlindən sonuna qədər yığılıb qalan bir sıra suallara aydınlıq gətirdik.

- “Ölüm-qalım” oyunundan əvvəl komandada ab-hava necədir?

- Elitada qalmaq uğrunda mübarizə apardığımızı nəzərə alsaq, son 2 görüşün bizim üçün nə dərəcədə ağır olduğu öncədən bəlli idi. “Qəbələ” ilə oyunda məqsədimiz qalib gəlmək idi. Sırf 3 xala köklənmişdik. Təəssüf ki, istəyimizə çata bilmədik. “Qəbələ” ilə matçda qələbə qazana bilməsək də, komandada atmosfer yaxşıdır. Hamı bir nəfər kimi “Səbail”lə final qarşılaşmasına hazırlaşır.

- Səfərdə oynadığınızı, “Səbail”in doğma meydanda xoş təsir bağışladığını nəzərə alsaq, sizcə, qələbəyə hansı komanda daha yaxındır?

- Rəqib bizdən 1 xal öndədir. Bu isə o deməkdir ki, onlara 1 xal da bəs edir. Biz isə istəyimizə çatmaq üçün nəyin bahasına olur-olsun qələbə qazanmalıyıq. Şansları bərabər hesab edirəm. Özünüz də bilirsiz ki, bu cür oyunlarda favorit olmur. Qol imkanlarını dəyərləndirən, daha az səhv edən və psixoloji baxımdan daha hazır olan komanda qalib gəlir.

- Komandanız “Qəbələ” ilə qarşılaşanda “Səbail” səfərdə “Turan Tovuz”un qonağı idi. Oyunun gedişində ətrafınızdakılardan Tovuzdakı hesabı neçə dəfə soruşduğunuzu xatırlayırsız?

- Oyunun əvvəlində məşqçilər heyətinə tapşırmışdım ki, “Səbail”in hesabı haqda heç kimə heç nə deyilməsin. Heç öz aramızda da danışmamalıydıq. Fasilədə “Turan Tovuz”un 1:0 hesabı ilə öndə olduğunu eşitdim. Bir də hakimin final fitinə dəqiqələr qalmış dedilər ki, “Səbail” hesabı 2:2 edib. Sırf öz oyunumuzun “içindəydim” deyə, açığı, digər matçın hesabına fikir vermirdim. Çünki, biz qalib gələcəyimiz halda şansımız xeyli artacaqdı.

- “Səbail”in 0:2-ni 2:2-yə çevirəcəyini ağlınızdan keçirirdiz?

- Son turlarda elə mübarizə izləyirik ki, istənilən hesab qeydə alına bilir. “Səbail” qol vurmağı bacaran komandadır. Ona görə də hakimin final fitinə qədər çox şeyin başa verə biləcəyini təxmin edirdim. Və gümanımda yanılmadım.

- Şahin Diniyev diplomatik cavablarla bir neçə dəfə bu sualdan yayınıb. Sizdən səmimi cavab alacağıma inanıram. Premyer Liqada qalmağı “Səbail” haqq edir, yoxsa “Şamaxı”?

- Bu suala birmənalı cavab vermək çətindir. Onu deyə bilərəm ki, bütün hallarda Azərbaycan futbolunun gələcəyini düşünməliyik. Səmimi danışsaq, çempionatdan əvvəl “Şamaxı”nın bu heyətlə bu cür futbol oynayıb, son tura qədər çempionata rəng qatacağını heç kim gözləmirdi. İstər mənim çevrəmdəkilər olsun, istər futbol mütəxəssisləri, istərsə də jurnalistlər. Bizi ağır iş gözləyirdi və bütün çətinlikləri bilə-bilə yükün altına girdim.

- Başlanğıcda məşqçilik karyeranızı risk altına atdız.

- Təbii ki. Futbolçu karyeramda az-çox adımdan söz etdirməyi bacarmışdım. Legioner həyatı yaşamışdım, milli komandalarda oynamışdım, Azərbaycanda iddialı komandaların şərəfini qorumuşdum. Məşqçilik karyerama Region Liqasında başlamağıma baxmayaraq, orada da debüt mövsümündə qalib adını qazandıq. Bütün bunlardan sonra səhvə yol verməmək, imicimi xərcləməmək üçün diqqətli olmalıydım. Düşündüm, götür-qoy etdim, rəhbərliklə bir neçə dəfə görüşəndən sonra qərarımı verdim. Deməyim odur ki, məşqçi kimi Premyer Liqada debüt etməyimə, komandanın gənc futbolçulardan qurulmasına, üstəlik, bəzi çətinliklərə baxmayaraq, “Şamaxı” adından söz etdirməyi bacardı, qapazaltı statusunu yaxına buraxmadı. Hətta ikinci dövrədə 7-ci pilləyə qədər yüksəlmişdik, 6-cı sıradakı “Turan Tovuz”la aramızda 1 xal fərq var idi. Bütün bunları nəzərə alsaq, “Şamaxı”nın elita çıxış etməsi ölkə futbolu adına xoş haldır.

- Sualıma konkret cavab vermədiz.

- Dediyim kimi, suala konkret cavab vermək çətindir. “Şamaxı” ilə bağlı düşüncələrimi bildirdim, “Səbail”lə bağlı deyəcəklərim qaldı.

- Buyurun...

- “Səbail” yaxşı şəraitə və kluba diqqət göstərən sponsora sahibdir. Baza, stadion, uşaq komandaları, maliyyə - bunlar çox vacibdir. Deyək ki, “Səbail” elitanı tərk etdi və sponsorunu itirdi. “Səbail”in yerinə gələcək komanda AFFA-nın ayırdığı vəsaitlə “dolanmaq” məcburiyyətində qalacaq. Heç bir klub 7-8 milyon manat ayıran sponsorla gəlmir. Amma “Səbail”in hazır sponsoru var və onu itirmək olmaz. Qısası, hər iki klub və komandanın Premyer Liqada olması xoş haldır və bunu haqq edir.

- Qışda əsas rəqibləriniz heyətini legionerlərlə gücləndirdiyi halda, “Şamaxı” yenə gənclərin ümidinə qaldı. Sizə elə gəlmir ki, bu mənada digərlərindən geri qaldız?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti