“Neftçi”nin baş məşqçisi Rövşən Nəcəfin 5 illik planını açıb dedi – ŞOK!

3 Mart 2023 20:40 Müsahibə 1 744
“Neftçi”nin baş məşqçisi Rövşən Nəcəfin 5 illik planını açıb dedi – ŞOK!

“Neftçi”nin baş məşqçisi sirləri “Sportinfo”ya açdı: “Qarabağ”ı dayandırmaq üçün çalışırıq”

Yayda Samir Abasovun gedişindən sonra “ağ-qaralar”da əsas söz sahibi olmağa razılıq verən Laurentsiu Regekampf 8 aydır ölkəmizdə çalışır.

Vaxtilə “Styaua”nı ölkə çempionu edən, bu komandanı Çempionlar Liqasının qrup mərhələsinə daşıyan, Avropa Liqasında 1/16 final mərhələsinə yüksəldən, bura gələnə qədər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində iş təcrübəsi olan rumın çalışdırıcının Azərbaycandakı işi hələ ki, istədiyi kimi getmir.

Komandası turnir cədvəlinin üçüncü pilləsində yer almaqla çempionluqdan uzaq düşüb, gümüş medalları boyundan asmaq isə sual altındadır. Regenin adının eks həyat yoldaşı, məşhur rumıniyalı agent Anamariya Prodanla qalmaqallarda hallanması da zaman-zaman müzakirələrə yol açıb.

Laurentsiu ilə müsahibədə məqsəd təkcə “Neftçi”dəki və ölkəmizdəki durumu ilə yox, həm də şəxsi həyatı ilə bağlı suallara cavab tapmaq idi ki, təcrübəli çalışdırıcının bütün məqamlara aydınlıq gətirəcəyinə söz verməsi yerinə düşdü.

Beləliklə, “Neftçi”nin rumın çalışdırıcısı ilə müsahibənin ikinci hissəsini təqdim edirik.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/164396.html)

- Oyunlara ayrı-ayrılıqda toxunmayaq. “Sabah”a məğlubiyyətlərin ümumi səbəbini araşdıraq.

- Komanda olaraq “Sabah”ı “Qarabağ” qədər ciddiyə almırdıq. Başlıca problem bu idi. Başımıza gələnlərdən sonra futbolçularla söhbət etdim və başa saldım ki, “Sabah” çox güclənib, onlarla oyunlarda son dərəcədə ciddi və diqqətli olmalıyıq. Keçmişdə olanları dəyişə bilmərik. Səhvlərimizdən nəticə çıxarıb, bundan sonraya boylanmalıyıq. Çempionatın sonuna qədər bizi “Sabah”la sonuncu görüş gözləyir. Bu oyunun ikinci pilləni ələ keçirmək baxımından vacib olacağını düşünürəm.

- Hakimlərə etiraz edirsiz, bəzən mətbuat konfranslarında onlarla bağlı danışırsız. Onların işindən narazısız?

- Mətbuat konfranslarından hakimlər haqda cəmi bir dəfə danışmışam, o da “Qarabağ”la oyundan sonra. Hakim oyunu tez-tez dayandırırdı və matçda fasilələr yaranırdı. Mən də buna etiraz olaraq fikirlərimi dilə gətirmişdim. Ümumiyyətlə, hakimlərin işinə müdaxilə etməyin tərəfdarı deyiləm. Bəzən əsəbiləşirik, hansısa qərara etiraz edirik, amma sonradan epizodun təkrarına baxanda hakimin doğru qərar verdiyini görürük. Hətta onlar səhv edəndə belə, anlayışla qarşılamalı olduğumuzu düşünürük. Ola bilsin həmin epizodu o cür görüblər, yaxud dəqiq görə bilməyiblər.

- “Neftçi”nin cari mövsümü çempion qismində başa vuracağı inandırıcı deyil. Mütləq ki, ümidinizi Azərbaycan kubokuna dikmisiz. Kuboku qazanmasaz, nə edəcəksiz?

- Bu haqda indi nəsə deyə bilmərəm. Hadisələrin sonrakı axarı göstərəcək. Tam təbii olaraq bu haqda qərarı klub prezidenti verəcək. Necə desələr, elə də olacaq.

- Prezidentin qərarı öz yerində. Çempion ola bilməsəz, kuboku da götürməsəz, nə edəcəksiz?

- Mənfi aurada olmağı sevmirəm. Hər zaman müsbətə köklənirəm. Hər kəs öz işini peşəkar şəkildə yerinə yetirsə, istəyimizə çatacağıq. Futbolda hər şey mümkündür. Sabah nə olacağını deyə bilmərik. Ancaq mən yalnız pozitiv haqda fikirləşirəm.

- Deyək ki, kuboku qazandız, xoşbəxtsiz, “Neftçi”dəki işinizə davam edirsiz. Yaydakı avrokubok mövsümü üçün hədəfiniz nə olacaq?

- Bildiyiniz kimi, kluba yeni rəhbər gəlib. Yeniliklər yaşanır və yaşanacaq. Yeniliklərdən biri və ən vacibi qarşıdakı 5 il üçün nəzərdə tutulan plandır.

- Həmin plana nələr daxildir?

- “Neftçi” bu müddətdə çempion olmalı və hər il avrokubokların qrup mərhələsində iştirak etməlidir. Şəxsən layihəni çox bəyəndim. İrəliyə doğru birdən-birə 5 addım atıb geridə qalan 4 addımı itirəcəksənsə, uğur davamlı olmayacaq. Uğur istəyiriksə, buna pillə-pillə nail olmalıyıq. İlk növbədə akademiya ürəkaçan olmalıdır. Komanda öz bazasında məskunlaşmalıdır. Əsas komandanın qarşısına birdən-birə çempionluq hədəfi qoymaqla məqsədyönlü inkişafa nail olmaq mümkün deyil. Uğur istəyiriksə, klub halında inkişaf etməliyik. İdarəetmə, akademiya, təşkilatçılıq, əsas və əvəzedici komanda – bunlar bağ halında olmalıdır.

- 5 illik inkişaf planının tərkibində siz də varsız?

- Mən özümü bu layihənin içində görürəm və bunun üçün təcrübəmin olduğunu düşünürəm. Hər zaman inkişaf haqda düşünən adamam. Əlimdə olanla kifayətlənmirəm, getdikcə irəli boylanıram. Gözləyək, görək nə olacaq.

- Söhbətin məğzi dəyişdi, Avropa Konfrans Liqasındakı hədəfinizlə bağlı sualı cavablandırmadız. Qrup mərhələsi?

- Əlbəttə, qrup mərhələsinə vəsiqə qazanmaq hər birimizin istəyidir və bu, “Neftçi” üçün çox vacibdir. Ancaq bunu dildə deməkdən çox əməldə etməliyik. Qrup mərhələsini düşünürüksə, yeni futbolçular gəlməlidir, bəzi mövqelər güclənməlidir.

- Emin Mahmudovun klubla müqaviləsinin müddəti yayda başa çatır və hələ də yeni anlaşmaya qol çəkməyib. Özü ilə danışmısız?

- Bəli, bu barədə söhbətimiz olub.

- Nə deyir? Nə düşünür?

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti